Oktyabrın 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm Tarixi İnstitutunun (ETİ) kollektivi tərəfindən nəşr olunan "Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik" kitabının təqdimat mərasimi keçirilib.
Vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik" layihəsi çərçivəsində işıq üzü görüb. Layihənin rəhbəri, ETİ-nin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir. Kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Ön söz" yazıb.
Tədbiri akademik İsa Həbibbəyli açaraq bu gün ölkəmizdə uğurla həyata keçirilən müstəqil dövlətçilik siyasətinin konseptual əsaslarını ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan azərbaycançılıq ideologiyasının təşkil etdiyini deyib. Qeyd edib ki, azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqları və dövlətçilik mənafeyi əks olunub. Akademik azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan digər etnik qrupları da öz ətrafında birləşdirdiyini və bu səbəbdən mühüm tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
2001-ci ildə ümummilli liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyini xatırladan İ.Həbibbəyli bu gün Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideologiyasının müasir dövrün reallıqları ilə daha da zənginləşdirilərək inkişaf etdirildiyini vurğulayıb.
Hazırda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin qarşısında mühüm vəzifələrin dayandığını deyən alim kitabın nəşrini yüksək qiymətləndirib. O, azərbaycançılıq ideologiyasının tarixi, fəlsəfi, estetik baxımdan öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonra Məryəm Seyidbəyli çıxış edərək kitabda ulu öndərin azərbaycançılıq ideologiyasının nəzəri və əməli inkişafındakı rolunun, həmçinin Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində azərbaycançılığın inkişafı və digər məsələlərin də öz əksini tapdığını bildirib. Qeyd edib ki, azərbaycançılıq ideologiyasının və multikultural dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti də nəşrdə geniş işıqlandırılıb.
Bundan əlavə, vəsaitdə Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyinin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının tarixi, mənəvi-mədəni köklərinin araşdırıldığını da diqqətə çatdırıb.
Tədbirdə, həmçinin İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və digərləri çıxış edərək azərbaycançılığın tarixi, siyasi əhəmiyyətindən danışıb, nəşrin çapını yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.