Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.10.2019 16:35
  • A-
  • A
  • A+

Görkəmli alim Vasim Məmmədəliyev son mənzilə yola salınıb

Görkəmli alim Vasim Məmmədəliyev son mənzilə yola salınıb

Oktyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) bu ali müəssisənin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri BDU-nun binasına gələrək görkəmli alimə son borclarını verirdilər.

Vida mərasimində çıxış edən BDU-nun rektoru, f.ü.f.d. Elçin Babayev deyib ki, bu gün Azərbaycan elmi, təhsili, ziyalı təbəqəsi üçün çox ağır gündür. Hamının yaxşı tanıdığı, hörmət bəslədiyi, sevdiyi Vasim Məmmədəliyevlə vidalaşırıq. Bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr etmiş böyük alim Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından idi.

Rektor vurğulayıb ki, V.Məmmədəliyevin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. O, 1979-cu ildən universitetin Ərəb filologiyası kafedrasının professoru olub. 1981-1991-ci illərdə Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə isə humanitar fakültələr üzrə prorektor vəzifəsində çalışıb. Görkəmli alim 1991-ci ildən BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı idi. 

E.Babayev qeyd edib ki, şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Akademik Vasim Məmmədəliyev həm də görkəmli islamşünas alim idi. O, 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib. 

Diqqətə çatdırılıb ki, akademik V.Məmmədəliyev BDU-nun Şərqşünaslıq fakültəsində ibri (yəhudi) dili şöbəsinin açılmasında və inkişafında mühüm rol oynayıb. Respublikamızda ilk dəfə ibri dilinin ərəb dili ilə müqayisəli şəkildə öyrənilməsi məhz onun və yetişdirmələrinin adı ilə bağlıdır. Bu isə öz növbəsində Azərbaycanda samişünaslığın təşəkkülünə, xüsusilə sami dillərinin müqayisəli qrammatikasının öyrənilməsinə təkan verib.

Vida mərasimində universitetin Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycan elminə dəyərli töhfələr vermiş Vasim Məmmədəliyevin alim, pedaqoq adını hər zaman uca tutduğunu deyiblər. Qeyd olunub ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Vasim Məmmədəliyev ölkəmizin ictimai-siyasi həyatında, elmi pedaqoji mühitində fəallığı ilə seçilib. Gənc kadrların yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Vasim müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib, elmlə təhsilin vəhdətini yaradıb.

Görkəmli alimin sadəliyini, insani xüsusiyyətlərini vurğulayan natiqlər onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildiriblər.

Sonda mərhumun ailəsi adından çıxış edən qardaşı Vamiq Məmmədəliyev vida mərasimində iştirak edənlərə təşəkkür edib.

Akademik Vasim Məmmədəliyev ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: