“Qlobal iqlim dəyişkənliyi şəraitində su balansı elementlərinin və iqlim göstəricilərinin Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsiri” mövzusunda elmi‑tədqiqat layihəsinin icrası ilə əlaqədar “Xəzər dənizi coğrafiyası” laboratoriyasının müdiri, c.e.d. Səid Səfərov, laboratoriyanın kiçik elmi işçisi, doktorant Vüsalə Rəzulzadə, “Beynəlxalq əməkdaşlıq” sektorunun müdiri, c.ü.f.d. Elnur Səfərov və “Data və Analitika” ofisinin baş mütəxəssisi Nazim Gəraylı 2026‑cı il 22 iyul – 11 avqust dövründə Astara, Lənkəran və Masallı rayonları ərazisində çöl tədqiqatları aparıblar.
Müəyyən edilib ki, mart ayının sonlarından başlayaraq intensiv yağıntılar nəticəsində dənizin səviyyəsində mövsümi artım qeydə alınmış, lakin iyul ayının ikinci yarısından etibarən səviyyənin tədricən enməsi müşahidə olunmuşdur. Layihə çərçivəsində dəniz səviyyəsinin hazırkı durumu və 1995‑ci ildə qeydə alınmış maksimum səviyyədən bu günədək sahil xəttinin müxtəlif ərazilərdə nə qədər geri çəkildiyini müəyyənləşdirmək məqsədilə müvəqqəti olaraq kənar təşkilatdan yüksək ayırdetmə qabiliyyətinə malik P8/P8 Pro Portable RTK Receiver (Toknav), PCR300 Data Controller GPS cihazı 1 günlük icarəyə götürülmüşdür. Cihazın üfüqi ölçmələr üzrə dəqiqliyi 0,8 sm, şaquli ölçmələr üzrə isə 1,5 sm təşkil edir. Qeyd edək ki, ölçmələrin dəqiqliyini təmin etmək məqsədilə cihaz əvvlcədən Baltik Sisteminə uyğunlaşdrılmış və faktiki ölçmələrə kalibrləndirilmişdir.
Qeyd edilən GPS cihazının yüksək dəqiqlikli olması dənizin hazırki ani səviyyəsini yüksək dəqiqliklə ölçməyə imkan verir. Lakin dənizin səviyyəsi müxtəlif səbəblərdən müvəqqəti qalxıb enə bildiyi üçün, həqiqi səviyyənin müəyynləşməsi üçün müəyyən bir dövr üçün onun orta qiyməti hesablanmalıdır.
Beləliklə, cihazın çox az müddətdə istifadəmizdə olduğuna görə səviyyənin 1995-ci ildən sonra düşdüyü müddətdə dənizin nə qədər çəkildiyini müəyyən etmək üçün yalnız iki məntəqə seçilmişdir: Astara çimərliyi və Lənkəran çimərliyi.
Hər iki çimərlikdə cihaz vasitəsilə əvvəlcə suyun səviyyəsi və coğrafi koordinantları müəyyən edilmiş, sonra isə sahil xəttinə perpendikulyar istiqamətdə quruda --26,5 m hündürlüyə uyğun nöqtə tapılaraq koordinantları götürülmüşdür. Həmin 2 nöqtənin koordinatlarına əsasən 1995-ci ildən bəri dənizin çəkildiyi məsafə məlum formula əsasən müəyyən edilmişdir. Bu məsafə Astara çimərliyi üşün 42 m, Lənkəran çimərliyi üçün isə 35 m təşkil edir. Çox tədqiqatının nəticələri yaxın günlərdə ətraflı təhlil ediləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.