Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

21.10.2019 15:05
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Fiziologiya İnstitutunda aparılan təmir-tikinti işləri ilə tanış olub

Akademik Akif Əlizadə Fiziologiya İnstitutunda aparılan təmir-tikinti işləri ilə tanış olub

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Fiziologiya İnstitutunda həyata keçirilən təmir-tikinti işlərinin gedişi ilə tanış olub.

İnstitutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA rəhbərini institutun akt zalı, şöbələri, laboratoriyaları və ərazidəki inzibati-laboratoriya binası ilə tanış edib.

Akademik Akif Əlizadə burada yeni yaradılan Eksperimental transplantologiya və immunofiziologiya laboratoriyası və digər otaqlara baş çəkib. Laboratoriyanın rəhbəri, uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan laboratoriyanın strukturu haqqında təqdimatla çıxış edib.

R.Şolan binada eksperimentə cəlb ediləcək böyük və kiçik heyvanların saxlanılması üçün vivarium, heyvanlar üçün əməliyyatxana, immunofizioloji, toxuma histologiyası və digər bölmələrin olduğunu deyib. O, laboratoriyada marginal donorların orqanlarından istifadə, immunoloji yöndən uğursuz donorların istifadəsi üçün yeni preparat və metodikaların işlənib hazırlanması, orqan rezervasiyası üçün mühitin yaradılması, yaşlı insanlarda orqan transplantasiyasının sərhədlərinin genişləndirilməsi, multiorqan transplantasiyasının həyata keçirilməsi kimi prioritet istiqamətləri sadalayıb.

Alim laboratoriyanın gələcək fəaliyyətində Cənubi Koreya Respublikasının Yonsei Universitetinin təcrübəsindən yararlanılacağını diqqətə çatdırıb. Təqdimatda transplantologiyanın gələcəyindən söz açan laboratoriya rəhbəri uşaqlıq, ətrafların, bağırsaq və digər orqanların transplantasiyası məqsədilə tibbi tədqiqatların davam etdiyini də bildirib.

AMEA-nın prezidenti aparılan təmir və yenidənqurma işlərini yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib. O, yeni yaradılan laboratoriyanın akademiyanın tibbi təqdiqatların genişləndirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsi olduğunu deyib.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və bölməyə aid olan elmi müəssisələrin direktorları da institutda yaradılan şəraitlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: