Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

15 yanvar – Beynəlxalq Vikipediya Günüdür
15.01.2020 09:01
  • A-
  • A
  • A+

15 yanvar – Beynəlxalq Vikipediya Günüdür

Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən Vikipediya onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. Vikipediya bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir.

ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. Vikipediyaya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.

Vikipediyanın yaratdığı geniş imkanlar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən də lazımınca qiymətləndirilir. Bu məqsədlə akademiyanın Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” Metodik Mərkəzi yaradılıb, mərkəzin qarşısına virtual ensiklopediyanın müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün bir sıra vəzifələr qoyulub. Belə ki, hazırda mərkəzin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri və müxtəlif elm sahələri haqqında məqalələrin yaradılması prosesi uğurla davam etdirilir. “Vikipediya” Metodik Mərkəzi, həmçinin Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, müasir reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin viki-mühitdə yerləşdirilməsinin təşkilində yaxından iştirak edir. 

Bununla yanaşı, 2007-ci ildən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda da Vikipediya ilə bağlı elmi tədqiqatlara və praktiki fəaliyyətə başlanılıb. AMEA Rəyasət Heyəti tərəfindən 15 yanvar 2014-cü il tarixində “Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” Qərar qəbul edilib. Qərara müvafiq olaraq, 2014-cü ildə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında viki-qruplar, İnformasiya Texnologiyaları İnstitutunda isə Viki Mərkəz yaradılıb. Viki Mərkəz tərəfindən viki-qrup üzvlərinə nəzəri və praktiki biliklər tədris edilib. Hazırda Viki Mərkəz bir sıra istiqamətlər (tədris fəaliyyəti, beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, məsləhət xidməti, informasiya təminatı, təbliğat və elmi tədqiqat fəaliyyəti) üzrə məhsuldar şəkildə fəaliyyət göstərir.

Qeyd edək ki, Vikipediyada 2020-ci il yanvarın 14-dək 73 milyon 902 min 958 redaktəyə açıq məqalə və 1 milyard 96 milyon 726 min 160 redaktə qeydə alınıb. Onlardan 153 min 728 və 4 milyon 980 min 188-i Vikipediyanın Azərbaycan dili bölməsinə aiddir. Azərbaycan dilində (latın qrafikası ilə) 2-ci kateqoriyaya aid edilən azərbaycandilli Vikipediya 50-ci yerdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: