Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Arxeoloqlar Macarıstanda Tunc və Dəmir dövrlərinə aid xəzinələr aşkarlayıblar
06.05.2025 10:18
  • A-
  • A
  • A+

Arxeoloqlar Macarıstanda Tunc və Dəmir dövrlərinə aid xəzinələr aşkarlayıblar

Macarıstanda Tunc və Dəmir dövrlərinə aid 900-dən çox artefakt aşkarlanıb.

Macar arxeoloqlar bu tapıntıları ölkənin qərbində yerləşən, bu gün əsasən üzüm bağları ilə tanınan Şomlo vulkanik təpədə aşkar ediblər.

Metal detektorlar və lidar kimi müasir tədqiqat metodlarının köməyi ilə əldə olunan bu tapıntılar, eramızdan əvvəl 1400–900-cü illər arasında, Tunc dövrünün sonları və erkən Dəmir dövrləri arasındakı zəif öyrənilmiş keçid dövründə bu ərazidə yaşamış sirli cəmiyyətə dair yeni məlumatlar öyrənməyə imkan verir.

Tapılan əşyalar arasında zinət əşyaları, silahlar, hərbi bəzək əşyaları və alətlər var. Onlar azı altı müxtəlif xəzinə şəklində basdırılıb ki, bu da metal əşyaların basdırılmasının rituallaşmış və ya rəmzi xarakter daşıdığını göstərir. Artefaktların əksəriyyəti təpənin cənub-şərq yamacındakı düzənlikdə aşkarlanıb. Tədqiqatçılar bu əşyaların çox güman ki, 3000 ildən çox əvvəl bu ərazini idarə edən döyüşçü elit klanlara məxsus olduğunu düşünürlər.

Bəzi metal əşyalar erkən Dəmir dövrünə aiddir.

Şomlo bu gün əsasən şərabçılıqla əlaqələndirilsə də, onun arxeoloji əhəmiyyəti hələ XIX əsrdə təsərrüfatçılar və bağbanların təsadüfi qədim əşyalar tapmağa başlaması ilə məlum olmuşdu. Bu erkən tapıntılar, xüsusilə e.ə. XIII–VI əsrlər arasında təpədə uzun müddət insan fəaliyyəti olduğunu göstərirdi. Lakin bu artefaktların ilk dəfə haradan tapıldığına dair qeydiyyat aparılmadığından bir çox suallar cavabsız qalıb. Bu boşluğu aradan qaldırmaq üçün arxeoloqlar qrupu sistemli qazıntı və tədqiqatlara başlayıb, sahədəki işləri aparmaqla yanaşı, lidar aparatı ilə metal axtarmağı da davam etdirirlər. Məqsəd Şomloda kimlərin yaşadığını və bu təpənin Macarıstanın qədim dövrlərdə hansı rolu oynadığını müəyyənləşdirməkdir.

AzərTac

  • Paylaş: