Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.03.2020 15:47
  • A-
  • A
  • A+

AMEA-da “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar keçirilib

AMEA-da “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar keçirilib

Martın 4-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda seminar keçirilib.

Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə bölmənin üzvləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, baytarlıq elmləri üzrə fəlsəfə doktoru Sialə Rüstəmova, müvafiq sahələr üzrə tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, bölmənin sədri, MBBİ-nin direktoru, akademik İradə Hüseynova çıxış edərək seminarın maarifləndirici xarakter daşıdığını söyləyib. O, dünyada yayılan müxtəlif viruslar və onlarla əlaqədar yanlış informasiyaların insanlar arasında təşviş yaratdığını deyərək, yeni növ koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən müxtəlif qabaqlayıcı tədbirlərin görüldüyünü bildirib.

“Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər” mövzusunda məruzə ilə çıxış edən akademik İ.Hüseynova viruslar, onların mənşəyi, yaranması və yayılması, həmçinin yoluxucu xəstəliklərlə mübarizə yolları barədə ətraflı məlumat verib. Alim hazırda koronavirusun (COVİD-19) dünyada yayılma dinamikasından, insanın virus infeksiyalarından və süni viruslardan da bəhs edib. O, həmçinin koronavirusun həyat tsikli, genom tərkibi və filogenetik ağacı, SARS və ona bənzər epidemiyalara qarşı 2019-nCoV-un amin turşu əvəzləmələri barədə danışıb.

Sonra MBBİ-nin aparıcı elmi işçisi, bir neçə il ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində çalışmış Aytən Ağayevanın patogenlər, onların növləri, təhlükə səviyyələri, təsir mexanizmləri, törətdikləri xəstəliklər və bu məsələlərə eksperimental yanaşmalardan bəhs edən məruzəsi dinlənilib.

Baytarlıq elmləri üzrə fəlsəfə doktoru Sialə Rüstəmovanın SARS-Co-2 koronavirusun mənşəyi, epizootologiyası və yayılma xüsusiyyətləri haqqında təqdimatı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra professor İbadulla Ağayev Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı görülən işlərdən danışıb. Bildirib ki, karantin xəstəlikləri ilə mübarizədə Azərbaycan maliyyə və texniki imkanlara, təcrübəli həkim kadr potensialına malikdir. Ölkədə mövcud olan Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyəti bu mənada xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Alim, həmçinin jurnalistləri və sosial şəbəkə fəallarını Azərbaycanda koronavirus epidemiyası haqqında məlumat bölüşərkən daha məsuliyyətli olmağa, yalan şaiyələrin yayılmasına yol verməməyə çağırıb, təşviş üçün heç bir əsas olmadığına diqqət çəkib.

Növbəti məruzəçi Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov cəmiyyət arasında böyük maraq doğuran daha bir problem – patologiyaların törədicilərinin miqrasiya yolları və biotəhlükəsizlik prinsipləri haqqında danışıb. MBBİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov isə “Viruslarla bağlı risk menecment və ictimayiyyətin cəlb edilməsi: qabaqlayıcı tədbirlər və fövqəladə vəziyyət zamanı mümkün senarilər” adlı məruzə ilə çıxış edib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: