Tanınmış alim, tarix elmləri doktoru, professor, arxeoloq, jurnalist və ictimai xadim Qafar Cəbiyev 76 yaşı tamam olur.
Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur.
1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. 20-yə yaxın monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir.
Professor Qafar Cəbiyev Qəbələ, Ağsu, İsmayıllı, Şamaxı və digər bölgələrdə apardığı tədqiqatlarla qədim Azərbaycan şəhər yerlərini, nekropolları, dəfinələri aşkarlanıb. Onun rəhbərliyi ilə aparılan qazıntılar nəticəsində VI–VIII əsrlərə aid şəhər qalıqları, Roma və Parfiya dövrünə aid maddi-mədəniyyət nümunələri, qala divarları və mühəndis qurğuları üzə çıxarılıb. “Muradxan dəfinəsi” adlı nadir tapıntı, eləcə də Qəbələ şəhərinin su sistemi və qala divarları onun elmi irsinin mötəbər nümunələrindəndir.
Onun “Girdiman tarixi”, “Azərbaycan arxeologiyasının əsasları”, “Arxeologiya və romantika”, “Azərbaycan keramikası” kimi əsərləri tarix elminin və tədrisin əsas mənbələri sırasındadır. Eyni zamanda, onun müəllifliyi ilə ərsəyə gələn ali məktəblər üçün dərslik və proqramlar mövcuddur.
Qafar Cəbiyev “Əməkdar jurnalist” fəxri adına və “Qızıl qələm” mükafatına layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.