Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.09.2026 12:21
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondu Gürcüstanda Beynəlxalq Yay məktəbində gənc arxeoloqların iştirakına dəstək verdi

Heydər Əliyev Fondu Gürcüstanda Beynəlxalq Yay məktəbində gənc arxeoloqların iştirakına dəstək verdi

Gürcüstan Milli Muzeyinin, Avropanın aparıcı alimlərini birləşdirən Academia Europaea beynəlxalq təşkilatının Tbilisi Mərkəzinin təşkilatçılığı ilə “İrs, elm, arxeologiya və müasir texnologiyalar” mövzusunda gənc alimlər və tələbələr üçün Gürcüstan Respublikasında Beynəlxalq Yay məktəbi təşkil olunmuşdur.

İlk mərhələsi Kutaisi Beynəlxalq Universitetində, ikinci mərhələsi Dmanisidəki abidələr və arxeoloji tədqiqat ərazilərində keçirilmiş beynəlxalq elmi tədbir Gürcüstan Respublikasının Mədəniyyət, həmçinin Təhsil, Elm və Gənclər nazirlikləri tərəfindən dəstəklənmişdir.

“Təbiət tarixi və təbii irsin tədqiqi; arxeoloji tədqiqatlarda müasir texnologiyalar”, “Mədəni irs, konservasiya və bərpa: müasir metodlar və problemlər”, “Mədəni irs, onun inkişafı və interpretasiyası, həmçinin müasir texnologiyaların tətbiqi”, “Gürcüstanın rəqabət qabiliyyətinin açarı kimi biomədəni irs” - Yay məktəbinin əsas təlim mövzuları olacaq. Həmçinin, müxtəlif ölkələrdən olan gənc alimlər ingilis dilində keçirilən elmi təlim tədbirinin çərçivəsində Gürcüstanın aparıcı mədəni və elmi müəssisələrinə ekskursiyalarda, beynəlxalq ekspertlərin iştirakı ilə interaktiv təlimlərdə iştirak edəcəklər və topladıqları nəzəri biliklərin praktiki tətbiqini nümayiş etdirmişlər.

Azərbaycanı bu mötəbər beynəlxalq elmi tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşları: Ülkər Allahverdiyeva, Günel Vəliyeva, Vüsalə Beydullazadə, Sabir Bayramov və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi, fakültənin Arxeologiya və Etnoqrafiya kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Arxeoloq” dərnəyinin fəal üzvü Maral Əlizadə təmsil etmişlər.

Xüsusi olaraq qeyd edək ki, beynəlxalq elmi təlim tədbirində gənc alimlərdən ibarət Azərbaycan nümayəndə heyətinin iştirakı Heydər Əliyev Fondu tərəfindən dəstəklənmişdir.

İlkin mərhələsi uğurla başa çatan yay məktəbinin ikinci mərhələsi arxeoloji qazıntılarla davam edib. İştirakçılardan Ülkər Allahverdiyeva, Maral Əlizadə və Sabir Bayramov dünya əhəmiyyətli düşərgə olan Dmanisi Paleolit dövrü arxeoloji qazıntılarına qoşulmaq imkanı əldə ediblər. Ümumilikdə iki həftə davam edən proqramda iştirakçılar, tədqiqatların qazıntı və laboratoriya mərhələsində yeni təcrübi biliklərə yiyələnmişlər. Mütəxəssislərin başçılığı ilə, müasir metodlarla aparılan bu araşdırmalarda iki qonşu dövlətin gəncləri arasında fikir və təcrübə mübadiləsi baş tutmuşdur. Beynəlxalq Yay məktəbində iştirak etmiş gənclərə sertifikatlar təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: