Qərbi Azərbaycanın və Qarabağın tarixi keçmişi Qafqaz Albaniyası ilə sıx bağlıdır. Bu bağlılıq arxeoloqların, qədim dillər və qədim dövr tarixi üzrə tədqiqatçıların araşdırmaları ilə bir daha sübut olunur. Amma burada ən vacib məsələ tədqiqatçının etibarlı, ciddi və təkzibolunmaz dəlillərə əsaslanmasıdır. Qafqaz Albaniyasının tədqiq edilməsində ən mühüm yanlışlıq bu dövlətin qədim tarixinin və mədəniyyətinin müasir sərhədlər kontekstində araşdırılmasıdır. Bu yanaşma SSRİ dövründə erməniəsilli tədqiqatçıların albanşünaslığa vurduğu ən böyük zərbədir. Qədim tarixi müasir sərhədlər daxilində öyrənmək əslində onu təhrif etmək və saxtalaşdırmaq deməkdir. Halbuki həm arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar, yerüstü tarixi-mədəni və dini abidələr, həm də yazılı mənbələrdə əks olunmuş məlumatlar bu saxtakarlığı ifşa edir. Digər mühüm bir fakt isə 1920-ci ildə Qərbi Azərbaycan ərazisində Ermənistan SSR yaradıldıqdan sonra erməni şovinistlərinin saxtakarlıq əməllərinin geniş vüsət almasıdır. Bundan sonra Qərbi Azərbaycan ərazisinin uydurma “Böyük Ermənistan”ın tərkibində olduğunu sübut etmək cəhdləri daha da artmışdı.
Bu fikirlər AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin “Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri” sərlövhəli məqaləsində yer alıb.
“Cənubi Qafqaz regionunda ən qədim və ən uzun ömürlü dövlət olan Qafqaz Albaniyasının tarixi ilə bağlı bir çox mühüm məsələlər hələ də ciddi tədqiqat mövzusu olmayıb. Bunun başlıca səbəbləri Alban abidələrinin bir çoxunun müasir Ermənistan ərazisində yerləşməsi ilə yanaşı, onların əksəriyyətinin məhv edilməsi, qalan az hissəsinin isə hazırda erməni abidələri kimi təqdim edilməsidir. Müasir Ermənistan ərazisində ən qədim xristian abidələr Qafqaz Albaniyasının maddi mirasına aiddir. İrəvan şəhərində isə “ən qədim” erməni kilsəsi 1842-ci ildə inşa edilmiş Surb Sarkis kilsəsidir. Erməni din xadimləri tərəfindən bu kilsənin IV əsrdə tikildiyi haqqında rəvayətlər uydurulub. Digər bir rəvayətə görə, bu kilsə 1679-cu il zəlzələsindən sonra dağılıb, daha sonra erməni-qriqoriyan kilsəsinin rəhbəri I Naapet Edessalının göstərişi ilə yenidən inşa edilib. Lakin gerçək odur ki, 1842-ci ildə inşa edilmiş Surb Sarkis kilsəsi hazırda İrəvanın Kentron rayonunda yerləşir və 1972-ci ildə I Vazgenin tapşırığı ilə bu kilsənin genişmiqyaslı təmiri adı ilə əslində “qədim” daş, qum və digər inşaat materialları gətirmək üçün Ani xarabalıqlarından istifadə edilib. Əvvəlcə erməni memarı Rafayel İsraelyan, 1973-cü ildə o öləndən sonra Arsrun Qalikyan bu kilsənin bərpası üçün yeni saxtakarlıq planı hazırladılar. Beləliklə, cəmi 53 il öncə Anidən gətirilmiş qədim kilsə daşları (qırmızı tuf daşı) ilə İrəvanda ilk erməni kilsəsi olan Surb Sarkis kilsəsi inşa edilib.
Maraqlıdır ki, İrəvanda erməni kilsəsinin iki əsrə çatmayan tarixi olduğu halda, Göyçə, Şörəyel, Ağbaba, Dərələyəz, Vedi, Dərəçiçək və Zəngəzurda Alban irsinin tarixi keçmişi iki min illik dövrü əhatə edir. Bu gün Ermənistanda Qarabağdakı qədim Alban irsinin taleyindən “narahat” olan qüvvələrin yeganə mirası öz xələflərindən qalan vandalizm əməlləridir. Şörəyeldə VII əsrdə inşa edilmiş qədim Qıpçaq kilsəsinin “Arçivəng”, Zəngəzurda Ərəfsə və Comərdli kəndləri arasında V əsrdə tikilmiş Qızılkilsə məbədinin bütpərəstlik dövrünün məşhur tanrıçalarından biri olan Anahitin şərəfinə “Tanahat” kimi qondarma adlarla təqdim edilməsi erməni saxtakarlığının bariz nümunəsidir.
Müasir dövrdə Ermənistan adlandırılan Azərbaycanın tarixi qərb torpaqlarında Alban kilsələrinin tarixi xristianlıq dininin meydana gəldiyi ilk əsrdən başlayır. Əslində isə Göyçə gölü hövzəsinin Qafqaz Albaniyasının tərkibində olmasını III-V əsrlərə aid Zod qalasında 2011-2015-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar da sübut edir. Buradakı qəbir abidələrindən götürülmüş insan qalıqlarının nümunələri ilə Qarabağ ərazisindən eyni dövrə aid qəbir abidələrindən aşkar edilən nümunələrin əsasən H, K, mitoxondrial DNT (mtDNA) göstəricilərinin analizi ana xətti ilə qohum tayfalara mənsub olduqları sübut olunub. Burada qədim Qafqaz xalqlarının etnogenezi məsələsinin gələcəkdə daha dərin, kompleks arxeoloji və multidissiplinar tədqiqatlara cəlb olunmasının bir çox sualları cavablandırmasını da qeyd etmək lazımdır. Qarabağı, Kəlbəcəri, eləcə də digər tarixi Arran vilayətlərini Göyçə gölü hövzəsi ilə əlaqələndirən qədim ticarət yolu bir çox mənbələrdə də qeyd edildiyi kimi Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhərindən keçirdi.
Qafqaz Albaniyasının xristian mirasının daha çox dağıntıya məruz qaldığı ərazi Qərbi Azərbaycan (müasir Ermənistan) ərazisidir. Zəngəzur, Dərələyəz, Loru, Göyçə və Şörəyeldə Alban dini abidələrinin həm memarlıq üslubu, həm də epiqrafik mətnləri ciddi dağıntılara məruz qalıb. Erməni vandalizminin başlıca hədəfi yerli türk boylarına aid olan tarixi və mədəni abidələri məhv etmək olub. Burada Qıpçaq boylarının adına “arçi, arçu (aruç), hartes və harteş” şəklində bir sıra yer-yurd adlarında, tarixi və mədəni abidələrin adlarında rast gəlmək olar. Hamamlıda (Əştərək) və Şörəyeldə Qıpçaq kilsələri erkən orta əsrlər dövründən başlayaraq geniş yayılıb. Şörəyeldə əsrlər boyu Kıpçakavəng (Qıpçaq kilsəsi) adı ilə tanınan monastır kompleksi XIX əsrdə ermənilərin bu ərazidə məskunlaşdırılmasından sonra ermənicə saxta Ariçavəng adı ilə əvəz edilib. Əslində bu söz də türkcə qardaş sözünün ermənicə “xartiç/artiç” şəklində tələffüzündən qaynaqlanır. Hamamlıda da Aruç kilsəsinin adı məhz Qıpçaq boyunun adı ilə izah olunur.
Şörəyel və Loruda ilk xristian məbədləri Hun əsilli xristian din xadimləri tərəfindən inşa edilib. Hamamlıda Qazax bazilikası kimi tanınan Alban-Hun (Qıpçaq) məbədi V əsrdə Hun boylarının bir qolu olan Qazax tayfasına mənsub olan din xadimləri tərəfindən inşa edilib. Hamamlının başlıca xristian dini abidələri içərisində IV əsrdə inşa edilmiş Müqəddəs Xaç kilsəsi, VII-XIII əsrlərə aid Əştərək abidələri (Əştərək kəndi), VII əsrdə Manas və Qriqori adlı qıpçaq keşişləri tərəfindən inşa edilən Karmvravor kilsəsi, VII əsrə aid Aruç kilsəsi, Ovanavəng kəndində V əsrə aid kilsə, Abaran şəhərində V əsrə aid Qazax bazilikası, Aşnak kəndində V əsrdə inşa edilən kilsəni qeyd etmək olar. Bu abidələrin əksəriyyətində sonradan bərpa işləri adı ilə erməni xaç daşları yerləşdirilib və üzərindəki yazılı kitabələri dağıdılıb. Cənubi Qafqazın erkən xristian abidələrini tədqiq etmiş A.L.Yakobson qeyd edir ki, Qafqaz Albaniyasının monumental erkən orta əsr memarlığı Ermənistan ərazisində üstün mövqeyə malik olub.
Abaran şəhərində olan Müqəddəs Xaç kilsəsi 1877-ci ildə bərpa bəhanəsi ilə ciddi dəyişikliyə məruz qalaraq, kitabəsi dağıdılıb. Loru və Dərəçiçək yaylaqlarında türk boylarına aid xeyli sayda at heykəlləri var. Bu torpaqlardan yerli türk boylarının izini birdəfəlik silmək məqsədilə ermənilər hazırda planlı şəkildə bu abidələri məhv etməklə məşğuldur.
Göyçə mahalının qədim mənbələrdə rast gəlinən adlarından biri olan Gegarkuni hidronimi qədim türkcədə Gögarku (Göy arx) sözü ilə izah olunur, mənası “Göy arx, çuxur” deməkdir. Göyçə ərazisində Alban xristian məbədləri içərisində IX-X əsrlərə aid Qızılvəng (Qızılvəng kəndi), Qamışlı (Qamışlı/Qanlı/Qanlı Allahverdi kəndi), Daşkənd (Daşkənd kəndi), Kiçik Məzrə (Bala Məzrə kəndi), Əyrivəng (Əyrivəng kəndi), Xutavəng (Yuxarı Adıyaman kəndi) və Şoqakavəng (Çoraqyu kəndi) kilsələrini qeyd etmək olar.
Zəngibasar ərazisində xristian Hun boylarına və albanlara aid xaç daşları və yazılı kitabələr məhv edilib. Erməni qriqoriyan kilsəsinin saxtakarlıqları burada digər yerlərə nisbətən özünü daha açıq-aydın biruzə verməkdədir. Zəngibasarın Alban xristian abidələri içərisində VII əsrə aid kilsəni (Şahab kəndi), X-XIII əsrlərə aid Avucdar monastırını, X-XIII əsrlərə aid kilsə və qalanı (Ursazor kəndi), XIII əsrdə inşa edilən Ağca monastırını (Gilanlar kəndi yaxınlığı) xüsusilə qeyd etmək olar.
Sərdarabad mahalında dağıdılmış Alban dini abidələri içərisində V əsrə aid bazilikanı və VII əsrə aid Mavi Mələklər məbədini qeyd etmək olar. Qərbi Azərbaycanın bir çox yerində olduğu kimi Sərdərabad ərazisində də “erməni dini məbədləri” kimi qələmə verilən xritianlığaqədərki dini ibadətgahlar Alban əhalisinin dini dünyagörüşünü əks etdirir. XX əsrin əvvəllərində erməni tarixçisi N. Adons albanların hərbi, dini, siyasi həyatı ilə bağlı geniş məlumata malik olmadığını etiraf edirdi.
Etibarlı mənbələrdə Zəngəzurun xristian abidələrinin ermənilərə aid olması haqqında məlumata rast gəlinməyib. Ermənilər bu abidələrin bir hissəsinin üzərində ciddi dəyişikliklər edərək qriqoryan kilsələrinə çevirib, qalanlarını isə tamamilə dağıdıblar. Məlum olduğu kimi, Alban hökmdarı III Mömin Vaçaqan xristianlığı təbliğ etmək məqsədilə geniş inşaat tədbirləri həyata keçiriblər. VII əsrdə Qarabağda Uti vilayətində yaşamış tarixçi Musa Kalankatlı “Alban tarixi” əsərində III Mömin Vaçaqanın “ildə olan günlərin sayı qədər çoxlu kilsə tikdirməsi” haqqında məlumat verib. Comərdli və Ərəfsə kəndləri yaxınlığında yerli əhalinin Qızılkilsə adlandırdığı və ziyarət etdiyi bu Alban məbədinin hazırda yalnız xarabalıqları qalıb. Bu abidə ermənilər tərəfindən iki dəfə ciddi dağıntıya uğrayıb. 1918-ci ilin iyulunda daşnak Andranikin öz quldur dəstəsi ilə bu kənddə törətdiyi kütləvi qırğınlar nəticəsində Qızılkilsə məbədi yerli əhalinin inanc yerlərindən biri olduğu üçün dağıdılaraq, xaraba vəziyyətinə salınıb. Hazırda Qərbi Azərbaycan ərazisində Ermənistan hakimiyyəti və erməni qriqoriyan kilsəsi tərəfindən tarixi abidələrimizə qarşı kultursid siyasəti davam etməkdədir.