Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.09.2026 10:20
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələrək AMEA-nın Tədbirlər Planı hazırlanacaq

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələrək AMEA-nın Tədbirlər Planı hazırlanacaq

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 20 avqust 2026-cı il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Dövlət Proqramında Azərbaycanın zəngin tarixi-mədəni irsi, etnoqrafik müxtəlifliyi, qədim yaşayış məntəqələri və beynəlxalq ticarət yollarının mədəni turizm növünün inkişafı üçün geniş potensiala malik olduğu vurğulanır, bu istiqamətdə “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi, maddi və qeyri-maddi mədəni irs elementləri əsasında interaktiv turizm təcrübəsinə əsaslanan mədəni turizm məhsullarının yaradılması və təbliğ edilməsi nəzərdə tutulur.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi istiqamətində “Böyük İpək Yolu” turizm marşrutunun məzmununun hazırlanması, təsdiq edilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulması, “Böyük İpək Yolu” ilə əlaqədar turizm təcrübə məhsullarının yaradılması, turizm sənayesi və beynəlxalq tərəfdaşlar üçün məlumatlandırma tədbirinin keçirilməsi nəzərdə tutulub və Azərbaycan Milli Elmlər Akademiyası bu tədbirin icraçı qurumlarından biri kimi müəyyən edilib.

Həmçinin “Milli dadlar” elektron qastronomiya portalının təkmilləşdirilməsi çərçivəsində Azərbaycanın milli mətbəx irsinin elektron portalda toplanılması və sistemləşdirilməsi, portalda olan məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası, portalın beynəlxalq və yerli arenada təbliğ edilməsi planlaşdırılır və Azərbaycan Milli Elmlər Akademiyası bu tədbirin iştirakçı qurumlarından biri kimi müəyyən olunub.

Bundan əlavə, Dövlət Proqramında tədqiqat layihələrinin dəstəklənməsi mexanizminin tətbiqi üzrə analitik məhsulların və tədqiqatların istiqamətlərinin müəyyən edilməsi, tədqiqatların təşviqi mexanizminə dair təkliflərin hazırlanması, təşviq mexanizminin tətbiqi yolu ilə analitik məhsulun hazırlanması, tədqiqatın aparılması və dəstəklənməsi də nəzərdə tutulub və AMEA bu tədbirin də iştirakçı qurumlarından biri kimi müəyyənləşdirilib.

Dövlət Proqramının qəbulunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə verdiyi diqqətin, önəmin xüsusi bir ifadəsi olduğunu deyən akademik İsa Həbibbəyli həmçinin bildirib ki, Azərbaycanda turizm sahəsinin, sosial-mədəni sahənin vacib sahələrindən biri kimi inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu qeyd olunmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Dövlət Turizm Agentliyi ilə geniş əməkdaşlıq əlaqələri olduğunu deyən akademik İsa Həbibbəyli birgə hazırlanmış “Milli dadlar” layihəsinin və eyniadlı onlayn platformanın ilk təqdimat mərasiminin ötən il Rəyasət Heyətində keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, mədəniyyətimizin ayrılmaz hissəsi olan zəngin milli mətbəx irsimizin qorunması, sistemli şəkildə öyrənilməsi, dünyaya təbliği və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır və bununla bağlı AMEA-nın Tarix və Etnologiya, həmçinin Folklor institutlarında mühüm tədqiqatlar aparılır.

Akademik İsa Həbibbəyli maddi-mədəni irsimizin qorunması, yeni turizm marşrutlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Turizm Agentliyi arasında arxeoloji qazıntılara dair birgə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu istiqamətdə tədqiqatların ildən-ilə genişləndiyini söyləyib.

“Hesab edirəm ki, Dövlət Turizm Agentliyi ilə bir yerdə cənab Prezidentin təsdiq elədiyi Dövlət Proqramının icraçısı olmaq həm bizim akademik borcumuzdur, vəzifəmizdir, həm də bizim üçün şərəfdir. Eyni zamanda bu bizim Turizm Agentliyi ilə indiyə qədər olan əlaqələrimizi daha da genişləndirməyə kömək edəcək. Biz ölkəmizdə turizmin inkişafına elmin dəstəyini təmin edəcəyik. İnanıram ki, bizim birgə fəaliyyətimiz həm Dövlət Turizm Agentliyi üçün, həm də ölkəmizdə arxeologiyanın, mətbəx mədəniyyətinin, folklorun, tarixin öyrənilib inkişaf etməsinə, qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcəkdir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Əliyev isə çıxışında qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə bu günə qədər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər icra olunub və alimlərimizin akademik rəyi, elmi araşdırmaların gücü həmişə öz sözünü deyib. O bildirib ki, Dövlət Proqramı çərçivəsində Dövlət Turizm Agentliyi ilə Akademiya 3 əsas istiqamət üzrə çalışacaqdır.

İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının təklifləri əsasında AMEA-nın Tədbirlər planının hazırlanması qərara alınıb və müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: