18 noyabr 2026-cı il tarixində Azərbaycan–özbək folklor əlaqələri çərçivəsində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanovun videomüraciəti təqdim olunub.
Videomüraciətdə Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıb. O, “Alpamış” və “Kitabi-Dədə Qorqud” dastanlarını xalqlarımızın ortaq folklor irsinin mühüm nümunələri kimi qeyd edərək, bu irsin dərindən araşdırılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Səfir Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi, iqtisadi, təhsil, elm və mədəniyyət sahələrində yeni mərhələyə yüksəldiyini bildirib. Bu əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının siyasi iradəsini və qarşılıqlı etimadını xüsusi vurğulayan Bahrom Aşrafxanov mədəniyyət günləri, elmi konfranslar, ədəbi görüşlər və təhsil proqramlarının xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. O, konfransın alimlər arasında elmi əməkdaşlığın genişlənməsinə və ortaq türk mədəni irsinin tədqiqinə töhfə verəcəyinə inamını ifadə edərək iştirakçılara uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.