18 noyabr 2026-cı il tarixində Azərbaycan–özbək folklor əlaqələri çərçivəsində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin videomüraciəti təqdim olunub.
Akademik İsa Həbibbəyli videomüraciətində konfransın türk dünyasının inteqrasiyasının gücləndiyi müasir dövrdə keçirilməsinin xüsusi aktuallıq daşıdığını vurğulayıb. O, konfransın əsas məqsədinin Azərbaycan və özbək xalqlarının ortaq dəyərlərinin, mənəvi sərvətlərinin, ədəbiyyat və folklor ənənələrinin tarixi köklərinin elmi əsaslarla araşdırılması olduğunu qeyd edib. Akademik iki ölkə arasında dövlət başçılarının imzaladığı sənədlər və həyata keçirilən ardıcıl siyasət nəticəsində genişlənən münasibətlərin elmi əməkdaşlıq üçün də yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli folklorşünas və türkoloq alimlərin üzərinə düşən vəzifələrin ortaq mədəni irsin tədqiqi ilə yanaşı, müasir elmi problemlərin birgə araşdırılmasını da əhatə etdiyini bildirib. Konfransın türkoloji tədqiqatların inkişafına və Azərbaycan–Özbəkistan elmi əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edərək tədbirə uğurlar arzulayıb.
Qeyd edək ki, beynəlxalq elmi konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Özbəkistan Respublikası Elmlər Akademiyası, AMEA Folklor İnstitutu və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun birgə təşkilatçılığı ilə noyabrın 18–20-də onlayn formatda keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.