11-16 noyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasında beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və yüksəkixtisaslı mütəxəssislər arasında əlaqələrin inkişafına həsr olunmuş “Peşəkarların Beynəlxalq Mübadiləsi üzrə 24-cü Konfrans” (The 24th Conference on International Exchange of Professionals – CIEP 2026) keçirilib.
Konfrans çərçivəsində baş tutan silsilə tədbirlərdə AMEA-nın Gənclər Akademiyasının sədri, Bakı Mühəndislik Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev də iştirak edib.
Konfransın əsas açılış mərasimi noyabrın 11-də Şanxay şəhərində baş tutub. 2000-dən çox beynəlxalq mütəxəssisin iştirak etdiyi mərasimdə dövlət rəsmilərinin, beynəlxalq tərəfdaşların və Nobel mükafatı laureatlarının çıxışları dinlənilib. Konfrans çərçivəsində müxtəlif elmi və texnoloji istiqamətlər üzrə aparıcı universitetlərin təşkilatçılığı ilə tematik tədbirlər, görüşlər və müzakirələr təşkil olunub.
Konfrans proqramının davamı olaraq, noyabrın 14-15-də Çinin Jinan şəhərində “Müdriklər Jinan şəhərində birləşir, istedadlar gələcəyi gücləndirir” (“Wisdom Converges in Jinan, Talents Empower the Future”) şüarı altında yüksəkixtisaslı xarici mütəxəssislərin “Qilu səfəri” (“High-Level Foreign Experts Tour of Qilu”) proqramı keçirilib.
Proqram çərçivəsində Qilu Texnologiya Universiteti və Şandun Elmlər Akademiyası kimi qurumların təmsil olunduğu beynəlxalq elmi platformada “Bərpa olunan enerji texnologiyaları” (“Renewable Energy Technology Seminar”) adlı seminar təşkil olunub.
Seminarda dosent Elmir Babayev “Bioəsaslı platform kimyəvi maddələrdən dayanıqlı monomerlərə: γ-valerolakton və bioetanolun katalitik çevrilmələri” mövzusunda elmi məruzə ilə çıxış edib.
Məruzədə biokütlə əsaslı xammaldan əldə edilən platform kimyəvi birləşmələrin katalitik çevrilmə imkanları, xüsusilə γ-valerolakton və bioetanolun daha yüksək əlavə dəyərə malik kimyəvi məhsulların və dayanıqlı monomerlərin istehsalında potensialı təqdim olunub. Bu yanaşmaların neft-kimya xammalından asılılığın azaldılması, alternativ xammal mənbələrinin səmərəli istifadəsi və daha dayanıqlı kimya sənayesinin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir müxtəlif ölkələri təmsil edən alim və mütəxəssislər arasında elmi təcrübə mübadiləsi, aktual texnoloji problemlərin müzakirəsi və gələcək tədqiqat əməkdaşlıqlarının qurulması üçün beynəlxalq platforma rolunu oynayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.