Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

04.09.2026 11:50
  • A-
  • A
  • A+

Dünya elminin, türk dünyasının və Azərbaycanın Əziz Sancarı

Dünya elminin, türk dünyasının və Azərbaycanın Əziz Sancarı

Nobel mükafatı laureatı Əziz Sancar - 80

Beynəlxalq Nobel mükafatı laureatı adını almaq bu nüfuzlu mükafata layiq görülən görkəmli alimlə bərabər, onun ölkəsinə və xalqına da şöhrət qazandırır. Bu mənada Amerikanın Şimali Karolina Universitetində çalışan türk əsilli Əziz Sancarın 2015-ci ildə Nobel mükafatını alması ilk növbədə qardaş Türkiyə Cümhuriyyətinə şərəf və şan qazandırmışdır. Əziz Sancar özü də Nobel nitqində aldığı Nobel mükafatının onun doğma vətəni olan Türkiyəyə aid olduğunu bəyan edərək demişdir: "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir".

Məlum olduğu kimi, Əziz Sancar Nobel mükafatı medalını və sertifikatını Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərindəki Mustafa Kamala Atatürk Anıtqəbir Kompleksindəki "Atatürk və Qurtuluş savaşı" muzeyinə təqdim etmişdir. Anıtqəbri ziyarət edən hər bir türk vətəndaşı həm də böyük iftixar hissi ilə Əziz Sancarın "Atatürk və Qurtuluş savaşı" muzeyində nümayiş etdirilən Nobel vəsiqələri ilə də tanış olur. Bu, Əziz Sancarın türk xalqı içərisindən yeni Nobel mükafatçılarının yetişməsi arzusuna xidmət edən düşündürücü və əhəmiyyətli addımının əks-sədasıdır.

Əziz Sancarın kimya elmi üzrə Nobel mükafatına layiq görülməsi türk dünyası üçün də əlamətdar hadisədir. Əziz Sancarın Nobel mükafatı bütün türk xalqlarının ortaq mükafatı hesab oluna bilər. Təəssüf ki, hələ ki, türk dünyasında Nobel mükafatına layiq görülən elm xadimləri çox deyildir. Və həm də Əziz Sancar Nobel mükafatı laureatı kimi mənsub olduğu Türkiyədə və Azərbaycanda, ümumən türk dünyasında elmin inkişaf etdirilməsini türk dövlətlərinin inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir. Təsadüfi deyildir ki, Nobel mükafatı laureatı, professor Əziz Sancar 3 iyun 2024-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Böyük Akt Zalında respublika ictimaiyyəti qarşısında "Türk dünyasının elm siyasəti: reallıqlar və çağırışlar" mövzusunda etdiyi elmi məruzəsini türk xalqlarının elmi əlaqələrinin daha da genişləndirilməsi və bir çox hallarda vahid elmi platformadan çıxış edərək böyük elmi nailiyyətlərə nail olmaqla yeni mərhələ yaratmağın mümkünlüyünə həsr etmişdir. Görkəmli elm xadiminin fikrincə, Çin Xalq Respublikasının elmdə etdiyi inqilabi elmi nailiyyətlər bu ölkənin dünyanın lider dövlətlərindən birinə çevrilməsində xüsusi rol oynamışdır. Professor Əziz Sancara görə ümumi ərazisi təxminən Çin Xalq Respublikasına yaxın olan və maddi sərvətləri o ölkədən çox olan türk coğrafiyasında elmi inteqrasiyanı gücləndirmək və genişləndirməklə, "ortaq elmi layihələrin birgə icrası ilə və əldə olunan elmi nəticələri beynəlxalq elmi bazalara daxil olan nüfuzlu jurnallarında çap etdirib yaymaqla" türk dünyasının dünya elmində mühüm yer tutması və ümumi elm-texnoloji inkişafa nail olması mümkündür. Türk dünyasında elmi inkişafının Əziz Sancar konsepsiyası türk xalqları elminin və ümumtürk coğrafiyasında elmlə inkişafın mühüm strateji əhəmiyyətə malik olan modelidir.

Nobel mükafatı laureatı, professor Əziz Sancar özü də türk dünyasında elmin inkişaf etdirilməsi proseslərində yaxından iştirak edir. O, Türkiyədə, Azərbaycanda və ümumtürk coğrafiyasının digər ölkələrindəki çıxışlarında da zəruri hesab etdiyi türk dünyasının birliyi amalının özünün  idealı və uşaqlıq arzusu olduğunu açıq şəkildə diqqətə çatdırmışdır: "Türk dünyasının birliyini görmək istəyirəm. Bu, mənim uşaqlıqdan ən böyük arzum olub". Türk dünyasının birliyi və həmrəyliyinə töhfə vermək üçün dəfələrlə Türkiyə Cümhuriyyətində, üç dəfə Azərbaycanda və hərəsində bir dəfə olmaqla Özbəkistanda və Qazaxıstanda səfərlərdə olmuş, Elmlər Akademiyalarında və universitetlərdə alimlərlə və tələbələrlə görüşlər keçirərək ideallarını aşılamaq məqsədilə məruzələr oxumuş, çıxışlar etmiş, görüşlər keçirmiş, təkliflər irəli sürmüşdür. Şimali Karolina Universitetində təsis etdiyi və rəhbəri olduğu Aziz & Gwen Sancar Fondu və Sancar Mədəniyyət Mərkəzi də Nobel mükafatçısı Əziz Sancarın türk dünyasının həmrəyliyi ilə əlaqədar ali məqsədlərinin həyata keçirilməsinə uğurla xidmət edir.

Əziz Sancar 8 sentyabr 1946-cı ildə Türkiyə Cümhuriyyətinin Mardin vilayətinin Savur il mərkəzində anadan olmuşdur. Görkəmli alimin mənsub olduğu nəsil Orta Asiyadan Mardinə köçmüş oğuz türklərindəndir. XX əsrin ortalarına qədər Mardin vilayətində ərəb dilində danışıq geniş yer tutsa da, Əziz Sancar səkkiz uşaqdan ibarət olan ailəsində və məhəllə mühitində türkcə danışmağa üstünlük vermişdir. Bu cəhətdən o, türk folkloruna və xüsusən anasının dilindən eşitdiyi laylalara, bayatlara, el sözlərinə vurğun olduğunu daim nəzərə çatdırmışdır. Mardindəki lisə təhsili illərində türk dilini daha böyük həssaslıqla öyrənmiş və futbolçu kimi diqqəti cəlb etmişdir. Sonrakı dövrdə 1963-1969-cu illərdə İstanbul Universitetinin tibb fakültəsində ali təhsil aldığı illərdə həyatını tibb və biokimya elmlərinin dərindən öyrənilməsinə həsr etmişdir. Cəmi iki il Savur ilindəki sağlamlıq mərkəzində həkim kimi çalışan Əziz Sancar həmvətənlərinin sağlamlığına xidmət etməklə doğma diyara və taleyində haqqı-sayı olan insanlara mənəvi borcunu yerinə yetirmişdir. Bundan sonra o, Türkiyə Elm və Texnoloji Tədqiqat şurasının - TUBİTAK-ın dəstəyi ilə Amerikanın əvvəlcə Cons Hopkins Universitetində və Dallas Texas Universitetində təhsilini davam etdirərək, tibb və biokimya sahəsində biliklərini artırmışdır. Bunun ardınca Əziz Sancar Texas Universitetində görkəmli elm xadimi, professor Klaud Rupertin rəhbərlik etdiyi laboratoriyada biokimya ixtisası üzrə doktorantura təhsili almışdır. Burada o, professor Klaud Rupertin elmi rəhbərliyi ilə tibb və biologiya elminin ən aktual istiqaməti hesab edilən gen mühəndisliyi ixtisası sahəsində ciddi tədqiqatlar apararaq, mühüm elmi nəticələr əldə etmişdir. Belə ki, cavan tədqiqatçı Əziz Sancar özünəqədər məlum olan fotoliaz adlı geni klonlayaraq, onu gen mühəndisliyi vasitəsilə bakteriyalarda çoxaltmışdır. DNT tədqiqatlarında yeni olan bu elmi nəticə Əziz Sancarı Amerika elmi mühitində və tədricən beynəlxalq aləmdə yeni ixtiranın müəllifi kimi tanıtmışdır. Əziz Sancarın əldə etdiyi gen növü tərəfindən şifrələnmiş ferment elmi tədqiqatlarda və təcrübədə ultrabənövşəyi şüalar tərəfindən zədələnmiş DNT kodlarının bərpa edilməsində həlledici faktora çevrilmişdir. Deməli, Əziz Sancar biokimya elmi sahəsində ilk dəfə olaraq bakteriyalarda müəyyən olunmuş şifrələnmiş fermenti kəşf etmiş və onu laboratoriya sınaqlarından keçirərək təsdiqlənməsinə nail olmuşdur. Bundan sonra Əziz Sancar Amerikanın məşhur Yel Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirərək əldə etdiyi elmi nəticələrə görə dosent elmi adını almış və DNT kodlarının elmi cəhətdən "təmir edilməsi" sahəsindəki axtarışlarını daha da dərinləşdirmişdir. Bu mərhələdə o, fotoliaz fermenti ilə yanaşı, DNT kodlarının mikleopid parçalanmaları sahəsində də yeni elmi kəşflər etməyə nail olmuşdur. Bu zaman artıq Əziz Sancar yüksək elmi dairələrdə DNT kodlarının öyrənilməsinin fərqli metodologiyasını kəşf etmiş görkəmli alim kimi qəbul edilmişdi. Əlbəttə, belə mühüm elmi kəşflər onun elm adamı olaraq şöhrət qazanmasında mühüm rol oynamışdır.

Bununla belə, Əziz Sancar şöhrətin səfası ilə yanaşı, cəfasını da çəkməli olmuşdur. Dünya miqyaslı mühüm elmi kəşflərin müəllifi olmasına baxmayaraq, Əziz Sancarın elmi-pedaqoji fəaliyyətinin üzvü surətdə bağlı olduğu Texas və Yel Universitetində qalıb işləməsi mümkün olmamışdır. Elmdə paxıllıq və qısqanclığın sərt üzü ilə rastlaşan Əziz Sancar artıq 1997-ci ildən etibarən fəaliyyətini Amerikanın ən ucqar ali məktəblərindən biri olan Şimali Karolina ştatındakı Kapell-Hill Universitetində davam etdirməkdədir. O, bu ali təhsil ocağında biokimya və biofizika üzrə mühazirələr oxumaqla yanaşı, mükəmməl laboratoriya qurmuş, elmi axtarışlarını daha da təkmilləşdirərək yeniləşdirmişdir. Əziz Sancar DNT kodlarının şifrələnməsi üzrə əldə etdiyi yeni biokimyəvi maddələri xərçəng xəstəliyinə tətbiq etməklə sağaldılması çox çətin və mürəkkəb olan bu xəstəliyin yeni müalicə üsullarını kəşf etmişdir. Beləliklə, Texas və Yel Universitetlərində başlanan elmi axtarışlar, hələ XX əsrin yetmişinci illərində başlanan və bir-birini tamamlayan elmi-tədqiqat işləri təxminən otuz ildən sonra, XXI əsrin əvvəllərində Şimali Karolina Universitetində tamamlanmışdır. Professor Əziz Sancarın dünyanın müxtəlif ölkələrində Beynəlxalq simpoziumlarda etdiyi məruzələr, təqdim olunan laborator analizləri təsvirləri onun tədqiqatlarının və elmi nəticələrinin yayılmasına şərait yaratmış, bu istedadlı və iradəli elm adamı haqqında ictimai elmi rəyi formalaşmışdır. Nəhayət, bütün bunlardan sonra Amerikanın Şimali Karolina Universitetinin professoru Əziz Sancar 2015-ci ildə xərçəng xəstəliyinin müalicə üsullarının müəyyən edilməsində bir-birini tamamlayan fərqli elmi nəticələr əldə etmiş Amerika alimi Pol Modriç və İsveçli alim Tomas Lindal ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, Əziz Sancar xərçəng xəstəliklərinin biokimyəvi üsullarla müalicəsi üzərində elmi axtarışlarını Nobel mükafatı aldıqdan sonra da davam etdirməkdədir. O, artıq 2025-ci ildə bu sahədə yeni elmi nəticələrə gəldiyini dünya elmi ictimaiyyətinə açıqlamışdır. Görkəmli türk alimi, professor Əziz Sancar qarşıdakı ən yaxın illərdə xərçəng xəstəliklərinin tam sağaldılmasına xidmət edən yeni müalicə üsullarını və dərman preparatlarını elan edəcəyinin anonsunu vermişdir. Bu, məşhur türk aliminin bəşəriyyət qarşısında ən böyük xidməti olacaqdır.

Ümumiyyətlə, professor Əziz Sancar dünyada qəbul edilən, beynəlxalq elmi nüfuza malik görkəmli türk alimidir. Son illərin statistikasına əsasən o, müxtəlif illərdə uğrunda çalışdığı və nəhayət, müvəffəqiyyətlə həll etdiyi elmi problemlərə həsr edilmiş 33 monoqrafiya və broşürün, 425 elmi məqalənin müəllifidir. Hazırda Əziz Sancar dünyanın ən mühüm elmi mərkəzlərdə və universitetlərdə beynəlxalq miqyaslı elmi tədbirlərdə məruzələrdə çıxış edir. Bu gün o, beynəlxalq elmi məclislərdə biokimya sahəsində dünya elmi adından söz demək səlahiyyətinə malik olan görkəmli elm xadimi kimi məşhurlaşmışdır.

Beynəlxalq tədbirlərdə Amerika Şimali Karolina Universitetinin professoru kimi çıxış edən Əziz Sancar hər yerdə və hər dəfə türk olduğunu qürurla bəyan edir. Hətta BBS kanalının milli mənsubiyyət baxımından "türk və ya yarı ərəb" sorğusuna Əziz Sancar "Mən türkəm, budur" - deyə qəti cavab vermişdir. O, məmləkəti Türkiyəni daim uca tutaraq "Nobel mükafatını, bütün elmi uğurlarını Türkiyədə sülh üçün verərdim" - qənaətdə olduğunu bəyan etmişdir. Türkiyə Cümhuriyyətində də Əziz Sancara dövlət rəhbərliyi və xalq səviyyəsində, elmi ictimaiyyət arasında xüsusi ehtiram göstərilir. Professor Əziz Sancar 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Qardaş ölkədə Anadolu liseyləri Əziz Sancarın adını daşıyır. O, 1997-ci ildə mühüm elmi xidmətlərinə görə Türkiyə Elm və Texnoloji Şurasının Elm mükafatı ilə təltif olunmuşdur. Görkəmli elm xadimi həm də Vəhbi Qoç mükafatı laureatıdır.

Nobel mükafatı laureatı, professor Əziz Sancarın həyatı və fəaliyyəti Azərbaycanla üzvü surətdə bağlıdır. Əziz Sancar doğma məmləkəti Türkiyə kimi Azərbaycanı da özünün Vətəni hesab edir. Bu haqda o, 28 may 2021-ci il tarixdə Azərbaycanda ilk dəfə keçirilən "Texnofest Azərbaycan" Aerokosmik və Texnologiya Festivalındakı çıxışı zamanı gənclərə müraciətində xüsusi olaraq fikirlərini aşağıdakı kimi ifadə etmişdir: "Əziz gənclər. Vətənimizi sevməkdən əsla vaz keçməyin. Vətənimizə, insanlarımıza fayda verməyən işlərin davamlı olmayacağını bilin… Vətənimizin, - Vətənimiz dediyim zaman mən həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam, onu da açıqlayım, - yüksəlməsi üçün lap çox çalışın… İnadkar olun, məğlubiyyəti əsla qəbul etməyin".

Bundan başqa, Amerikanın Şimali Karolina Universitetində yaşayıb-işləyən Əziz Sancar 2021-ci ildə ölkəmizdə Nizami Gəncəvi adına Qızıl medalla təltif olunarkən bu medalın əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş "xarici ölkə vətəndaşı" sözlərini qəbul etməyərək, yalnız medalın vəsiqəsində "Azərbaycan alimi" sözləri yazıldıqdan sonra həmin mükafatın sahibi olduğunu bildirmişdir. Həmçinin professor Əziz Sancar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə 1 avqust 2023-cı il tarixdə göndərdiyi məktubda da "Hər kəsə məlumdur ki, mən Azərbaycanı öz vətənim hesab edirəm. Azərbaycan üçün əlimdən gələni yaparam" - sözlərini yazmaqla bir daha ölkəmizə və xalqımıza olan dərin bağlılığını və sevgisini ifadə etmişdir.

Nobel mükafatı laureatı Əziz Sancarı ilk dəfə Azərbaycana 2017-ci ildə İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov dəvət etmişdir. Əziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetində tələblərlə görüş zamanı Azərbaycana xüsusi rəğbət bəslədiyini ifadə etmiş, eyni zamanda, "türk dünyasının birliyini görmək istədiyini" və yeni nəslin öz ölkəsini sevməklə yanaşı, həm də türk dünyasına da xidmət etməsinin türk xalqlarından hər biri üçün zəruri olduğunu diqqətə çatdırmışdır. Bu görüş İqtisad Universiteti ilə Şimali Karolina Universiteti arasında əlaqələrin yaradılması üçün körpü funksiyasını yerinə yetirmişdir.

İqtisad Universitetinin Elmi şurası professor Əziz Sancarı dünya elminin inkişafındakı böyük xidmətlərinə və Azərbaycan elmi ictimaiyyəti ilə əlaqələrinə görə bu ali məktəbin - UNEC-in fəxri professoru seçmişdir. Bundan başqa, İqtisad Universitetindəki laboratoriyalardan birinə Nobel mükafatı laureatı, professor Əziz Sancarın adı verilmişdir. İqtisad Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elşən Bağırzadə doğma universitetlə,  ümumiyyətlə Azərbaycanın elm və ali təhsil müəssisələri və eyni zamanda türk dünyası ilə professor Əziz Sancarın əlaqələrini qurmaq üçün şərəfli koordinatorluq missiyasını məsuliyyətlə yerinə yetirir.

Azərbaycan Respublikasında gedən ictimai-siyasi prosesləri diqqətlə və böyük maraqla izləyən professor Əziz Sancar ölkəmizin bütün uğurlarına ürəkdən sevinən və nailiyyətlərimizi beynəlxalq səviyyədə təbliğ edən böyük vətəndaş alimdir. O, Azərbaycanın ən ağır problemi olan Qarabağ məsələsini də diqqətlə izləmiş, bu istiqamətdə gedən proseslərə daim özünün obyektiv münasibətini bildirmiş, yaşayıb fəaliyyət göstərdiyi dairədə və beynəlxalq elmi ictimaiyyət arasında Azərbaycan həqiqətlərini, Qarabağ savaşının mahiyyətini təbliğ edib, çox sualları cavablandırmışdır. İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılan tarixi Zəfəri möhtəşəm qələbə kimi bayram hissi ilə qarşılayan Əziz Sancar bu hadisəni türk dünyasının ən böyük zəfərlərindən biri kimi qiymətləndirmişdir. Əziz Sancar bəyan etmişdir ki, "Mənə görə Azərbaycanın Qarabağ Zəfəri Atatürkün İstiqlal savaşından sonra Türk dünyasının ən böyük Zəfəridir".

Müşahidələr və Əziz Sancarın qeydləri göstərir ki, o, Qarabağ hadisələrini uzun illər ərzində böyük həssaslıqla araşdırıb öyrənərək Azərbaycan xalqının hiss və həyəcanlarına, iztirablarına şərik olmuş, sevincimizi ürəkdən bölüşmüşdür. Professor Əziz Sancarın 4 iyun 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən mətbuat konfransında verdiyi müsahibədəki aşağıdakı sözlər onun Qarabağ hadisələrinin bütün mərhələlərinin, kədərli-sevincli hadisələrinin içində olduğunu əyani şəkildə göstərir: "Azərbaycana ilk gəldiyim zaman Qarabağ işğal altında idi. Bütün danışıqlarımızda bu məsələ hər kəsin düşüncəsinə hakim idi. İkinci səfərimdə Qarabağ işğaldan azad olunsa da, Xankəndi düşmənin əlində idi və bunun da narahatlığı var idi.

Bu səfərimdə isə ünsiyyətdə olduğum insanlarda bir rahatlıq olduğunu hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar, indi torpaq dərdimiz yoxdur. Bundan sonra həyatımıza normal davam edəcəyik".  

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağının 29 noyabr 2023-cü il tarixli iclasında professor Əziz Sancar Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Milli Elmlər Akademiyasının dəvəti ilə Nobel mükafatı laureatı, professor Əziz Sancar 2024-cü ildə ölkəmizə səfər etmişdir. Milli Elmlər Akademiyasının təşəbbüsü ilə 30 may - 6 iyun 2024-cü il tarixlərində "Əziz Sancar həftəsi" təşkil edilmişdir.  Milli Elmlər Akademiyasının təşkil etdiyi "Əziz Sancar həftəsi" türk Nobel mükafatçısının Bakı şəhərindəki Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarının, Şəhidlər Xiyabanının və Türk şəhidliyinin ehtiramla ziyarət edilməsi ilə başlamışdır. "Əziz Sancar həftəsi"  çərçivəsində Nobel mükafatı laureatı Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Akademiyasının əhatə etdiyi elmi tədqiqat institutlarının əməkdaşları ilə görüşmüş, Akademiyanın Mərkəzi Elmi Kitabxanasında olmuşdur. Akademiya Ümumi Yığıncağının 3 iyun 2024-cü il tarixdə keçirilmiş iclasında Amerikanın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Əziz Sancara Milli Elmlər Akademiyasının həqiqi üzvü diplomu və vəsiqəsi təqdim olunmuşdur. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tarixi binasında görkəmli elm xadiminin özünün iştirakı ilə Akademiya tərəfindən təsis edilmiş "Əziz Sancar şərəf otağı"nın rəsmi açılış mərasimi keçirilmişdir. Burada professor Əziz Sancarın haqqında yazılmış kitablar və məqalələrlə, habelə onun AMEA-ya təqdim etdiyi elmi əsərlərlə tanış olmaq mümkündür. Həmçinin AMEA Rəyasət Heyətinin qərarı ilə tibb və təbiət elmləri sahəsində mühüm elmi nailiyyətlər qazanmış görkəmli alimlərə vermək üçün "Əziz Sancar döş nişanı" təsis edilmişdir. İlk olaraq bu akademik mükafata Azərbaycandan Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və  Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev, Türkiyə Cümhuriyyətindən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar layiq görülmüşlər.

"Əziz Sancar həftəsi"  günlərində Nobel mükafatı laureatı Əziz Sancarla Bakı Dövlət Universitetində, ADA Universitetində, Tibb Universitetində, Yunus Əmrə İnstitutunda görüşlər təşkil edilmişdir. Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin müşayiəti ilə professor Əziz Sancar Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. O, Naxçıvan Dövlət Universitetində muxtar respublikasının ziyalıları, universitetin professor-müəllim heyəti və tələbələri, AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə görüşmüş, onların qarşısında çıxış etmiş, göstərilən yüksək diqqətə görə dərin minnətdarlığını bildirmişdir. Həmçinin Əziz Sancar Şərur rayonuna səfər edərək, uşaqlıq arzusunun izi ilə buradan Türkiyə ərazisindəki Ağrı dağını ziyarət etmişdir. Onun Şərur rayonunun Danyeri kəndinin sakinləri ilə tanış olması, yerli mətbəxdən istifadə etməsi də "Əziz Sancar həftəsi"nin yaddaqalan hadisələrindən biri olmuşdur.

Görkəmli elm xadimi, professor Əziz Sancar 3 iyun 2024-cü il tarixdə Milli Elmlər Akademiyasının Ümumi Yığıncağında "Türk dünyasının elm siyasəti: reallıqlar və çağırışlar" mövzusunda elmi məruzə ilə çıxış etmiş, akademik cəmiyyətin suallarını cavablandırmışdır. Məruzənin adında ifadə olunan "türk dünyasının vahid elm siyasəti" Nobel mükafatı laureatı, professor Əziz Sancarın türk dünyasına elm vasitəsilə xidmət etmək üçün müəyyən etdiyi elmi konsepsiyadır. O, Nobel mükafatçısı kimi böyük elmi nüfuzundan istifadə edərək bütün imkanlarını Türkiyədə və Azərbaycanda, bütövlükdə türk dünyasında elmin inkişafına və yeni elmi nəslin formalaşmasına həsr edir. İxtisas etibarilə biokimya sahəsində dünya şöhrətli görkəmli elm xadimi olmasına baxmayaraq, professor Əziz Sancar geniş elmi dünyagörüşə və aydın siyasi baxışlara malik alim olduğu üçün o, elmi istiqamətindən asılı olmayaraq, bütün elm sahələrini əhatə edən konkret və düşünülmüş elm siyasəti həyata keçirmək vəzifəsini məsuliyyətlə və şərəflə yerinə yetirir. Böyük iftixar hissi ilə demək olar ki, Nobel mükafatı laureatı Əziz Sancar XXI əsr türk dünyası alimlərinin böyük ağsaqqalıdır. Türk xalqlarının elm adamları da Əziz Sancarı özlərinin fəxri kimi qəbul edir, ona xüsusi ehtiram göstərirlər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Əziz Sancarın fəaliyyətini yüksək qiymətləndirir. Əziz Sancarı 2021-ci ildə Prezident İgamətgahında qəbul edən dövlət başçımız onun türk dünyası üçün çalışmalarının və Azərbaycanla əlaqələrinin mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. Prezident İlham Əliyev Qarabağ müharibəsi dövründə Ermənistan tətəfindən Gəncə şəhərinin raket hücumlarına məruz qaldığı günlərdə hər iki valideynini itirmiş uşağa Əziz Sancarın yardım etməsini böyük insanpərvərlik nümunəsi hesab etmişdir. Bundan başqa, dövlətimizin başçısının dəstəyi ilə Əziz Sancar Azad Qarabağa səfər etmiş, tarixi diyardakı tarix və mədəniyyət abidələrini ziyarət etmək arzusunu gerçəkləşdirmişdir. Professor Əziz Sancar da öz növbəsində Prezident İlham Əliyevin Qarabağda qazandığı tarixi Zəfərin tarixdə xüsusi yeri olan böyük qələbə olmasını qürur hissi ilə qeyd etməklə, bundan sonrakı dövrlərdə də Azərbaycan elminin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırmışdır.

Elm sahəsindəki böyük nailiyyətləri və Azərbaycanla əlaqələri nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə professor Əziz Sancar "Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu ilə təltif olunmuşdur.

Son illərdə Nobel mükafatı laureatı Əziz Sancarın elm sahəsindəki böyük xidmətləri türk dünyası miqyasında da qiymətləndirilmişdir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY Daimi Şurasının 13 oktyabr 2023-cü il tarixdə Şuşa şəhərində qəbul etdiyi Qərara əsasən ona "Türk Dünyasının Mədəniyyət elçisi" fəxri adı verilmişdir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı da professor Əziz Sancarı ilk dəfə təsis olunan Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif etmişdir. Professor Əziz Sancar bu mükafata türk sivilizasiyasının inkişafına verdiyi elmi və mənəvi töhfələrə, türk dünyası üçün ortaq dəyərlərin təşviqindəki xidmətlərinə görə layiq görülmüşdür.

Bu il sentyabr ayının 8-də Nobel mükafatı laureatı, professor  Əziz Sancarın anadan olmasının 80 illiyi tamam olur. Bu münasibətlə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Əziz Sancar Akademiyanın döş nişanı ilə təltif olunmuş, görkəmli alimin AMEA Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanmış "Biblioqrafiya"sı ilk dəfə olaraq "Elm" nəşriyyatında nəşr edilmişdir. Onu da oxuculara çatdırmaq istəyirəm ki, 8 sentyabr 2026-cı il tarixdə keçiriləcək yubiley elmi sessiyasında professor Əziz Sancar özü də onlayn formatda iştirak və çıxış edəcəkdir.

Dünya şöhrətli görkəmli elm xadimi, Nobel mükafatı laureatı Amerika Şimali Karolina Universitetinin professoru Əziz Sancarın 80 illik yubileyi beynəlxalq elmi ictimaiyyət üçün əlamətdar hadisədir. Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü professor Əziz Sancarın yubileyi türk dünyasında, Türkiyədə və Azərbaycanda isə elmin təntənəsi və bayramı kimi qeyd olunur. Görkəmli elm xadimini və əziz dostumuzu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, türk dünyası alimlərinin böyük ağsaqqalına elm yollarında daha böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Azərbaycanda yeni görüşlərədək, möhtərəm yubilyarımız!

3 sentyabr 2026-cı il

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

“525-ci qəzet”

  • Paylaş: