Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradova “AMEA-nın Əziz Səncər döş nişanı” təqdim edilib.
İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 20 avqust 2026-cı il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Dövlət Proqramında Azərbaycanın zəngin tarixi-mədəni irsi, etnoqrafik müxtəlifliyi, qədim yaşayış məntəqələri və beynəlxalq ticarət yollarının mədəni turizm növünün inkişafı üçün geniş potensiala malik olduğu vurğulanır, bu istiqamətdə “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi, maddi və qeyri-maddi mədəni irs elementləri əsasında interaktiv turizm təcrübəsinə əsaslanan mədəni turizm məhsullarının yaradılması və təbliğ edilməsi nəzərdə tutulur.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi istiqamətində “Böyük İpək Yolu” turizm marşrutunun məzmununun hazırlanması, təsdiq edilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulması, “Böyük İpək Yolu” ilə əlaqədar turizm təcrübə məhsullarının yaradılması, turizm sənayesi və beynəlxalq tərəfdaşlar üçün məlumatlandırma tədbirinin keçirilməsi nəzərdə tutulub və Azərbaycan Milli Elmlər Akademiyası bu tədbirin icraçı qurumlarından biri kimi müəyyən edilib.
Həmçinin “Milli dadlar” elektron qastronomiya portalının təkmilləşdirilməsi çərçivəsində Azərbaycanın milli mətbəx irsinin elektron portalda toplanılması və sistemləşdirilməsi, portalda olan məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası, portalın beynəlxalq və yerli arenada təbliğ edilməsi planlaşdırılır və Azərbaycan Milli Elmlər Akademiyası bu tədbirin iştirakçı qurumlarından biri kimi müəyyən olunub.
Bundan əlavə, Dövlət Proqramında tədqiqat layihələrinin dəstəklənməsi mexanizminin tətbiqi üzrə analitik məhsulların və tədqiqatların istiqamətlərinin müəyyən edilməsi, tədqiqatların təşviqi mexanizminə dair təkliflərin hazırlanması, təşviq mexanizminin tətbiqi yolu ilə analitik məhsulun hazırlanması, tədqiqatın aparılması və dəstəklənməsi də nəzərdə tutulub və AMEA bu tədbirin də iştirakçı qurumlarından biri kimi müəyyənləşdirilib.
Dövlət Proqramının qəbulunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə verdiyi diqqətin, önəmin xüsusi bir ifadəsi olduğunu deyən akademik İsa Həbibbəyli həmçinin bildirib ki, Azərbaycanda turizm sahəsinin, sosial-mədəni sahənin vacib sahələrindən biri kimi inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu qeyd olunmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Dövlət Turizm Agentliyi ilə geniş əməkdaşlıq əlaqələri olduğunu deyən akademik İsa Həbibbəyli birgə hazırlanmış “Milli dadlar” layihəsinin və eyniadlı onlayn platformanın ilk təqdimat mərasiminin ötən il Rəyasət Heyətində keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, mədəniyyətimizin ayrılmaz hissəsi olan zəngin milli mətbəx irsimizin qorunması, sistemli şəkildə öyrənilməsi, dünyaya təbliği və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır və bununla bağlı AMEA-nın Tarix və Etnologiya, həmçinin Folklor institutlarında mühüm tədqiqatlar aparılır.
Akademik İsa Həbibbəyli maddi-mədəni irsimizin qorunması, yeni turizm marşrutlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Turizm Agentliyi arasında arxeoloji qazıntılara dair birgə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu istiqamətdə tədqiqatların ildən-ilə genişləndiyini söyləyib.
“Hesab edirəm ki, Dövlət Turizm Agentliyi ilə bir yerdə cənab Prezidentin təsdiq elədiyi Dövlət Proqramının icraçısı olmaq həm bizim akademik borcumuzdur, vəzifəmizdir, həm də bizim üçün şərəfdir. Eyni zamanda bu bizim Turizm Agentliyi ilə indiyə qədər olan əlaqələrimizi daha da genişləndirməyə kömək edəcək. Biz ölkəmizdə turizmin inkişafına elmin dəstəyini təmin edəcəyik. İnanıram ki, bizim birgə fəaliyyətimiz həm Dövlət Turizm Agentliyi üçün, həm də ölkəmizdə arxeologiyanın, mətbəx mədəniyyətinin, folklorun, tarixin öyrənilib inkişaf etməsinə, qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcəkdir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Əliyev isə çıxışında qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə bu günə qədər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər icra olunub və alimlərimizin akademik rəyi, elmi araşdırmaların gücü həmişə öz sözünü deyib. O bildirib ki, Dövlət Proqramı çərçivəsində Dövlət Turizm Agentliyi ilə Akademiya 3 əsas istiqamət üzrə çalışacaqdır.
İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının təklifləri əsasında AMEA-nın Tədbirlər planının hazırlanması qərara alınıb və müvafiq tapşırıqlar verilib.
Daha sonra iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan dövlətinin beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğatın qarşısının alınması və neytrallaşdırılmasına dair Fəaliyyət Planı”nın təsdiq edilməsi haqında” 31 iyul 2026-cı il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, Fəaliyyət Planında Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan mədəni irsinin xarici ölkələrdə araşdırılması və müasir rəqəmsal texnologiyaların tətbiqi ilə sistemləşdirilməsi, diplomatik kommunikasiya materiallarının elmi təminatı, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı yanlış məlumatların düzəldilməsi, eləcə də xarici alim və tədqiqatçılar tərəfindən Azərbaycanşünaslıq istiqamətində elmi araşdırmaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirakı nəzərdə tutulub. Azərbaycan Milli Elmlər Akademiyası Fəaliyyət Planının bir sıra bəndləri üzrə iştirakçı qurumlardan biri kimi müəyyən edilib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, müxtəlif dövrlərdə beynəlxalq müstəvidə mədəniyyətimizə, musiqimizə, milli mətbəximizə sahib çıxılmağa çalışılıb və hər zaman Akademiya, alimlərimiz onlara tutarlı cavab verib.
AMEA rəhbəri sözügedən sənədin vacibliyinə diqqət çəkib, Akademiyanın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə görüləcək işlərə dair konkret təkliflərini Rəyasət Heyətinə təqdim etmələrini tapşırıb.
Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bolqarıstan Respublikasına səfərinin yekunları haqqında məlumat verib. AMEA rəhbəri qeyd edib ki, Azərbaycan və Bolqarıstan Elmlər Akademiyaları arasında elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə elmi tədqiqatların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Bolqarıstana səfəri çərçivəsində Bolqarıstan EA-nın prezidenti müxbir üzv Evelina Slavçeva və həmin akademik qurumun Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə memarlıq, arxeologiya, etnologiya, folklor, incəsənət tarixi və digər humanitar sahələrdə birgə işlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Səfər zamanı Azərbaycan və Bolqarıstan Elmlər Akademiyalarının ortaq layihəsi kimi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Şəki Regional Elmi Mərkəzi tərəfindən hazırlanmış “Qabrovo yumoru və Şəki gülüşü” kitabı Bolqarıstan EA Rəyasət Heyətinin üzvlərinə, eləcə də Ədəbi Tədqiqatlar İnstitutuna və Etnologiya və Folklor İnstitutuna təqdim olunub.
AMEA Rəyasət Heyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatların nəticələri haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, 10 iyun - 3 iyul 2026-cı il tarixlərində AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində 2026-cı ilin birinci yarısında aparılmış elmi-tədqiqat işlərinin, həmçinin elmi-təşkilati fəaliyyətin yekunlarına dair yarımillik hesabatların müzakirəsi keçirilib. Elmi müəssisə və təşkilatların hesabat iclaslarında AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları da iştirak ediblər. Hesabat iclaslarının nəticələrinə dair AMEA-nın müvafiq elmi bölmələrində müzakirələr aparılıb, qərarlar qəbul olunub, növbəti yarımillik fəaliyyət üçün elmi müəssisə və təşkilatlara tövsiyə və tapşırıqlar verilib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinin nəticələrinə dair “İslahatların keyfiyyət dəyişikliklərinə keçidi: institusional yenilənmə, elmi məzmun, beynəlxalq görünürlük” mövzusunda hesabatı təqdim edib.
O qeyd edib ki, 2026-cı ilin birinci yarısının nəticələrində əsas diqqət ayrı-ayrı kəmiyyət göstəricilərinin mexaniki artımına deyil, AMEA-da aparılan islahatların elmi fəaliyyətin məzmununda yaratdığı keyfiyyət dəyişikliklərinə yönəldilməlidir. Sərxan Xavəri diqqətə çatdırıb ki, hesabat dövründə 1011 məqalə (367-si xaricdə), 594 tezis, konfrans materialı, 107 kitab, 73 monoqrafiya çap olunub, 90 beynəlxalq tədbir keçirilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin ilk altı ayında “Web of Science” və “Scopus” bazalarında indekslənən məqalələrin sayı artaraq 47-yə yüksəlib.
Müəssisələr üzrə statistik göstəriciləri təqdim edən filologiya elmləri doktoru Sərxan Xavəri bildirib ki, elmi müəssisələrin fəaliyyət profilləri əhəmiyyətli dərəcədə fərqlənir - bir müəssisə monoqrafik tədqiqatlarda, digəri məqalə nəşrində, başqa biri beynəlxalq indeksli nəşrlərdə, digəri isə elmi kadr hazırlığında daha yüksək fəallıq göstərir. Onun sözlərinə görə, elmi fəaliyyətin qiymətləndirilməsində kəmiyyət göstəricilərindən keyfiyyət, beynəlxalq görünürlük və elmi təsir göstəricilərinə keçidin gücləndirilməsi zəruridir.
Şöbə müdiri vurğulayıb ki, 2026-cı ilin birinci yarısının nəticələri AMEA-da son illərdə həyata keçirilən islahatların elmi fəaliyyətin strukturunda və məzmununda tədricən keyfiyyət dəyişiklikləri yaratdığını göstərir. AMEA-nın 4 illik fəaliyyəti nəticəsində cəmiyyətdə humanitar diskurs mühüm paradiqmalardan birinə çevrilib, dövlət siyasətinin formalaşmasında və ideoloji diskursun normativləşməsində mühüm rola malik olub.
Alim, həmçinin çıxışında WoS/Scopus nəşrlərinin genişləndirilməsi, beynəlxalq elmi görünürlüyün artırılması, elmmetrik qiymətləndirmənin gücləndirilməsi, uğurlu təcrübənin öyrənilməsi və zəif göstəricilərin ayrıca təhlili kimi təkliflərini səsləndirib.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabatların nəticələri təsdiq olunub və müvafiq tapşırıqlar verilib.
İclasda, o cümlədən AMEA əməkdaşlarına 2026-cı ilin birinci yarısı üzrə impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi məsələsinə baxılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-da çalışan alim və mütəxəssislərin beynəlxalq elmmetrik bazalarda indekslənən, yüksək reytinqli elmi jurnallarda nəşr fəallığının artırılmasını stimullaşdırmağa hesablanmış məqsədyönlü fəaliyyət nəticəsində impakt faktorlu (“Web of Science” və “Scopus”) jurnallarda çap olunan məqalələrin sayı ötən illərlə müqayisədə kəskin artıb. AMEA rəhbəri mükafatlandırma mexanizminin bu prosesdə alimləri stimullaşdırmaqla yanaşı, onları qlobal elmi informasiya resurslarına və elektron elmmetrik bazalara çıxışa təşviq etdiyini bildirib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA əməkdaşlarının 2026-cı ilin birinci yarısında “Web of Science” və “Scopus” bazalarında indekslənən elmi nəşrlərinin vəziyyəti və əsas tendensiyalar” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, 2024-cü ildən start götürən institusional reformalar və tətbiq edilən stimullaşdırma mexanizmləri artıq ölçülə bilən mühüm elmi nəticələrə gətirib çıxarıb.
Sərxan Xavəri vurğulayıb ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin ilk altı ayında beynəlxalq bazalarda indekslənən elmi işlərin sayında kəskin artım müşahidə olunub. Bu artım yalnız kəmiyyət göstəricisi olmayıb, prosesin institusional miqyasda genişlənməsinin bariz nümunəsidir. Belə ki, beynəlxalq bazalarda təmsil olunan AMEA strukturlarının sayı iki dəfə artıb.
Sərxan Xavəri çıxışının sonunda qeyd edib ki, əldə olunan nəticələr son məqsəd deyil, yeni keyfiyyət mərhələsinin başlanğıcıdır. Qarşıda duran əsas strateji vəzifələr nəşr fəallığının bütün AMEA strukturları üzrə balanslaşdırılması, kvartil və istinad göstəricilərinin yüksəldilməsi, eləcə də beynəlxalq elmi təsirin daha da gücləndirilməsindən ibarətdir.
Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının 2026-cı ilin birinci yarısı üzrə “Web of Science” və “Scopus” bazasında indekslənən jurnallarında dərc olunmuş məqalələrinin siyahısı təsdiq edilib və onların hər birinin mükafatlandırılması qərara alınıb.
İclasda, o cümlədən AMEA-nın Gəncə Bölməsinin fəaliyyətinin optimallaşdırılması haqqında məsələyə də baxılıb. Bölmənin tərkibindəki Humanitar Tədqiqatlar İnstitutu ilə Diyarşünaslıq İnstitutunun birləşdirilərək daxili imkanlar və mövcud ştat vahidləri hesabına Humanitar Elmlər və Diyarşünaslıq İnstitutunun yaradılması məqsədəuyğun hesab edilib.
Rəyasət Heyəti tərəfindən sözügedən məsələ ilə bağlı müvafiq qərar verilib.
İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransının keçirilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin əldə etdikləri elmi nəticələrin ümumiləşdirilməsi və elmi ictimaiyyətə təqdim olunması, müxtəlif elm sahələrində fəaliyyət göstərən gənc tədqiqatçılar arasında elmi kommunikasiyanın genişləndirilməsi, multidissiplinar əməkdaşlıq imkanlarının yaradılması, perspektivli tədqiqat istiqamətlərinin və yeni elmi təşəbbüslərin müəyyənləşdirilməsi, gənc alimlərin müasir elmi çağırışlara münasibətinin öyrənilməsi baxımından onların vahid elmi platformada bir araya gətirilməsinə ehtiyac vardır.
Akademik İsa Həbibbəyli ilk dəfə keçiriləcək konfransın gənc alimlərin elmi yaradıcılığının stimullaşdırılması, onların əldə etdikləri mühüm nəticələrin elmi ictimaiyyətə təqdim edilməsi, elmi fikir və təcrübə mübadiləsinin genişləndirilməsi, yeni elmi əməkdaşlıqların formalaşdırılması və AMEA-da həyata keçirilən yeniləşmə prosesində elmi gəncliyin rolunun daha da artırılması məqsədi daşıyır.
İclasda konfransın dekabr ayında keçirilməsi qərara alınıb və Təşkilat komitəsi yaradılıb.
Həmçinin iclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda seysmoloji elmin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” respublika elmi konfransının keçirilməsi məsələsinə də baxılıb.
Məsələ ilə bağlı məlumat verən Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli elmi konfransın əsas məqsədinin Azərbaycanda aparılan müasir seysmoloji tədqiqatların nəticələrini elmi ictimaiyyətə təqdim etmək, müsair və aktual tədqiqat istiqamətlərini müəyyənləşdirmək, müxtəlif elm sahələri arasında fənlərarası tədqiqatların genişləndirilməsinə təkan vermək olduğunu bildirib.
AMEA Rəyasət Heyəti tərəfindən 20 oktyabr 2026-cı il tarixində sözügedən konfransın keçirilməsi qərara alınıb.
İclasda, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsində daxili imkanlar və mövcud ştat vahidləri hesabına Sosial media sektorunun yaradılması, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin Rəqəmsal arxiv sektorunun adının dəyişdirilərək Rəqəmsal arxiv və bərpa sektoru adlandırılması, AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.
Daha sonra iclasda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru Abid Tahirlinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Məmməd Əliyevin Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevanın Ədəbiyyat İnstitutunun Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt şöbəsinin müdiri, filologiya elmləri doktoru Nərgiz Hacıyevanın AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılovun Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, Vəfa Atayevanın AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, Ayşən Salmanovanın isə Şəki Regional Elmi Mərkəzinin elmi katibi vəzifəsinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.
Rəyasət Heyətinin iclasında, o cümlədən AMEA-nın müxbir üzvü Misir Mərdanovun 80, AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin isə 100 illiyi haqqında qərarlar qəbul edilib.
İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.