Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Rəyasət Heyətinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi ilə birgə rəqəmsal hesabatlılığa keçidlə bağlı müzakirə keçirilib.
Müzakirədə Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və həmin şöbənin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Ədəbiyyat İnstitutu tərəfindən ilk dəfə iyun ayında yarımillik hesabat yeni bal sistemiylə təqdim edilmişdir. AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi İREMB (İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası) bazasında EFRDM (Elmi Fəaliyyətin Rəqəmsal Dəyərləndirilməsi Meyarları) sistemi yaradılmışdır. Sistem əməkdaşların şəxsi kabinet sistemi ilə hesabatın elektron təqdimatına və nəticələrin bal sistemi ilə dəyərləndirilməsinə imkan yaradır.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsal hesabatla bağlı aparılan işlər barəsində geniş məlumat verib. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında Ədəbiyyat İnstitutunda görülən işlərdən və müasir dövrün tələblərinə cavab verən elmi yeniliklərdən söz açıb. Rəhbərliyin tapşırığı ilə ənənəvi plan işi formasının dəyişdirilməsi istiqamətində həyata keçirilən yeniliklərdən danışıb. Rəqəmsallaşma dövründə həmin plan işlərinin elmi dövriyyədə görünmədiyini, müasir meyarlarla ölçülə bilmədiyini diqqətə çatdırıb. Əlavə edib ki, müasir dövrdə ənənəvi hesabatdan rəqəmsal hesabata keçid dövrün tələbidir.
Sonra AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov çıxışında rəqəmsallaşmanın dünya tələbi olduğunu vurğulayıb. Bildirib ki, test üçün bal sisteminin beynəlxalq dəyərləndirmə formasını hazırlayıblar. Daha sonra şöbə tərəfindən hazırlanmış İREMB (İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası) bazasında EFRDM (Elmi Fəaliyyətin Rəqəmsal Dəyərləndirilməsi Meyarları) sistemi ərtafında müzakirələr aparılıb, təkliflər verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.