Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.09.2026 11:00
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

Humanitar Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə Elmi şuranın sədri, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb və gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin “Azərbaycan dilinin 2040-cı ilədək inkişaf perspektivləri: çağırışlar və strateji hədəflər” mövzusunda elmi məruzəsi dinlənilib.

Məruzədə Azərbaycan dilinin 2040-cı ilədək inkişaf perspektivləri, qarşıda duran müasir çağırışlar və strateji hədəflər geniş təhlil olunub. Bildirilib ki, Azərbaycan dili xalqımızın milli varlığını, tarixi yaddaşını və dövlətçilik ənənələrini yaşadan mühüm mənəvi sərvətdir. XXI əsrdə dilin davamlılığı və funksional imkanlarının genişlənməsi isə onun yalnız ədəbi və ictimai mühitdə deyil, eyni zamanda elm, texnologiya, rəqəmsal platformalar və süni intellekt sistemlərində fəal istifadəsi ilə bilavasitə bağlıdır.

Qeyd olunub ki, 2040-cı il perspektivində əsas məqsəd Azərbaycan dilinin qorunması ilə yanaşı, onun müasir elmi-texnoloji inkişafın tələblərinə uyğunlaşdırılması, rəqəmsal mühitdə funksional imkanlarının genişləndirilməsi və rəqabətqabiliyyətli dil resurslarının formalaşdırılmasıdır.

Çıxışda Azərbaycan dilində rəqəmsal məzmunun yetərli səviyyədə olmaması, terminoloji pərakəndəlik, habelə süni intellekt sistemlərində dilimizin imkanlarının məhdudluğu əsas çağırışlar sırasında səsləndirilib. Azərbaycan dilinin maşınlar və rəqəmsal texnologiyalar tərəfindən daha effektiv emalını təmin etmək məqsədilə geniş elektron mətn korpuslarının, nitq nümunələrinin, morfoloji və sintaktik resursların yaradılmasının zəruriliyi vurğulanıb.

Eyni zamanda, sosial media və gənclərin ünsiyyət dilində müşahidə olunan yeni tendensiyalara qadağalar müstəvisindən deyil, canlı dil proseslərinin elmi əsaslarla öyrənilməsi və ədəbi dil normaları ilə müasir dil istifadəsi arasında optimal balansın yaradılması baxımından yanaşılmasının vacibliyi irəli sürülüb.

İnformasiya texnologiyaları və yeni elm sahələri üzrə xarici terminlərin mexaniki şəkildə mənimsənilməsinin qarşısının alınması, Azərbaycan dilində terminoloji sistemin ardıcıl və vahid prinsiplər əsasında inkişaf etdirilməsi üçün vahid elektron terminoloji bazanın yaradılmasının əhəmiyyəti qeyd edilib.

Məruzədə gənc nəslin Azərbaycan dilinin gələcək daşıyıcısı olduğu nəzərə alınaraq, onların ana dilində müasir, keyfiyyətli və cəlbedici rəqəmsal məzmunla təmin edilməsinin mühüm strateji hədəflərdən biri olduğu bildirilib. 2040-cı ilədək əsas prioritetlər sırasında Milli Dil Korpusunun və yeni nəsil elektron lüğətlərin yaradılması, eləcə də Azərbaycan dilinin beynəlxalq rəqəmsal məkanda mövqeyinin gücləndirilməsi xüsusi vurğulanıb.

Yekunda qeyd olunub ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu qarşıdakı dövrdə yalnız fundamental və tətbiqi dilçilik araşdırmalarının aparıldığı elmi müəssisə kimi deyil, həm də milli dil siyasətinin elmi təminatında fəal iştirak edən, rəqəmsal və tətbiqi layihələr həyata keçirən aparıcı elmi mərkəz kimi fəaliyyətini genişləndirməlidir.

Məruzə ətrafında Dilçilik İnstitutunun süni intellekt və rəqəmsal inkişaf üzrə direktor müavini filologiya elmləri doktoru Məsud Mahmudov və Nəzəri dilçilik şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlham Tahirov çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Professor Nadir Məmmədlinin elmi məruzəsi iclas iştirakçıları tərəfindən müzakirə edilərək qəbul olunub.

İclas çərçivəsində Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən son dövrdə hazırlanaraq nəşr olunmuş yeni elmi əsərlər barədə də məlumat verilib. Akademik İsa Həbibbəylinin müəllifi olduğu “Akademik Məmməd Cəfər Cəfərov” monoqrafiyası, Elçin İsmayılov və müəlliflər kollektivinin hazırladığı “Qərbi Azərbaycan toponimləri” kitabının II cildi, həmçinin “Qarabağ və Şərqi Zəngəzur toponimləri” kitabının I cildi Elmi Şura üzvlərinin diqqətinə təqdim edilib.

Bildirilib ki, sözügedən nəşrlər Azərbaycan humanitar elminin müxtəlif istiqamətləri üzrə aparılan fundamental və tətbiqi tədqiqatların mühüm nəticələrini özündə əks etdirir, milli-mədəni və ədəbi irsin hərtərəfli və sistemli şəkildə öyrənilməsi, elmi dövriyyəyə daxil edilməsi və gələcək araşdırmalar üçün zəngin mənbə bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxılıb, eləcə də bir sıra kadr məsələləri müzakirə olunub.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt şöbələrinə, həmçinin Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili və nitq mədəniyyəti və Onomastika şöbələrinə müdiri vəzifələrinə namizədlərin təsdiq olunması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Bununla yanaşı, humanitar yönümlü elmi müəssisələrin əməkdaşlarının baş, aparıcı və elmi işçi vəzifələrinə təyinatı ilə bağlı bölmənin müvafiq qərarları təsdiq olunub.

İclasda Azərbaycan humanitar elminin inkişafı, tədqiqi və təbliğində mühüm xidmətləri olan alimlərin yubileylərinin qeyd edilməsi ilə bağlı məsələlərə də baxılıb.

Elmi şuranın sədri akademik İsa Həbibbəylinin tapşırığına əsasən, görkəmli yazıçı, dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm xidmətləri olan akademik Mirzə İbrahimovun anadan olmasının 115 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Humanitar Elmlər Bölməsi və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə elmi sessiyanın keçirilməsi qərara alınıb. Qeyd edilib ki, Mirzə İbrahimov zəngin yaradıcılığı, çoxşaxəli elmi-ədəbi fəaliyyəti və milli ədəbiyyatın inkişafına verdiyi töhfələrlə Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus mövqeyə malikdir.

Həmçinin AMEA-nın müxbir üzvü Abbas Zamanovun 115 illiyi diqqətə çatdırılıb. Alimin milli ədəbiyyatşünaslıq elminin inkişafına verdiyi töhfələr nəzərə alınaraq, Azərbaycan Yazıçılar Birliyi, Bakı Dövlət Universiteti və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə elmi sessiyanın keçirilməsi barədə qərar qəbul olunub.

İclasda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor İradə Köçərli 70 illik yubileyi münasibətilə AMEA-nın Döş nişanı ilə təltif olunub.

Elmi şuranın iclası gündəlikdə duran məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: