(əvvəli qəzetin 16 sentyabr 2026-cı il tarixli sayında)
Azərbaycan dilinin beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi yalnız informasiya yayımı məsələsi deyil, həm də milli dil resurslarının, elmi və mədəni irsin rəqəmsal mühitdə tanıdılması və əlçatanlığının təmin edilməsi məsələsidir. Bu baxımdan Azərbaycan dilinin rəqəmsal resurslarının genişləndirilməsi, beynəlxalq platformalarda təmsilçiliyinin artırılması və dil texnologiyalarında istifadəsinin inkişaf etdirilməsi gələcək dil siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır.
Strateji hədəflər
Qarşımıza konkret hədəflər qoymadan gələcək haqqında danışmaq çətindir. Qarşıdakı mərhələdə əsas məqsəd Azərbaycan dilinin yalnız qorunması deyil, müasir elmin, texnologiyanın və rəqəmsal dünyanın fəal dili kimi inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün bir-biri ilə əlaqəli bir neçə strateji istiqamət müəyyənləşdirmək olar.
1. Rəqəmsal Azərbaycan dili
2040-cı ilə qədər Azərbaycan dilinin əsas rəqəmsal mühitlərdə tam funksional istifadəsi təmin edilməli, dilin axtarış sistemlərində, səs texnologiyalarında, elektron tərcümə vasitələrində, təhsil platformalarında, dövlət xidmətlərində və süni intellekt tətbiqlərində yüksək keyfiyyətlə tanınması, emalı və generasiyası mümkün olmalıdır. Cəmiyyət rəqəmsal dünyanın imkanlarından öz dilində rahat və keyfiyyətli şəkildə istifadə edə bilməlidir.
Bu strateji hədəfin reallaşdırılması üçün Azərbaycan dilinin müasir rəqəmsal infrastrukturunun formalaşdırılması, zəruri milli dil resurslarının yaradılması və yenilənməsi, dil texnologiyalarının inkişaf etdirilməsi və müxtəlif rəqəmsal platformalarda Azərbaycan dilinin funksional imkanlarının genişləndirilməsi təmin edilməlidir.
2. Müasir milli dil korpusu
2040-cı ilə qədər müasir Azərbaycan dilinin müxtəlif funksional üslub və fəaliyyət sahələrini əhatə edən, daim yenilənən və elmi tədqiqat, təhsil, lüğətçilik, terminologiya və rəqəmsal texnologiyalar üçün etibarlı mənbə kimi istifadə oluna bilən Azərbaycan Dilinin Milli Korpusunun formalaşdırılması təmin edilməlidir.
Milli Korpusda bədii ədəbiyyatla yanaşı, media, elmi, hüquqi, hərbi, inzibati, təhsil, internet və danışıq dili nümunələri, eləcə də müxtəlif elm və peşə sahələrinə aid mətnlər təmsil olunmalıdır. Korpus müasir Azərbaycan dilinin real işlənmə xüsusiyyətlərini əks etdirməli, elmi-metodoloji prinsiplər əsasında qurulmalı və yeni dil materiallarının mütəmadi şəkildə əlavə edilməsinə imkan verən dinamik infrastruktur kimi fəaliyyət göstərməlidir.
Milli Korpusun yaradılması və inkişafında müxtəlif aidiyyəti qurumların, elm və təhsil müəssisələrinin, eləcə də müvafiq sahələr üzrə mütəxəssislərin imkanlarının əlaqələndirilməsi, vahid elmi-metodoloji prinsiplərin tətbiqi və korpusun elmi keyfiyyətinin davamlı şəkildə qiymətləndirilməsi təmin edilməlidir.
3. Süni intellekt və Azərbaycan dili resursları
2040-cı ilə qədər Azərbaycan dilinin süni intellekt və digər müasir dil texnologiyalarında yüksək səviyyədə tanınması, emalı və generasiyası üçün zəruri dil məlumatlarının, verilənlər bazalarının və texnoloji resursların formalaşdırılması təmin edilməlidir.
Bu məqsədlə nitqin avtomatik tanınması, nitqdən mətnə və mətndən nitqə çevirmə, maşın tərcüməsi, avtomatik mətn təhlili, orfoqrafik və qrammatik yoxlama, semantik təhlil və digər dil texnologiyaları üçün zəruri resursların hazırlanması, mövcud resursların təkmilləşdirilməsi və yenilənməsi vacibdir. Azərbaycan dilinin morfoloji, sintaktik, semantik və digər dil xüsusiyyətlərini əks etdirən işarələnmiş və sistemləşdirilmiş məlumat bazalarının yaradılması bu prosesin mühüm tərkib hissəsi olmalıdır.
Bu resursların hazırlanmasında vahid elmi-metodoloji prinsiplərin tətbiqi, müxtəlif qurumların və mütəxəssislərin imkanlarının əlaqələndirilməsi, yaradılan məlumat və alətlərin elmi keyfiyyətinin və texnoloji səmərəliliyinin davamlı şəkildə qiymətləndirilməsi təmin edilməlidir.
4. Yeni nəsil elektron lüğətlər
2040-cı ilə qədər Azərbaycan dilinin əsas lüğət resurslarının müasir rəqəmsal texnologiyaların imkanlarından istifadə edilməklə yenilənməsi və yeni nəsil elektron və interaktiv lüğətlərin formalaşdırılması təmin edilməlidir. Bu lüğətlər ənənəvi söz–izah prinsipi ilə məhdudlaşdırılmamalı, istifadəçiyə sözün mənası ilə yanaşı, onun düzgün yazılışını və tələffüzünü, qrammatik xüsusiyyətlərini, nümunə cümlələrdə işlənməsini, sinonim və antonimlərini, terminoloji qarşılığını və digər dil xüsusiyyətlərini təqdim etməlidir.
Yeni nəsil elektron lüğətlər Milli Korpus və digər müasir dil resursları əsasında hazırlanmalı, dilin real işlənmə xüsusiyyətlərini əks etdirməli və yeni söz və mənaların, eləcə də dil istifadəsində baş verən dəyişikliklərin mütəmadi şəkildə lüğətlərə daxil edilməsinə imkan verən dinamik resurslar kimi fəaliyyət göstərməlidir.
Belə lüğətlər yalnız məlumat mənbəyi deyil, istifadəçiyə dil haqqında müxtəlif istiqamətlərdə kömək edən müasir və interaktiv dil platformaları olmalı, təhsil, elm, peşəkar fəaliyyət və gündəlik kommunikasiya üçün əlçatan və etibarlı dil resursu kimi istifadə edilməlidir.
5. Azərbaycan terminologiyasının rəqəmsallaşdırılması
2040-cı ilə qədər Azərbaycan dilində müxtəlif elm, texnologiya və peşə sahələrində işlənən terminlərin vahid rəqəmsal sistemdə toplanması, elmi baxımdan araşdırılması, sistemləşdirilməsi və daim yenilənməsi təmin edilməlidir. Bu sistemdə hər bir terminin aid olduğu sahə, anlayışın izahı, Azərbaycan dilində qarşılığı, mümkün variantları və işlənmə xüsusiyyətləri haqqında məlumatların təqdim edilməsi nəzərdə tutulmalıdır.
Yeni terminlərin yaradılması və ya mövcud terminlərin seçilməsi zamanı onların elmi və linqvistik baxımından ekspertizasının aparılması, müxtəlif sahələr üzrə terminoloji məlumatların əlaqələndirilməsi və terminoloji vahidliyin təmin edilməsi mühüm prinsiplərdən biri olmalıdır. Terminoloji məlumatların vahid rəqəmsal mühitdə toplanması və yenilənməsi müxtəlif sahələrdə eyni anlayış üçün fərqli və ziddiyyətli qarşılıqların yaranmasının qarşısının alınmasına və elmi-professional kommunikasiyanın dəqiqliyinin artırılmasına imkan verə bilər.
Belə bir rəqəmsal terminoloji sistem yalnız məlumat bazası kimi deyil, terminlərin yaradılması, ekspertizası, sistemləşdirilməsi, istifadəsinin izlənilməsi və yenilənməsi üçün vahid elmi-metodoloji platforma kimi formalaşdırılmalıdır.
6. Dil mədəniyyətinin yüksəldilməsi
2040-cı ilə qədər Azərbaycan dilindən düzgün, aydın, dəqiq və ifadəli istifadənin cəmiyyətin müxtəlif kommunikasiya sahələrində genişləndirilməsi, dil mədəniyyətinin yüksəldilməsi və ədəbi dil normalarına əməl olunması üçün əlverişli dil mühitinin formalaşdırılması təmin edilməlidir.
Dil mədəniyyətinin inkişafı yalnız dil səhvlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə məhdudlaşmamalı, cəmiyyətə düzgün dil nümunələrinin təqdim edilməsi, müasir və əlçatan normativ dil resurslarının yaradılması və Azərbaycan dilindən istifadə edən şəxslərin dil biliklərinin və yazı mədəniyyətinin inkişaf etdirilməsini də əhatə etməlidir. Bu prosesdə məktəb və ali təhsil müəssisələri ilə yanaşı, media, dövlət qurumları, elm və təhsil müəssisələri, nəşriyyatlar və rəqəmsal platformalar da fəal iştirak etməlidirlər.
Xüsusilə kütləvi informasiya vasitələrinin və rəqəmsal platformaların geniş auditoriyaya təsiri nəzərə alınaraq, bu sahələrdə ədəbi dil normalarının tətbiqinə və keyfiyyətli dil nümunələrinin yayılmasına xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı, dil mədəniyyətinin yüksəldilməsi əsasən qadağa və cəza mexanizmlərinə deyil, düzgün dil nümunələrinin geniş yayılmasına, normativ resursların əlçatanlığına və dil istifadəsi üçün əlverişli şəraitin yaradılmasına əsaslanmalıdır.
7. Azərbaycan dilində elmi və rəqəmsal məzmunun artırılması
2040-cı ilə qədər Azərbaycan dilində elm, texnologiya, təhsil, tarix, mədəniyyət və digər bilik sahələrini əhatə edən yüksək keyfiyyətli rəqəmsal məzmunun əhəmiyyətli dərəcədə artırılması və geniş istifadə üçün əlçatan olması təmin edilməlidir. Gələcək nəsil elmi və ya texnoloji məlumat axtararkən onu yalnız başqa dillərdə deyil, Azərbaycan dilində də əldə edə bilməlidir.
Bu məqsədlə Azərbaycan dilində elmi və tədris ədəbiyyatının, ensiklopedik və məlumat xarakterli resursların, rəqəmsal təhsil materiallarının, eləcə də elm və mədəniyyət sahələrinə aid digər keyfiyyətli məzmunun yaradılması və rəqəmsallaşdırılması təşviq edilməlidir. Mövcud elmi və mədəni irsin rəqəmsal mühitə keçirilməsi ilə yanaşı, müasir biliklərin Azərbaycan dilində ardıcıl şəkildə istehsalı və yayılması da təmin olunmalıdır.
Azərbaycan dilində elmi və rəqəmsal məzmunun genişlənməsi yalnız informasiya ehtiyaclarının ödənilməsinə deyil, həm də Azərbaycan dilinin müasir elmi və texnoloji biliklərin ifadə vasitəsi kimi funksional imkanlarının genişləndirilməsinə xidmət etməlidir.
Dilçilik İnstitutunun missiyası
Azərbaycan dilinin 2040-cı ilə qədər inkişafını təmin edən strateji hədəflərin həyata keçirilməsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun üzərinə mühüm vəzifələr düşür. Dilçilik İnstitutu bu prosesdə yalnız Azərbaycan dilinin müxtəlif istiqamətlərini araşdıran akademik qurum kimi deyil, milli dil siyasətinin elmi təminat mərkəzlərindən biri kimi çıxış etməlidir. Bu rol dilin inkişafı ilə bağlı mühüm proseslərin elmi əsaslarının hazırlanmasını, müasir dil hadisələrinin sistemli şəkildə öyrənilməsini, milli dil resurslarının yaradılması üzrə fəaliyyətin metodoloji və elmi baxımdan təmin edilməsini, aidiyyəti qurumlar arasında əlaqələndirməni və yaradılan resursların elmi ekspertizasını əhatə etməlidir.
Bu baxımdan Dilçilik İnstitutunun 2040-cı il perspektivində fəaliyyətinin əsas istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:
1. Elmi-tədqiqat təminatı
Azərbaycan dilində baş verən struktur, funksional, sosial və rəqəmsal dəyişikliklərin sistemli şəkildə öyrənilməsi, onların inkişaf dinamikasının müəyyənləşdirilməsi və əldə olunan elmi nəticələrin dil siyasətinin və dil praktikasının elmi təminatında istifadəsi.
2. Milli dil resurslarının elmi-metodoloji və əlaqələndirmə təminatı
Azərbaycan dilinin müasir tələblərə cavab verən milli dil resurslarının yaradılması müxtəlif elmi müəssisələrin, ali təhsil və digər aidiyyəti qurumların, informasiya texnologiyaları üzrə mütəxəssislərin və müxtəlif peşə sahələrinin nümayəndələrinin birgə fəaliyyətini tələb edən genişmiqyaslı vəzifədir. Bu prosesdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əsas rolu resursların hazırlanmasında bilavasitə iştirak etməklə yanaşı, onların hazırlanmasının elmi-metodoloji prinsiplərini müəyyənləşdirmək, aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək, vahid elmi yanaşmaların tətbiqinə metodoloji dəstək vermək və yaradılan resursların elmi keyfiyyətinin ekspertizasını və monitorinqini həyata keçirməkdən ibarət ola bilər.
Bu istiqamətdə Azərbaycan dilinin milli korpusunun, rəqəmsal dil resurslarının, elektron lüğətlərin, dil bazalarının və digər zəruri resursların yaradılması üzrə milli səviyyəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına töhfə verilməlidir.
3. Normativ və terminoloji ekspertiza
Azərbaycan ədəbi dilinin normativ sistemində baş verən dəyişikliklərin elmi əsaslarla izlənilməsi, yeni dil hadisələrinin araşdırılması və qiymətləndirilməsi, eləcə də müxtəlif elm və texnologiya sahələrində terminoloji proseslərin elmi baxımdan əlaqələndirilməsi və ekspertiza ilə təmin edilməsi.
Bu istiqamətdə yeni terminlərin yaranması və işlənməsi, onların Azərbaycan dilinin daxili imkanlarına, elmi dəqiqliyə və real dil istifadəsinə uyğunluğu araşdırılmalı, terminoloji resursların sistemləşdirilməsi və rəqəmsal bazaların yaradılmasına elmi-metodoloji dəstək göstərilməlidir.
4. Rəqəmsal dil siyasətinin elmi təminatı
Azərbaycan dilinin süni intellekt, avtomatik dil emalı, rəqəmsal kommunikasiya və digər texnoloji mühitlərdə funksional imkanlarının genişləndirilməsi üçün zəruri dil resurslarının, metodoloji prinsiplərin və elmi yanaşmaların müəyyənləşdirilməsi.
Bu istiqamətdə AMEA Nəsimi adına Dilçilik İnstitutu informasiya texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlarla əməkdaşlıq edərək Azərbaycan dilinin texnoloji sistemlərdə tanınması, emalı və istifadəsi üçün zəruri dil resurslarının hazırlanmasına elmi töhfə verməlidir.
Bu missiyaların həyata keçirilməsi ayrı-ayrı fəaliyyət sahələri kimi deyil, vahid milli dil infrastrukturu çərçivəsində qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Elmi-tədqiqat nəticələri milli dil resurslarının yaradılmasına, həmin resurslar elektron lüğətlərin və terminoloji bazaların formalaşdırılmasına, bütün bu resurslar isə Azərbaycan dilinin rəqəmsal texnologiyalarda və süni intellekt sistemlərində daha geniş və keyfiyyətli istifadəsinə xidmət etməlidir.
Bu çərçivədə Dilçilik İnstitutunun iştirakı ilə və aidiyyəti qurumlarla əməkdaşlıq əsasında aşağıdakı prioritet elmi və tətbiqi layihələrin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər:
1. Azərbaycan Dilinin Milli Korpusu. Müasir Azərbaycan dilinin müxtəlif funksional üslub və fəaliyyət sahələrini əhatə edən, elmi-tədqiqat, təhsil, lüğətçilik və rəqəmsal texnologiyalar üçün istifadə oluna bilən milli korpusun yaradılmasında iştirak etmək, onun elmi-metodoloji prinsiplərinin müəyyənləşdirilməsinə və aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə elmi-metodoloji dəstək vermək, yaradılan korpusun elmi keyfiyyətinin ekspertizasını və monitorinqini həyata keçirmək.
2. Azərbaycan dilinin rəqəmsal atlası. Azərbaycan dilinin respublikada və respublikadankənar dialekt və şivələrinin, söz ehtiyatının və digər dil xüsusiyyətlərinin rəqəmsal xəritələşdirilməsi və sistemləşdirilməsi.
3. Müasir Azərbaycan dilinin elektron lüğətləri. Korpus və digər müasir dil resursları əsasında yeni nəsil elektron və interaktiv lüğətlərin hazırlanmasında iştirak etmək, onların elmi-metodoloji prinsiplərinin işlənməsinə və aidiyyəti qurumlarla əməkdaşlığın təmin edilməsinə elmi dəstək vermək.
4. Azərbaycan dili və süni intellekt. Süni intellekt və avtomatik dil emalı sistemlərinin Azərbaycan dilini daha keyfiyyətli tanıması, emal etməsi və generasiya etməsi üçün zəruri dil resurslarının hazırlanması üzrə elmi tədqiqat və aidiyyəti qurumlarla əməkdaşlığın təşkili.
5. Azərbaycan terminologiyasının rəqəmsallaşdırılması. Müxtəlif elm və texnologiya sahələrinə aid terminlərin toplanması, araşdırılması, Azərbaycan dilində qarşılıqlarının müəyyənləşdirilməsi, elmi ekspertizadan keçirilməsi, sistemləşdirilməsi və rəqəmsal terminoloji bazanın yaradılması.
6. Azərbaycan dilinin rəqəmsal monitorinqi. Media, sosial şəbəkələr və digər rəqəmsal mühitlərdə Azərbaycan dilinin işlənmə xüsusiyyətlərinin, yeni dil hadisələrinin və normativ dəyişmələrin sistemli şəkildə öyrənilməsi.
7. Azərbaycan dilinin beynəlxalq informasiya məkanında mövqeyi. Azərbaycan dilində elmi, ensiklopedik, tarixi və mədəni məlumatların rəqəmsal mühitdə genişləndirilməsi, sistemləşdirilməsi və əlçatanlığının artırılmasına elmi və metodoloji dəstək verilməsi.
8. Gənclərin dili. Gənclərin sosial media və rəqəmsal mühitdə istifadə etdiyi dilin sistemli şəkildə öyrənilməsi, yeni söz və ifadələrin izlənməsi və bu proseslərin Azərbaycan dilinin inkişaf dinamikası baxımından qiymətləndirilməsi.
Belə layihələrin həyata keçirilməsində Dilçilik İnstitutunun iştirakı onun fundamental və tətbiqi elmi tədqiqatlarının cəmiyyətin və dövlətin dil sahəsindəki real ehtiyacları ilə daha sıx əlaqələndirilməsinə, müxtəlif qurumların elmi, texnoloji və digər imkanlarının vahid milli dil inkişafı strategiyası çərçivəsində əlaqələndirilməsinə və Azərbaycan dilinin inkişafı üçün zəruri milli dil infrastrukturunun formalaşdırılmasına mühüm töhfə verə bilər.
2040-cı ilə qədər Azərbaycan dili üçün ən böyük hədəf sadəcə onu qorumaq deyil, onu gələcəyin elmi, texnoloji və rəqəmsal dünyasında tam funksional və rəqabətqabiliyyətli dilə çevirməkdir. Gələcəyin dilini yalnız qorumaqla qurmaq mümkün deyil – onu bu gündən yaratmaq lazımdır.
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor