Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

15.09.2026 12:23
  • A-
  • A
  • A+

Milli musiqi irsinin keşiyində

Milli musiqi irsinin keşiyində

Professor İradə Köçərlinin elmi yaradıcılıq yolu və Azərbaycan musiqi irsinin tədqiqinə töhfələri

Azərbaycanın zəngin musiqi mədəniyyəti əsrlər boyu formalaşmış böyük bir mənəvi irsdir. Bu irsi qorumaq, araşdırmaq, elmi şəkildə sistemləşdirmək və gələcək nəsillərə çatdırmaq üçün yalnız sənət sevgisi deyil, böyük elmi məsuliyyət də tələb olunur. Azərbaycan musiqişünaslığında bu məsuliyyəti uzun illərdir ardıcıl şəkildə daşıyan alimlərdən biri AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlidir.

İradə Köçərlinin elmi və pedaqoji fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinin müxtəlif istiqamətlərinin öyrənilməsi ilə sıx bağlıdır. Onun tədqiqatlarında xalq musiqisi, aşıq sənəti, musiqi folkloru, bəstəkarlıq irsi, musiqi mənbəşünaslığı və milli musiqi irsinin qorunması kimi məsələlər mühüm yer tutur. Bu geniş maraq dairəsi onun Azərbaycan musiqi mədəniyyətinə ayrı-ayrı sahələrin məcmusu kimi deyil, bir-biri ilə bağlı bütöv bir sistem kimi yanaşdığını göstərir.

Elmi yaradıcılığın əsas istiqamətləri

İradə Köçərlinin elmi yolunun mühüm mərhələlərindən biri 1994-cü ildə “Azərbaycan xalq musiqi yaradıcılığında şikəstə” mövzusunda namizədlik dissertasiyasını müdafiə etməsi olub. Azərbaycan musiqi ənənəsində özünəməxsus yeri olan şikəstənin araşdırılması sonrakı elmi fəaliyyətinin də əsas istiqamətlərindən birinə çevrilib.

2012-ci ildə isə “Aşıq sənətində sinkretizm və sintez problemlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2013-cü ildə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alan alim 2017-ci ildə professor elmi adına layiq görülüb.

Aşıq sənətinin tədqiqi professorun yaradıcılığında xüsusi yer tutur. “Aşıq sənəti: musiqili-poetik janrlar” və “Aşıq sənəti: sinkretizm və sintez problemləri” kimi əsərlərində aşıq yaradıcılığının musiqi və poetik xüsusiyyətləri, müxtəlif sənət komponentlərinin qarşılıqlı əlaqəsi və ənənənin formalaşma prinsipləri araşdırılır.

Bu tədqiqatlar aşıq sənətinə yalnız ifaçılıq nümunəsi kimi deyil, musiqi, poeziya, ifaçılıq və şifahi ənənəni özündə birləşdirən mürəkkəb və zəngin bir sənət sistemi kimi yanaşmağa imkan verir.

Arxivlərdə qorunan musiqi yaddaşı

Professor İradə Köçərlinin elmi fəaliyyətində milli musiqi irsinin qiymətli mənbələrinin üzə çıxarılması və elmi dövriyyəyə gətirilməsi xüsusi əhəmiyyət daşıyır. O, uzun illər arxiv materialları üzərində işləyərək Azərbaycan musiqi tarixinin müxtəlif səhifələrinin yenidən araşdırılmasına imkan verən nəşrlərin hazırlanmasında iştirak edib.

M.S.İsmayılovun, C.Hacıyevin və Niyazinin not əlyazmaları əsasında hazırlanmış nəşrlər bu istiqamətdə görülən ardıcıl elmi işin mühüm nümunələrindəndir. “M.S.İsmayılovun not əlyazmaları. “Reyhan” dastanı”, “C.Hacıyevin not əlyazmaları. “Qurbanı” dastanı”, “M.S.İsmayılovun not yazıları. Təsniflər”, “M.S.İsmayılovun not yazıları. El oyun havaları”, “C.Hacıyev və M.S.İsmayılovun not əlyazmaları. Azərbaycan el havaları. Kağan dağlar”, “Niyazinin not əlyazmaları. Xalq mahnıları” kimi nəşrlər bu fəaliyyətin nəticələrindəndir.

Bu işin əsas dəyəri ondadır ki, vaxtilə yazıya alınmış, lakin uzun müddət geniş elmi və mədəni dövriyyəyə daxil olmayan musiqi materialları yenidən tədqiqatçıların, ifaçıların və sənətsevərlərin istifadəsinə verilir.

Son illərdə professor Fikrət Əmirovun irsinə də xüsusi diqqət yetirib. “Fikrət Əmirov və milli musiqi irsi” kitabında bəstəkarın yaradıcılığı xalq musiqisi ilə əlaqələri kontekstində araşdırılır. Cövdət Hacıyevin Azərbaycan xalq mahnıları əsasında hazırlanan “Səs və fortepiano üçün işləmələr” nəşrində tərtibçi və həmmüəllif kimi iştirakı da onun arxiv və mənbəşünaslıq istiqamətindəki fəaliyyətinin davamıdır.

Beləliklə, arxiv materialları professorun yaradıcılığında sadəcə keçmişə aid sənədlər deyil, milli musiqi yaddaşının bu günü və gələcəyi ilə əlaqələndirilən mühüm elmi mənbələr kimi çıxış edir.

Azərbaycan musiqi tarixinin şəxsiyyətləri

İradə Köçərlinin elmi maraqları xalq musiqisi və aşıq sənəti ilə məhdudlaşmır. O, Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığının tanınmış nümayəndələrinin həyat və yaradıcılığına dair çoxsaylı məqalə və oçerklərin müəllifidir.

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Ə.Eldarova, M.S.İsmayılov, A.Tağızadə, İ.Əfəndiyeva, Z.Səfərova, R.Məmmədova, Ş.Həsənova, K.Dadaşzadə və digər sənət və elm xadimlərinin yaradıcılığına müraciət etməsi onun Azərbaycan musiqi mədəniyyətinin tarixini şəxsiyyətlər üzərindən də araşdırdığını göstərir.

Bu istiqamətdəki araşdırmalar bir tərəfdən ayrı-ayrı sənətkarların yaradıcılıq irsini işıqlandırır, digər tərəfdən isə onların Azərbaycan musiqisinin inkişafındakı rolunu daha geniş tarixi və mədəni kontekstdə dəyərləndirməyə imkan verir.

Elm və pedaqogikanın vəhdəti

Professor İradə Köçərlinin fəaliyyətinin mühüm istiqamətlərindən biri də pedaqoji və elmi rəhbərlik işidir. O, çoxsaylı magistr dissertasiyalarına rəhbərlik edib, namizədlik və fəlsəfə doktorluğu dissertasiyalarında rəsmi opponent kimi çıxış edib. Hazırda da doktorantlara elmi rəhbərlik edir.

Onun elmi-pedaqoji fəaliyyətinin mühüm göstəricilərindən biri rəhbərlik etdiyi gənc tədqiqatçıların elmi müdafiələrə hazırlanması və onların alim kimi formalaşmasına verdiyi töhfədir.

İradə Köçərlinin elmi və pedaqoji fəaliyyəti bir-birini tamamlayır. “Azərbaycan xalq musiqisinin əsasları”, “Azərbaycan xalq musiqi yaradıcılığı”, “Azərbaycan xalq ifaçılıq sənəti tarixi”, “Musiqi mənbəşünaslığı” kimi tədris proqramlarının hazırlanmasında iştirakı, aşıq sənətinin müxtəlif istiqamətlərinə həsr olunmuş dərs vəsaitləri onun bu sahədəki fəaliyyətinin mühüm hissəsini təşkil edir.

AMEA-da elmi fəaliyyət və rəhbərlik

Professor İradə Köçərlinin AMEA ilə bağlı fəaliyyəti də uzunmüddətli və ardıcıldır. O, AMEA Memarlıq və İncəsənət İnstitutunda uzun illər elmi fəaliyyət göstərib və Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsinin araşdırılması istiqamətində çalışan elmi kollektivə rəhbərlik edib. Struktur dəyişikliklərindən sonra şöbənin Musiqi folkloru adlandırılması ilə də rəhbərlik fəaliyyətini bu istiqamətdə davam etdirir.

Bu gün Musiqi folkloru şöbəsi Azərbaycan xalq musiqisinin müxtəlif istiqamətlərinin araşdırıldığı, arxiv və not materiallarının öyrənildiyi, milli musiqi irsinin elmi əsaslarla tədqiq edildiyi mühüm elmi mühitlərdən biridir.

Alimdən əvvəl insan

Lakin İradə xanımı yalnız elmi əsərləri, elmi dərəcələri və tutduğu vəzifələrlə xarakterizə etmək onun şəxsiyyətini tam ifadə etməz.

Onu yaxından tanıyan və rəhbərliyi altında çalışan insanlar üçün İradə xanım, hər şeydən əvvəl, mehriban, qayğıkeş və insanlara diqqətlə yanaşan bir rəhbərdir.

Şöbə rəhbəri kimi onun fəaliyyəti yalnız elmi və inzibati məsələlərin həlli ilə məhdudlaşmır. O, kollektivdə hər bir əməkdaşın fikrinə və əməyinə dəyər verməyə, yaranan məsələlərə insan amilini nəzərə alaraq yanaşmağa çalışır. Elmi tələbkarlıqla yanaşı, kollektivdə qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin qorunmasına xüsusi əhəmiyyət verir.

Mənim üçün də İradə xanımla eyni şöbədə çalışmaq və onun rəhbərliyi altında fəaliyyət göstərmək xüsusi bir təcrübədir. Onun həm alim, həm də rəhbər kimi fəaliyyətini yaxından müşahidə etmək, elmi məsələlərə yanaşmasından, təcrübəsindən və insanlarla ünsiyyətindən bəhrələnmək imkanım olub.

İradə xanımın qayğıkeşliyi xüsusilə çətin məqamlarda, əməkdaşların işinə və yaradıcılığına münasibətində özünü göstərir. Bəzən rəhbərin dəyəri yalnız verdiyi tapşırıqlarla deyil, kollektiv üzvlərinə göstərdiyi diqqət və dəstəklə ölçülür. İradə xanımın rəhbərliyini fərqləndirən cəhətlərdən biri də məhz budur.

Milli yaddaşın keşiyində

Bütün bunları bir araya gətirdikdə professor İradə Köçərlinin fəaliyyətinin əsas xətti aydın görünür: Azərbaycanın milli musiqi yaddaşını qorumaq, onu elmi şəkildə araşdırmaq və gələcək nəsillərə çatdırmaq.

Onun tədqiqatlarında arxiv sənədləri, not əlyazmaları, xalq musiqisi nümunələri, aşıq yaradıcılığı və bəstəkarlıq irsi vahid bir mədəni yaddaşın müxtəlif təzahürləri kimi bir araya gəlir.

Bu baxımdan professor İradə Köçərlinin elmi fəaliyyəti yalnız ayrı-ayrı əsərlərin və musiqi nümunələrinin öyrənilməsi ilə məhdudlaşmır. Bu fəaliyyət Azərbaycan musiqi mədəniyyətinin tarixi yaddaşını qorumağa, unudulmaq təhlükəsi ilə üzləşə biləcək mənbələri üzə çıxarmağa və milli musiqi irsini yeni elmi yanaşmalarla öyrənməyə xidmət edir.

70 illik yubiley münasibətilə

Hörmətli İradə xanım!

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik!

Ömrünüzün böyük bir hissəsini Azərbaycan musiqi mədəniyyətinin öyrənilməsinə, milli musiqi irsimizin qorunmasına, elmi tədqiqinə və gələcək nəsillərə çatdırılmasına həsr etmisiniz. Bu yubiley yalnız bir ömrün yetmiş illik mərhələsi deyil, həm də Azərbaycan musiqişünaslığına verilmiş dəyərli töhfələrin, uzun illər ərzində görülmüş elmi əməyin və yetişdirdiyiniz tədqiqatçıların əlamətdar göstəricisidir.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi yaradıcılığınızda yeni uğurlar və doğma Azərbaycan musiqisinin tədqiqi yolunda yeni-yeni nailiyyətlər arzulayırıq.

70 illik yubileyiniz mübarək, əziz və hörmətli İradə xanım!

Fəridə Mirişova, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri

“525-ci qəzet”

  • Paylaş: