Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Bir ömrün musiqi salnaməsi - İradə Köçərli – 70
14.09.2026 14:48
  • A-
  • A
  • A+

Bir ömrün musiqi salnaməsi - İradə Köçərli – 70

Azərbaycan musiqişünaslıq elmində xalq musiqisinin, xüsusilə aşıq sənətinin tədqiqi istiqamətində mühüm elmi nəticələr əldə etmiş alimlərdən biri də İradə Köçərlidir. Onun uzun illər ərzində apardığı elmi araşdırmalar Azərbaycan etnomusiqişünaslığının inkişafında xüsusi yer tutur. Alimin yaradıcılıq yolu xalq musiqisinin mühüm problemlərinin araşdırılması, aşıq sənətinin nəzəri və praktik xüsusiyyətlərinin öyrənilməsi, eləcə də milli musiqi irsinin toplanması, nota yazılması və elmi dövriyyəyə daxil edilməsi ilə səciyyələnir. Azərbaycan xalq musiqisinin müxtəlif mövzularına həsr edilmiş 3 monoqrafiya, 14 elmi kitab, onlarla elmi məqalə və məruzələrin müəllifi olan İ.Köçərli həmçinin xeyli sayda tədris proqramları və metodik vəsaitlərin müəllifi və elmi redaktorudur.

İ.Köçərli 11 sentyabr 1956-cı ildə Gədəbəyin İsalı kəndində dövrün tanınmış ziyalısı, tarixçi, pedaqoq və elm xadimi Tofiq Köçərlinin ailəsində  dünyaya göz açmışdır. 1963-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Müxtəlif illərdə Sumqayıt Musiqi Texnikumunda, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1989-cu ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, dosent, kafedra müdiri, professor kimi çalışmışdır. 2000-ci ildən etibarən İ.Köçərli AMEA Memarlıq və İncəsənət İnstitutunun “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” şöbəsində çalışır və 2014-cü ildən şöbəyə (struktur dəyişikliklərindən sonra şöbə “Musiqi folkloru” adlanır) rəhbərlik edir. 1994-cü ildə İ.Köçərli “Azərbaycan xalq musiqi yaradıcılığında şikəstə” adlı dissertasiya işini müdaifə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2012-ci ildə “Aşıq sənətində sinkretizm və sintez problemlərinin tədqiqi” adlı doktorluq dissertasiyasını müdaifə edərək sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə alim Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Professor elmi adına layiq görülmüşdür. 

İradə Köçərlinin yaradıcılığı xalq musiqisinin mühüm problemlərini əks etdirən elmi əsərlərlə zəngindir. “Azərbaycan xalq musiqi yaradıcılığında Şikəstə” adlı elmi tədqiqat əsəri alimin yaradıcılıq yolunun əsas istiqamətini müəyyənləşdirmişdir. Beləliklə, İradə Köçərlinin aşıqşünaslıq istiqamətindəki çalışmaları ildən-ilə genişlənərək “Aşıq sənəti – musiqili-poetik janrlar”, “Aşıq sənəti: sinkretizm və sintez problemləri” kimi mühüm elmi tədqiqatları əks etdirən monoqrafiyaların ərsəyə gəlməsinə yol açmışdır. Özündən əvvəlki alimlərin nailiyyətlərinə yüksək qiymət verən və öz əsərlərində onlara daim müraciət edən İ. Köçərlinin aşıq sənətinə verdiyi mühüm töhfələr, ilk növbədə, müəllifin toxunduğu elmi problemlərin yeniliyi və dərinliyi ilə ölçülür. Alim tərəfindən aşıq sənətinin ən mühüm cəhətlərindən biri olan sinkretizm probleminin yenidən aktuallaşdırılması və sintez problemi ilə qarşılaşdırılması Azərbaycan aşıqşünaslığında ilk dəfə həyata keçirilmişdir. Doktorluq dissertasiyasının əsas problemi kimi işlənmiş bu mövzu alimin növbəti tədqiqatlarında yeni müddəaların formalaşmasına təsir edərək İ.Köçərlinin aşıqşünas kimi elmi mövqeyini ortaya qoymuşdur. Saz-söz tandemində təbii sinkretizmdən sintezə gedən mədəni proseslərin kompleks yanaşma metodları ilə öyrənilməsi müəllifin aşıq sənəti ilə bağlı elmi araşdırmalarında aparıcı mövqe daşıyır. Bunu “Aşıq sənəti: musiqili-poetik janrlar” monoqrafiyasında, “Aşıq havalarında musiqili-poetik sintez problemlərinin tədqiqi”, “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq musiqisinin səs-məqam sistemi”, “Şikəstələrin bəzi musiqi-üslub xüsusiyyətləri” və digər elmi məqalələrində görə bilərik.

İ. Köçərlinin elmi fəaliyyətində əhəmiyyətli istiqamətlərdən biri də xalq musiqisinin toplanması, nota yazılması və nəşri ilə bağlı araşdırmalardır. Dahi Üzeyir bəy hər zaman xalq musiqisinin toplanmasını, nota yazılmasını və öyrənilməsini tövsiyə etmiş, öz həmkarlarını və tələbələrini bu mühüm işə sövq etmişdir. 1932-ci ildə yaradılmış Elmi Tədqiqat Musiqi Kabinetinin fəaliyyəti nəticəsində bəstəkar və musiqişünaslar Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilən ekspedisiya səfərlərinə cəlb olunaraq böyük və zəngin folklor irsinin toplanması, nota yazılması və məcmuələr şəklində çap olunmasında yaxından iştirak etmişlər. Bu fundamental irs sayəsində Azərbaycan xalq musiqisinin, aşıq və muğam sənətinin elmi tədqiqatlara cəlb edilməsi vüsət almış, yeni tədqiqat istiqamətlərinin formalaşması baş vermişdir.

Bu qiymətli xəzinəyə xüsusi həssaslıqla yanaşan İ. Köçərlinin, ilk növbədə, bir azərbaycanlı kimi qayğıkeş münasibəti nəinki onun kitablarında, tələbələri və rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə söhbətlərində, eləcə də hər nota, hər cizgiyə diqqətlə yanaşmaq, arxiv materialları ilə ehtiyatla davranmaqla bağlı tövsiyələrində özünü göstərir. Bu münasibət alimin milli musiqimizə olan böyük məhəbbətini və daxili bağlılığını nümayiş etdirir. Elmi Tədqiqat Musiqi Kabinetində toplanmış materialları dərindən araşdıran və arxiv materiallarını incələyən alim Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin, Cövdət Hacıyevin, Niyazinin, Fikrət Əmirovun, Zülfüqar Hacıbəyovun və musiqişünas alim Məmmədsaleh İsmayılovun xalq musiqisinin toplanmasında göstərdikləri xidmətləri yüksək qiymətləndirmiş, eləcə də çap olunmuş məcmuələrə daxil edilməyən, əlyazma şəklində qorunub saxlanılan mühüm bir irsi yenidən üzə çıxararaq musiqişünaslıq elminin diqqətini bu materiallara yönəltməyə nail olmuşdur.

İradə Köçərlinin “Cövdət Hacıyevin not əlyazmaları. “Qurbanı” dastanı (musiqili-poetik mətn), Aşıq havaları”, “Zülfüqar Hacıbəyov və Azərbaycan musiqi folkloru”, “Musiqişünas M. İsmayılovun not əlyazmaları. El oyun havaları”, “Musiqişünas Məmmədsaleh İsmayılovun not əlyazmaları (təsniflər)”, “Aşıq Hüseyn Şəmkirli. “Reyhan” dastanı”, “Fikrət Əmirov və milli musiqi irsi”, “Niyazinin not əlyazmaları”, “Cövdət Hacıyev və Məmmədsaleh İsmayılovun not əlyazmaları. Kağan dağların izi ilə” kitabları Azərbaycan xalq musiqisinin öyrənilməsi və folklor irsinin yenidən araşdırılması üçün mühüm elmi perspektivlər vəd edən tədqiqatlara yol açır. Bu kitablarda keçən əsrin 30–40-cı illərində toplanmış, nota yazılmış və məcmuələrə daxil edilmiş xeyli sayda musiqi nümunəsinin yenidən üzə çıxarılması, təhlili və müqayisəsi, eləcə də müasir not proqramları vasitəsilə tərtib edilməsi həyata keçirilmişdir. Bu isə etnomusiqişünas alimlərin diqqətini yenidən həmin zəngin irsə yönəltməklə yanaşı, xalq musiqimizin tarixi-mədəni dəyərlərinin araşdırılması, sistemləşdirilməsi və müasir elmi dövriyyəyə daxil edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İradə Köçərlinin 70 illik ömrünün əsas hissəsi həm də onun pedaqoji fəaliyyəti ilə bağlı olmuşdur. Uzun illər ölkənin nüfuzlu ali musiqi təhsili müəssisələrində çalışan alimin 44 il ərzində yetişdirdiyi yüzlərlə tələbələri bu gün respublikanın mühüm mövqelərində yer tutaraq milli musiqimizi layiqincə təmsil edir. Onlarla tələbəyə elmi rəhbərlik etmiş İ.Köçərlinin pedaqoji nailiyyətləri musiqi elmimizə bəxş etdiyi gənc tədqiqatçıların fəaliyyətində uğurlu nəticəsini tapır. Öz tələbələrinə daim sevgi və qayğı ilə yanaşan İ. Köçərli onların uğurlarına sevinir, müxtəlif tədbirlərdə onlardan qürur və fəxrlə danışır, yeni elmi və karyera pillələrinə yüksəlmələrinə səy göstərir. Bu cəhət onun əsl müəllim kimi yüksək şəxsiyyətinin bariz nümunəsidir. İ.Köçərli 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilmişdir.

Bu il İradə xanım 70 yaşını qeyd edir. Bir insan üçün 70 yaş ömrün müdriklik çağıdır, lakin bir alim üçün sanki deyiləsi sözlər, görüləsi işlər, paylaşılacaq elmi düşüncələr hələ qarşıdadır. Öz məhsuldar elmi və pedaqoji fəaliyyəti, gənc nəslə örnək ola biləcək yüksək mənəvi keyfiyyətləri, insanlıq nümunəsi və səmimiyyəti ilə onu tanıyan hər kəsin qəlbində dərin hörmət və sevgi qazanan dəyərli alim, peşəkar pedaqoq və gözəl insan İradə Köçərliyə bundan sonrakı həyat yolunda möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq və elmi uğurlar arzulayırıq. İnanırıq ki, onun zəngin elmi-pedaqoji təcrübəsi, dəyərli araşdırmaları və gənc musiqişünas nəslin yetişdirilməsinə verdiyi töhfələr bundan sonra da musiqi elmimizin inkişafına və zənginləşməsinə xidmət edəcəkdir. Qoy qarşıdakı illər İradə xanıma yeni elmi ideyalar, yaradıcılıq enerjisi və sevinc bəxş etsin, ömrünün bu müdrik çağı isə onun üçün yeni uğurların və gözəl başlanğıcların dövrünə çevrilsin.

Kəmalə ATAKİŞİYEVA, AMEA Memarlıq və İncəsənət İnstitutu Musiqi folkloru şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: