Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Altayşünaslığın keçmişi, bu günü və gələcəyi” mövzusunda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdəki Muzey-Sərgi zalını ziyarət ediblər.
Ziyarət zamanı qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar. Onlara müxtəlif tarixi dövrlərə aid arxeoloji materiallar və maddi-mədəni irs nümunələri haqqında məlumat verilib. Muzeyin zəngin ekspozisiyası Azərbaycanın qədim tarixinin və arxeoloji irsinin qorunması, tədqiqi və ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra simpozium iştirakçıları “Keçmişin sədası” sərgisinə baxış keçiriblər. Sərgidə Azərbaycan tarixindən, arxeoloji irsdən, memarlıq abidələrindən, milli ornamentlərdən və xalçaçılıq ənənələrindən ilhamlanan rəngkarlıq, xalçaçılıq, bədii toxuculuq, keramika və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur. Qonaqlara sərginin konsepsiyası və əsərlərdə tarixi-mədəni irsin müasir bədii ifadəsi barədə məlumat verilib.
Muzey və sərgi ilə tanışlıq zamanı qonaqlara AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Ekspozisiyanın Təşkili” şöbəsinin əməkdaşı Nurlana Həsənova, Arxeoloji Dərnəyin katibi, Xəzər Universitetinin Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Nəzrin Quliyeva, Dərnəyin Media və ictimaiyyətlə əlaqələr qrupunun rəhbəri, Xəzər Universitetinin Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Leyla Xalıqova və Arxeoloji Dərnəyin Sərgi qrupunun üzvü, “Keçmişin sədası” sərgisinin rəhbəri, kuratoru və rəssam Mətanət Teymurlu tərəfindən bələdçilik edilib.
Ziyarət zamanı simpozium iştirakçıları muzeyin ekspozisiyası və sərgi ilə bağlı fikir mübadiləsi aparıb, Azərbaycanın tarixi-mədəni irsinin qorunması və təqdimatı ilə bağlı məlumat əldə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.