Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ələkbər Salahzadənin yaradıcılığı haqqında tədqiqat əsəri işıq üzü görüb
14.09.2026 15:14
  • A-
  • A
  • A+

Ələkbər Salahzadənin yaradıcılığı haqqında tədqiqat əsəri işıq üzü görüb

Filologiya elmləri doktoru, professor Nizami Tağısoyun “Ələkbər Salahzadənin avanqard poetik sistemində tarixi yaddaş” adlı monoqrafiyası işıq üzü görüb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyevadır.

Ələkbər Salahzadə Azərbaycan poeziyasında özünəməxsus poetik dünyası, orijinal düşüncə tərzi və avanqard yaradıcılıq üslubu ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığı ilə bağlı müxtəlif illərdə ayrı-ayrı məqalə və tədqiqatlar aparılsa da, şairin özünə və sözünə, nə də şəxsiyyətinə dair hər hansı fundamental araşdırmalar işıq üzü görməyib.

Nizami Tağısoyun yeni monoqrafiyası məhz bu baxımdan xüsusi elmi əhəmiyyət daşıyır. Müəllif Ələkbər Salahzadənin həyat və yaradıcılıq yolunu, poetik dünyagörüşünü və ədəbi-estetik prinsiplərini geniş tədqiqat müstəvisində araşdıraraq şairin yaradıcılığının müxtəlif istiqamətlərinə kompleks yanaşır.

Monoqrafiyada Ələkbər Salahzadənin poeziyasında sərbəst vəzn, söz yaradıcılığı, poetik diskursda modernist üslub, peyzajın polifunksionallığı, idraki-fəlsəfi poeziyanın xüsusiyyətləri, poemalarında tarix və ədəbi şəxsiyyət məsələləri geniş təhlil olunur.

Tədqiqat əsərində, həmçinin şairin uşaq dünyası, poeziyasının başqa dillərə tərcüməsi, mütərcimlik fəaliyyəti və ədəbi tənqiddə Ələkbər Salahzadə obrazının formalaşması kimi məsələlərə də diqqət yetirilir.

Monoqrafiyanın əsas istiqamətlərindən biri Ələkbər Salahzadənin avanqard poetik sistemində tarixi yaddaşın bədii ifadə xüsusiyyətlərinin araşdırılmasıdır. Müəllif şairin poetik mətnlərini ədəbi-bədii, fəlsəfi-estetik, ontoloji və intellektual müstəvilərdə təhlil etməklə onun yaradıcılığının Azərbaycan poeziyasındakı yerini və əhəmiyyətini müəyyənləşdirməyə çalışır.

Əsər yalnız Ələkbər Salahzadə yaradıcılığının ayrı-ayrı aspektlərinin öyrənilməsi baxımından deyil, bütövlükdə Azərbaycan poeziyasında modernist və avanqard poetik düşüncənin inkişaf xüsusiyyətlərinin araşdırılması baxımından da maraq doğurur.

Monoqrafiya nəzəriyyəçilər, ədəbiyyatşünaslar, filosoflar, estetiklər, kulturoloqlar, Ələkbər Salahzadənin yaradıcılığı ilə maraqlanan tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

AzərTac

  • Paylaş: