Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin tədqiqat istiqamətlərindən biri kimi, həmçinin bu qədim şəhərin tarixin müxtəlif dövrlərinə aid sənət nümunələrinin sistemləşdirilərək, vahid toplu halında nəşri məqsədilə “Gəncə incəsənəti” adlı monoqrafiya çapdan çıxıb.
“Gəncə incəsənəti” bu şəhərin mövcudluğundan üzü bəri, burada müxtəlif istiqamətləriə aid sənət əsərlərini əhatə etməsi baxımından öz universallığı və rəngarəngliyi ilə seçilir. İstər fundamental elmi, istər də kütləvi xarakteri ilə sözügedən nəşr Gəncənin şəhər və el mədəniyyətinini tədqiq edənlər, eləcə də öyrənənlər üçün sanballı hədiyyədir.
AMEA-nın Gəncə Bölməsində kitabın nəşrinin başa çatdırılması münasibətilə toplantı keçirilib.
Nəşrin layihə rəhbəri, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Gəncə incəsənəti” monoqrafiyasının həm elmi mötəbərlik, həm də əsrlərdən gələn milli ruha bağlılıq baxımından şəhərin tarixi və mədəniyyəti üçün mühüm töhfə olduğunu diqqət çəkib.
O, kitabın ərsəyə gəlməsi prosesində memarlıq, heykəltəraşlıq, dekorativ-təsviri sənət, zərgərlik və digər bədii-metalişləmə sahələri, xalçaçılıq, ipəkçilik və sair toxuculuq üsulları, gil-saxsı və çini istehsalı və rəssamlığı, musiqi yaradıcılığı, həmçinin müxtəlif yönlü el sənəti və digər sənətkarlıq nümunələri üzrə mövzuların istiqamətlərinin işlənildiyi vurğulayıb.
Akademik Fuad Əliyev “Gəncə incəsənəti”nin mətn, illüstrasiya və tərtibatında elmi, informativ və estetik prinsiplərin bir-birini tamalamasını qeyd edib və bu sanballı əsərin işıq üzü görməsi münasibətilə təbriklərini çatdırıb, onun ərsəyə gəlməsi üçün əzmlə çalışan əməkdaşlara xüsusi təşəkkürünü bildirib.
Kitabın işçi heyətinin üzvləri də öz çıxışlarında bu əhəmiyyətli layihənin uğurla həyata keçirilməsi prosesində öz tövsiyə və dəstəyini əsirgəməyən, daim bu işi diqqətdə saxlayan akademik Fuad Əliyevə minnətdarlıq hisslərini və ürək sözlərini çatdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.