AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində paytaxtımızın qonağı olan Türkiyə Cümhuriyyəti Akdeniz Universitetinin Mədəni İrsin Bərpası və Mühafizəsi Departamentinin rəhbəri, Dünya Sualtı Konfederasiyasının Elmi Komitəsinin direktoru Dr. Hakan Önizi, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) Türkiyə Milli Komitəsinin və ICOMOS-un Sualtı Mədəni İrs üzrə Beynəlxalq Komitəsinin üzvü Dr. Ceyda Öztosunu, həmçinin, Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) layihə rəhbərləri Leyla Həsənovanı, Dr. Nuri Aksunu və Dr. Barış Doğrunu qəbul edib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev türkiyəli qonaqları salamlayaraq rəhbəri olduğu Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılan tədqiqatlar barədə qonaqlara geniş məlumat verdi. F.Quliyev qeyd etdi ki, son illərdə institut arxeoloji tədqiqatların müasir standartlara uyğunlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı, sualtı arxeoloji tədqiqatların yenidən bərpası istiqamətində intensiv işlər aparmaqdadır. “Azərbaycanda sualtı arxeoloji tədqiqatların təşkili institutumuz qarşısında duran prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə türk dövlətlərinin, xüsusilə Türkiyənin mütəxəssisləri ilə əməkdaşlıq bizim üçün önəmlidir” – deyə F.Quliyev vurğuladı.
Dr. Hakan Öniz Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak çərçivəsində Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Daha sonra Dr. Hakan Öniz Türkiyədə və əsasən Aralıq dənizi sahil boyu sularında sualtı arxeologiyanın yaranma və inkişaf tarixindən söz açaraq elektron vizual təqdimat nümayiş etdirdi. Öz çıxışında Dr. Hakan Öniz bildirdi ki, hələ XIX əsrin sonunda Osmanlı dövləti sərhəd suları altındakı qədim maddi mədəniyyət nümunələrini dövlətin sərvəti elan etdi və Türkiyə ilk sualtı arxeoloji tədqiqatlar aparan dövlətlər sırasında durmaqdadır. Hal-hazırda isə, Türkiyə Cümhuriyyəti müasir dünya standartlarına cavab verən sualtı arxeologiya sahəsində ilk üç ölkə sırasındadır. Dövlətin və özəl qurumların dəstəyi ilə Türkiyə bu sahə üzrə müasir texnologiyalardan (sualtı robotlar, üç ölçülü fotoqrammetriya, sualtı LIDAR, sonar sistemlər və d.) istifadə edə bilən elmi məktəbə sahibdir. Hal-hazırda bu sahə peşəkar dalğıcları və müxtəlif ixtisas sahibi olan tədqiqatçıları özündə cəmləyən elmi heyət komandalarını ehtiva edir və xüsusi avadanlıqlarla təchiz edilmiş elmi-tədqiqat gəmiləri bu komandaların istifadəsindədir.
Türkiyəli alim həmçinin, son dövrlərdə Aralıq dənizində aşkar edilmiş, Tunc, Antik və Orta əsrlər dövrlərinə aid unikal tapıntılar barədə də məlumat verdi.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Xəzər arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Abbas Seyidov Azərbaycanda sualtı arxeologiyanın 80 ildən çox yaşı olduğunu bildirdi. “Amma 80-ci illərin sonu və 90-cı illərdəki siyasi hadisələrdən irəli gələrək bu elmi-tədqiqat sahəsi tənəzzülə uğradı”. 2008-ci ildə institutun böyük elmi işçisi, t.ü.f.d. İdris Əliyevin də bu sahənin canlandırılması istiqamətində səylərini qeyd edən professor Abbas Seyidov vurğuladı ki, yalnız son illərdə institut nəzdində “Xəzər arxeologiyası” şöbəsinin yaradılması ilə sualtı arxeologiya sahəsinin sistemli şəkildə bərpasına başlanıldı. “Tarixi mənbələr Xəzər dənizinin Azərbaycan Respublikası sərhəd sularında çox qədim zamanlardan son əsrlərədək ticarət gəmilərinin marşrutları, dəniz döyüşləri, batmış gəmilər, su altında qalmış iri məskən və hətta şəhərlər barədə məlumatlar verirlər. Bizim də vəzifəmiz sualtı mədəni irsin tədqiq edilməsidir” – deyə professor A.Seyidov qeyd etdi.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Dr. Nuri Aksu türk dövlətləri arasında sualtı arxeologiyanın inkişafı və sualtı mədəni irsin qorunması üzrə əməkdaşlığın perspektivlərindən söz açdı.
Dosent Fərhad Quliyev və Dr. Hakan Öniz sualtı arxeologiya, sualtı mədəni irsin qorunması və gənc azərbaycanlı mütəxəsislərin yetişdirilməsi üzrə əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi apardılar. Qərara alındı ki, yaxın gələcəkdə qeyd olunmuş istiqamətlər üzrə AMEA Arxeologiya və Antropologiya İnstitutu və Türkiyə Cümhuriyyəti Akdeniz Universiteti arasında əməkdaşlıq üzrə anlaşma memorandumu hazırlanaraq imzalansın, gənc azərbaycanlı mütəxəssislər üçün hər iki ölkə ərazisində ilkin təlimlərin keçirilməsi və Akdeniz Universitetinin aidiyyəti bölümündə gənc azərbaycanlı mütəxəssislər üçün Xəzər arxeologiyası mövzusunda tədris yerləri yaradılsın.
Qeyd edək ki, səmimi anlaşma şəraitində keçən görüşdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, t.ü.f.d., dosent Pərviz Qasımov və institutun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova iştirak edirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.