Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinə, milli maraqlara və müstəqilliyin qorunması prinsiplərinə tam sadiqlik nümayiş etdirmişdir. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsi, iqtisadi tərəqqi və xalqın rifahının yüksəldilməsi ilə birbaşa bağlıdır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi Prezident İlham Əliyevin siyasi strategiyasında suveren dövrün yeni inkişaf və təhlükəsizlik mərhələsini müəyyənləşdirir. Müstəqillik bərpa edildikdən sonra Azərbaycanın keçdiyi qısa inkişaf yolu güclü və dayanıqlı, rəqabətə davamlı iqtisadiyyatın yaradılmasının milli inkişaf sisteminin qurulmasına təsiri formaları, müstəqillik qazanmış yeni Azərbaycandan inkişaf etmiş modern Azərbaycana aparan şərəfli yoludur. Ötən müddət ərzində YAP dövlətçiliyimizin və xalqımızın inkişafı üçün misilsiz xidmətlər göstərmişdir. Ötən illər ərzində Yeni Azərbaycan Partiyası sıralarında siyasətçilərin yeni nəsli yetişmişdir.
Dövlət başçısının uğurları xalq arasında geniş nüfuza, yüksək intellektual potensiala, peşəkar iqtisadi və siyasi təcrübəyə, qüdrətli və böyük Heydər Əliyev siyasi məktəbinə, sınanmış şəffaf və şərəfli genetik kodlara söykənir. Yeni Azərbaycan Partiyasının 1-ci qurultayında YAP sədrinin müavini seçilən cənab İlham Əliyev Azərbaycan gəncliyini ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevirməyi bacardı. Nəhayət cəmiyyətdə artıq nüfuz qazanmış və xalqın etimadına nail olmuş gənclərin potensialını Azərbaycanın daxili və xarici siyasətinin müdafiə olunmasına cəlb edə bildi. Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi proqram xarakterli fikirlər əsasən bu strateji istiqamətləri əhatə edir. Prezident İlham Əliyev YAP-ın təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük və aparıcı siyasi qüvvəsi olduğunu vurğulayıb.
Dövlət başçsının Strategiyasının əsas prioritetlərindən biri ordunun qüdrətinin və hərbi potensialının davamlı olaraq yüksəldilməsidir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, şəhər və kəndlərin salınması, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışı strateji vəzifə olaraq davam edir. Ölkənin iqtisadi imkanlarından maksimum istifadə etməklə cəmiyyətin rifahının yüksəldilməsi və insan kapitalının inkişafı təmin olunur.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2 oktyabr 2026-cı il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra baş tutan ilk qurultay kimi tarixə düşmüşdür. Dövlət başçısının bu qurultaydakı proqram xarakterli çıxışı Azərbaycanın suverenlikdən sonra gələn yeni mərhələ üzrə dövlət strategiyasını və güc formulunu müəyyən etmişdir. Strategiyanın əsas tezislərindən biri odur ki, Azərbaycan bu günə qədər bütün müdafiə sənayesini və silahları heç bir xarici güzəşt və ya himayə olmadan, öz vəsaiti hesabına təmin edib və bu müstəqillik qorunacaq. Azərbaycan xarici siyasətini heç bir dövlətin daxili işlərə qarışmasına imkan verməyəcək şəkildə qurur. YAP-ın VIII Qurultayı həm partiyanın Cənubi Qafqazın aparıcı siyasi qüvvəsi olduğunu bir daha nümayiş etdirmiş, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti onilliklər üçün inkişaf və təhlükəsizlik xəritəsini cızmışdır. Mən də Yeni Azərbaycan Partiyasının 19 illik fəal üzvü olaraq bildirmək istəyirəm ki, YAP yalnız dünənin və bu günün deyil, həm də gənclərin intellektual inkişafına əsaslanan parlaq gələcəyin partiyasıdır!
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent