Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir
05.10.2026 11:09
  • A-
  • A
  • A+

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Erkən sivilizasiyalardan başlayaraq cəmiyyətin mənəvi, intellektual və mədəni inkişafında, şəxsiyyətin formalaşmasında, dövlətin güclənməsində müəllimin rolu hər zaman yüksək olub.

Bunu Beynəlxalq Müəllimlər Günü münasibətilə açıqlamasında 2026-cı ildə elm sahəsi üzrə Dövlət mükafatına layiq görülmüş Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi professor, Tarix Dostiyev söyləyib.

Professor qeyd edib ki, hər bir insanın oxuyub-yazmağı öyrənməsində, ibtidai biliklərə yiyələnməsində, dünyagörüşünün formalaşmasında müəllimlərin böyük zəhməti var. Onun sözlərinə görə, ali məktəb də insanın peşə seçimi və ixtisaslaşmasında müstəsna rol oynayır. T.Dostiyev bildirib ki, onun tarix elmi sahəsində arxeologiya ixtisasını seçməsində Bakı Dövlət Universitetində professor Məmmədəli Hüseynovun arxeologiya, professor Qüdrət İsmayılzadənin qədim dünya tarixi fənləri üzrə mühazirələri mühüm rol oynayıb.O, çöl arxeologiyasında ilk müəllimi, Qax rayonunun Ləkit monastırında tədqiqat aparan Aliyə Qaraəhmədovanın da onun bir arxeoloq kimi formalaşmasında xüsusi xidmətlərini qeyd edib. Professor İslam arxeologiyasını seçməsində və bu sahədə elmi tədqiqatçı kimi formalaşmasında görkəmli arxeoloq, numizmat, İslam arxeologiyasının bilicisi, Moskva Dövlət Universitetinin professoru German Alekseyeviç Fyodorov-Davıdovun böyük rolunun olduğunu vurğulayıb. O qeyd edib ki, ali məktəb müəllimlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri tədrislə yanaşı, aktiv elmi tədqiqatla məşğul olmaları və aktual elmi problemlərin həllində yaxından iştirak etmələridir. Onun fikrincə, universitetdə uğurlu tədris elmi tədqiqatla tədrisin vəhdətini tələb edir: “Elmi yeniliklərin, kəşflərin, elmi tədqiqatların nəticələrinin tədrisə tətbiqi təhsildə keyfiyyət dəyişikliklərini təmin edən əsas amillərdəndir. Eyni zamanda, tədris tədqiqatçını daim elmi ədəbiyyatı izləməyə, öyrətməklə yanaşı, özü də daim öyrənməyə və yeni biliklər əldə etməyə sövq edir”. T.Dostiyev diqqətə çatdırıb ki, bəzən bir mühazirə, oxunan kitab və ya elmi məqalə gəncin gələcək peşə seçimini müəyyən edir.

Professor gənclərdə analitik və tənqidi düşüncə, rəqəmsal texnologiyalardan istifadə, davamlı öyrənmə, problem həlletmə, təşəbbüskarlıq, çeviklik və ünsiyyət bacarıqlarının gələcək elmi fəaliyyət üçün vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, tarix və arxeologiya sahəsində uğur qazanmaq üçün bu sahələrə maraq və sevgi olmalıdır. O qeyd edib ki, müəllimlərin fəaliyyəti yalnız bu günə deyil, gələcəyə də hesablanmalıdır. Müəllimlər biliklərin ötürülməsi ilə yanaşı, qloballaşan dünyanın mövcudluğu şəraitində Azərbaycan dövlətinə sadiq, vətənpərvər, xalqımızın adət-ənənələrinə və mədəni irsinə hörmətlə yanaşan, müasir və kamil gənc nəslin formalaşmasında mühüm rol oynayırlar.

AzərTac

  • Paylaş: