Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.09.2026 12:02
  • A-
  • A
  • A+

Qırğızıstan-Türkiyə Manas Universitetinin nümayəndələri Folklor İnstitutunda olublar

Qırğızıstan-Türkiyə Manas Universitetinin nümayəndələri Folklor İnstitutunda olublar

Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimləri “Ənənəvi idman oyunlarının sahə tədqiqatı” araşdırma layihəsi çərçivəsində Azərbaycan ənənəvi oyun və idman növləri haqqında məlumat toplamaq məqsədilə AMEA Folklor İnstitutunda olublar.

Universitetin Öğr.Gör.Dr. Ulanbek Alimov və Öğr.Gör. Sıymık Arstanbekovdan ibarət nümayəndə heyəti Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevlə görüşüb.

Görüş zamanı Hikmət Quliyev qonaqlara Folklor İnstitutunun əsas fəaliyyət istiqamətləri, müasir folklorşünaslıqda gedən nəzəri-metodoloji yeniliklər və folklorun sosial-antropoloji yanaşmalar kontekstində öyrənilməsi istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verib. Bildirilib ki, müasir folklorşünaslıqda folklor yalnız ənənəvi mətn və nümunələrin toplanması və təsviri ilə məhdudlaşmır, eyni zamanda kommunikativ, dinamik və transformativ sistem kimi araşdırılır. Bu baxımdan folklorun kollektiv yaddaşın, sosial və mədəni identikliyin formalaşmasında və ifadəsində, eləcə də müxtəlif sosial-mədəni mühitlərdə mənalar qazanması prosesindəki funksiyaları xüsusi əhəmiyyət daşıyır.

İnstitut direktoru, həmçinin folklorun müasir texnoloji və kommunikativ mühitdə transformasiyası, rəqəmsallaşma prosesləri, süni intellekt və folklor münasibətlərinə dair aparılan tədqiqatlar barədə məlumat verib. Qeyd olunub ki, yeni texnoloji mühit folklorun yaranması, yayılması, dəyişməsi və reaktuallaşdırılması mexanizmlərinə yeni yanaşmaların formalaşdırılmasını zəruri edir.

Görüşdə Azərbaycan xalqının ənənəvi oyun və idman mədəniyyətinin folklorşünaslıq baxımından öyrənilməsi məsələlərinə də xüsusi diqqət yetirilib. Hikmət Quliyev Folklor İnstitutunda xalq oyunları, meydan tamaşaları və meydan oyunları, zorxana oyunları, eləcə də müxtəlif ənənəvi oyun nümunələri ilə bağlı həyata keçirilən toplama və tədqiqat işləri, konfranslar və layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Görüş çərçivəsində ənənəvi oyun və idman nümunələrinin yaranması və funksional xüsusiyyətləri, onların yayılma arealı, icra konteksti, sosial-mədəni funksiyaları, ənənəvi yaddaşda qorunması və müasir şəraitdə yaşadılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Ənənəvi idman oyunlarının sahə tədqiqatı” layihəsi çərçivəsində aparılan araşdırmanın məqsədləri, Azərbaycan ənənəvi oyunlarının sahə materialları əsasında öyrənilməsi və bu istiqamətdə gələcək elmi əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün sonunda Hikmət Quliyev qonaqlara Folklor İnstitutunun nəşrlərindən kitablar hədiyyə edib. Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: