Rusiya Elmlər Akademiyasının (REA) mütəxəssislərinin iştirakı ilə koronavirus infeksiyasının müalicəsində istifadə edilə bilən üç vaksin hazırlanır.
ria.ru saytı xəbər verir ki, bu barədə REA-nın vitse-prezidenti, Tibbi-Bioloji Elmlər Bölməsinin rəhbəri, akademik Vladimir Çexonin məlumat verib.
Onun sözlərinə görə, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsində COVID-19-a qarşı çoxvalentli vaksinin prototipi işlənilir.
Həmçinin Şemyakin və Ovçannikov adına Bioorqanik Kimya İnstitutunda koronavirus zülallarının rekombinant fraqmentlərindən istifadə olunmuş virusabənzər hissəciklər əsasında COVID-19-a qarşı müasir yüksəktexnologiyalı vaksin hazırlanır.
Vitse-prezident qeyd edib ki, Vavilov adına Ümumi Genetika İnstitutunda hazırlanan vaksin öz səthi üzərində koronavirusun üç zülalını saxlayır: “Bu isə, eyni zamanda, çoxvalentli vaksin yaratmağa kömək edəcək”.
V.Çexoninin sözlərinə görə, REA ilə Təhsil və Elm Nazirliyi tərəfindən yerinə yetirilən bu üç layihəyə Səhiyyə Nazirliyi böyük önəm verir.