AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) 65 ilə yaxındır ki, ölkədə ərzaq təhlükəsizliyinin təmini sahəsində səmərəli fəaliyyət göstərir. İnstitut tərəfindən dəfələrlə beynəlxalq və yerli ekspedisiyalar təşkil olunub, strateji əhəmiyyət kəsb edən kənd təsərrüfatı bitkilərinin yerli sortlarının və onların yabanı əcdadlarının toplanılması həyata keçirilib, həmçinin bitkilərin genetik pasportlaşdırılması aparılmaqla gələcək nəsillər üçün Milli Genbankda uzunmüddətli saxlanılması təmin edilib.
Hazırda institutun Milli Genbankında bütün yerli sortlar da daxil olmaqla buğda bitkisinə aid 3000-dən çox nümunə mühafizə olunmaqdadır.
GEİ son illərdə beynəlxalq təşkilatlarla da əlaqələrini xeyli genişləndirib, dünya buğda kolleksiyalarına və onların genom verilənlərinə çıxış imkanı əldə edib. 2019-2020-ci illərdə 1500-dən artıq buğda nümunəsi ölkəyə gətirilərək onlar üzərində tədqiqat işlərinə başlanılıb. İnstitutda aparılan uzunmüddətli tətbiqi və fundamental tədqiqatlar nəticəsində çoxlu sayda yeni buğda (“Sevinc”, “Cəfəri”, “Arzu”, “Bol-buğda”, “Gürgənə-1”, “Zərdabi”, “Birlik”, “Qrekum-75/50”, “Kəhrəba”, “Qızılbuğda”, “Saray”, “Abşeron”, “Maya”, “Start” və s.) sortları yaradılıb və onların geniş təsərrüfatlarda becərilməsi təmin edilib.
2020-ci ildə GEİ və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 3 yeni buğda sortu (“Korifey-88”, “Cənub”, “Mərcani buğda”) patenləşdirilərək rayonlaşdırılıb. Yeni yarımpayızlıq bərk buğda sortu - "Korifey-88" Rusiyadan əldə olunmuş sortların çarpazlaşdırılmasından alınmış hibrid xəttindən təkrar fərdi seçmə yolu ilə yaradılıb. “Korifey-88” sortunun pоtеnsial məhsuldarlığı orta (54-58 s/ha), adaptivliyi yüksəkdir. Sünbüldə dənlərin sayına görə bərk buğda sortları arasında lider olan “Korifey-88”in Azərbaycanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.
Yumşaq buğdanın “Cənub” sortu beynəlxalq pitomniklərdən seçilmiş mürəkkəb hibriddən fərdi seçmə yolu ilə yaradılıb. “Cənub” sortunun müsabiqəli sortsınağında üç illik orta məhsuldarlığı 63,2 s/ha, standart Aran sortundan 4,0 s/ha çox olub. Tədqiqat illərində sarı və qonur pas xəstəliklərinə davamlılıq göstərib. “Cənub” sortunun respublikanın suvarılan düzən və dağətəyi dəmyə bölgələrində becərilməsi təklif olunur.
Payızlıq yumşaq buğdanın yeni “Məcranı buğda” sortu Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında, Milli Genbankda saxlanılan Ferrigineum (Rusiya) X Bəyaz (Azərbaycan) sortlarının çarpazlaşdırılmasından alınmış hibrid xəttindən fərdi seçmə yolu ilə yaradılıb. Bu sort qışlamanı yaxşı keçirdiyinə görə məhsuldar kollanması digər sortlardan yüksəkdir. Bitkilərin intensiv piqmentləşməsinə görə fotosintetik proseslər daha aktiv gedərək, bitkilərin uzun müddət yaşıl qalmasına səbəb olur. “Məcranı buğda”nın respublikanın nəmliklə təmin olunmayan dağlıq və dağətəyi quraq dəmyə bölgələrində becərilməsi tövsiyə olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.