Avropa Komissiyası tərəfindən “Remdesivir” preparatının yeni növ koronavirusun (COVID-19) doğurduğu xəstəliklərin müalicəsində istifadə olunmasına icazə verilib.
abc7news.com saytı xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilir. Qeyd olunur ki, preparatdan bir sıra şərtlərə əməl edilməklə istifadə oluna bilər.
Qurumun nümayəndəsi bir qədər əvvəl məlumat vermişdi ki, preparatın istehsalçısı olan “Gilead Sciences” şirkəti ilə “Remdesivir”in Avropa bazarına çatdırılması barədə danışıqlar aparılır.
“Gilead Sciences” şirkəti “Remdesivir”in tətbiqinin koronavirus xəstələrinin sağalma müddətini dörd günədək qısaltdığını təsdiqləyir. Xəstəyə beş günlük müalicə kursu ərzində 6 ampula dərman lazım gəlir. Şirkət inkişaf etmiş ölkələr üçün preparatın hər ampuluna 390 dollar vahid qiymət müəyyənləşdirib.
Xatırladaq ki, vaxtilə Ebola qızdırması ilə mübarizə çərçivəsində hazırlanan “Remdesivir” preparatı o vaxt öz effektivliyini təsdiqləyə bilməmişdi. Sonradan preparat SARS və MERS infeksiyalarının müalicəsində istifadə olunmuş və effektivliyi sübut olunmuşdur.