Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycançılığın əsas prinsipləri: fəlsəfi təhlil
15.08.2026 17:02
  • A-
  • A
  • A+

Azərbaycançılığın əsas prinsipləri: fəlsəfi təhlil

II SİLSİLƏ

IV MƏQALƏ

Azərbaycançılıq və sinergetik inteqrasiya

Öncəki məqalədə vurğulanmışdır ki, azərbaycançılıq konsepsiyasının İsa Həbibbəyli təqdimatında 7 əsas prinsipi cəmiyyətin sinergetik özünütəşkilinin inteqrativ xarakterli dinamikası ilə sıx bağlıdır. Azərbaycan cəmiyyətində həmin prizmada inteqrasiyanın fəlsəfi refleksiyasında bu məqam mərkəzi yer tutur. Öncə, ümumiyyətlə, sinergetik yanaşmada sosial inteqrasiyanın ümumi prinsiplərinə qısa nəzər salaq.

Tədqiqatlar göstərir ki, sinergetikada hər bir cəmiyyətdə inteqrasiyanın üç aspektinin vəhdətini əhəmiyyətli hesab edirlər.

Birinci səviyyə, inteqrasiyanın əsas mexanizmi ilə bağlıdır. Yığcam olaraq onu belə ifadə etmək olar: çoxlu sayda fərqli elementlər qeyri-xətti dinamika sayəsində, bifurkasiya əsasında mümkün olan variantlardan birini seçərək onun cazibə sahəsinə düşür. Bu prosesə “qəribə attraktor”a transformasiya da deyilir.

İkinci səviyyə, vahid dayanıqlı, statik mərkəz yoxdur. Sosiumda münasibətlər ətrafdan mərkəzə və əksinə keçidlərin sistemi və ya şəbəkəsi kimi formalaşır. Onun reallaşma üsulu dialoqdur.

Üçüncü səviyyə, toplumun strateji məqsədi ilə bağlıdır. Sinergetik baxımdan toplumun strateji inteqrasiyada məqsədi “heterogen vəhdətə” (qeyri-bircins tərkibli inteqrasiya) nail olmaqdan ibarətdir. Qeyri-bircins tərkiblilik (heterogenlik) sistemin, o cümlədən sosial mühitin təşkiledici komponentlərin (o cümlədən altsistemlərin) məkanda müxtəlif paylanmasını ifadə edir. Yəni heterogen vəhdət ümumi səviyyədə sistemin tərkib hissələrinin həm təbiətən fərqli, həm də müxtəlif xassələrə malik olmalarını ehtiva edir. Yığcam halda buna “müxtəlifliyin orqanik sintezi və ya simbiozu” deyirlər.

Bunlardan sinergetik inteqrasiyanın aşağıdakı mənzərəsini yaratmaq olar: cəmiyyəti təşkiledicilərin dialoqu vasitəsilə onların qarşılıqlı münasibətlərini “qəribə sosial attraktor”a yönəltmək əsasında heterogen vəhdətə nail olmaq (müxtəlifliyin sintezinə).

İndi azərbaycançılıq kontekstində hər bir səviyyənin qısa məzmununa baxaq.

Dil

Dil elə bir sosial, mənəvi, mədəni cazibə sahəsidir ki, “qəribə attraktor” kimi ünsiyyətdə bütün birləşdirici məqamları öz “substantiv və funksional orbitinə” çəkir. Nəticədə dövlətin dili “Vətən” anlayışı kontekstində sarsılmaz birləşdirici rol oynayır. Bu proses təbii özünütəşkil formasında getdiyindən sinergetik inteqrasiya forması alır. Bu məqamda izaha ehtiyac görürük.

Azərbaycanda bir sıra hallarda Azərbaycan dilinin cəmiyyətdə birliyi təmin etməsi funksiyasından bəhc edəndə “bəs digər dillərin inkişafı?” sualını verməyə çalışırlar. Bu, səthi və heç bir əsası olmayan sualdır. Çünki istənilən ölkənin dövlət dili var və onun əsas funksiyalarından biri toplumda birləşdirici rol oynamaqdan ibarətdir. Bu, heç bir halda “başqa dillərin inkişaf etməməsi” demək deyildir.

Eyni zamanda, Azərbaycan dili türk dilinin bir qolu kimi ölkədə yaşayan hər bir insanın ana dili səviyyəsinə qədər yüksəlmiş və bu gerçəklik qədimdən əsrlərin sınağından çıxmışdır. Xalq özü qurduğu dövlətin dilini müəyyən etmişdir və onun birləşdirici funksiyası çox dərinlərdə əhatəli araşdırılmalıdır.

Azərbaycançılıqda Azərbaycan dilinin dayaq sütunlardan biri olması tezisi nəinki lazımlıdır, hətta seçim deyildir, zərurətdir! Buna görə də bakılı, qazaxlı, dərbəndli, təbrizli, lənkəranlı, qubalı, qusarlı, gəncəli, laçınlı və digərləri fərqli ləhcələrdə danışsalar da, onları semantik və funksional aspektlərdə “Azərbaycan dili” birləşdirir.

Deməli, dil azərbaycançılıq kontekstində cəmiyyətdə inteqrasiyanın əsas təkanverici faktorlarından biridir. Bunun fonunda başqa birləşdirici sosial, mədəni, siyasi, mənəvi, əxlaqi arxa plana atmaq olmaz. Konsepsiyada bu məqam dəqiqliklə nəzərə alınmışdır.

Tarix

Azərbaycançılıq kontekstində tarixi “kollektiv yaddaşın özünütəşkili” kimi qəbul etmək olar. Bu yanaşma Avropa tarixşünaslığında konsepsiya səviyyəsində çoxdan vardır. P.Hatton, F.Yeyts, M.Halbvaks və başqaları tarixi yaddaşların kəsişmə sahəsi və tarixi yaddaş məharəti kimi xarakterizə etmişlər. Sinergetik baxımdan tarixin həm yaddaşların kəsişmə sahəsi, həm yaddaş məharəti kimi dərki tam qəbul ediləndir. Azərbaycançılıq kontekstində də bu məqamın güclü anlamı mövcuddur.

Yuxarıda tarix haqqında anlamı azərbaycançılığa İsa Həbibbəyli yanaşması çərçivəsində proyeksiya etsək, alarıq ki, azərbaycançılıq Vətən tarixinin kəsişmə sahəsidir. Cəmiyyətdə mövcud olan müxtəlif sosial qrupları bir “nöqtədə” birləşdirən mənəvi mövcudluq “məkanı”dır. II Qarabağ müharibəsi təsdiq etdi ki, müasir mərhələdə ölkə əhalisinin yaddaşının ortaq mövcudluq forması azərbaycançılıqdır. Bu mənada, Azərbaycançılığı həm də müasir tarixi dönəmdə “kollektiv yaddaş məharəti” də adlandıra bilərik.

Dəyərlər

Dəyərlər dil və tarixlə vəhdətdə cəmiyyətin özünüyaratmasının “böyük üçbucağıdır”. Dil insanları vahid linqvistik məkana cəlb edirsə, tarix bütövlükdə sosial qrupların strat kimi yaddaşlarını dinamik şəbəkə halında birləşdirirsə, dəyərlər onlar arasında münasibətlərin toplumun mövcudluğu və birliyini təmin etmək istiqamətinə yönəltməyin daxili canatmasıdır. Bunu o, müxtəlif sferalar üzrə tarixən formalaşan dəyərləri özünütəşkil edən sistem halına salmaq yolu ilə edir. Yekunda həmin dəyərlər cəmiyyətin “özünütəşkili qaydaları” kimi təsdiqini tapır. Belə alınır ki, əgər dəyərlər ciddi və sistemli dəyişsə, cəmiyyət də tamamilə yeniləşə bilər.

Bunları ümumiləşdirərək akademik İsa Həbibbəyli mənasında cəmiyyətin sinergetik inteqrasiyasının cəlbedici struktur-funksional faktoru azərbaycançılıqdır. Azərbaycançılıq elə mənəvi gücdür ki, toplumun bütün altsistemlərinin vahid məqsəd ətrafında özünütəşkilini təmin edir. Burada bir daha vurğulamaq istərdik ki, belə bir yanaşma Vətən və müstəqil dövlətçilik anlayışlarının qarşılıqlı əlaqəsi fonunda etnik mənsubluq hüdudlarından yüksəkdə duran “üstdəyərlər” sistemidir.

Qələbə yaddaşı

Azərbaycançılıq konsepsiyası ilə bağlı vurğuladığımız məqamların işığında daha bir mühüm məqam – Qələbə yaddaşı məsələsi çox aktual görünür. Çünki Vətən müharibəsində əldə edilən Qələbə bir çox aspektlərdə tarixi mahiyyətə malikdir. Azərbaycan cəmiyyət, ordu və dövlət olaraq yalnız hərbi və informasiya zəfəri əldə etmədi. Prezident, lider və Ali Baş Komandan statusunda İlham Əliyev cəmiyyətin bütün sferalarını əhatə edən tarixi zəfər əldə etdi. Ərazi bütövlüyü tam təmin edildikdən sonra da Prezident İlham Əliyev regional miqyasda sülhyaradıcı fəaliyyətini qətiyyətlə davam etdirdi.

Dəfələrlə bəyan etdiyi kimi, bu prosesi Ulu öndərin siyasi varisi olaraq milli maraqlar əsasında, Azərbaycançılığı, Vətənsevərliyi, milli dövlətçiliyi XXI əsrin tələblərinə uyğun inkişaf etdirmək, dünya miqyasında güclü Azərbaycan dövləti qurmaq, vətəndaş cəmiyyəti və kreativ Böyük Millət formalaşdırmaq müstəvisində reallaşdırdı. Bu proses indi də yüksək tempdə davam edir.

Beləliklə, Qələbə yaddaşı faktiki olaraq Azərbaycan cəmiyyətinə yeni birlik və bütün sahələr üzrə sürətli inkişaf stimulu verdi. Azərbaycan Prezidenti cəmiyyət və dövlətin yeni mərhələyə keçidini “yeni tarixi mərhələ” kimi təsnif etmişdir. Dövlət başçısının həmin ifadəyə verdiyi anlamlar daxilində inkişafın və birliyin yeni səviyyəyə yüksəlməsi zərurətdir.

Bu bağlılıqda postmüharibə mərhələsində azərbaycançılığın regional miqyasda funksiyası məsələsinin aktuallaşdığını anlamağımız gərəkdir. Bu aspekt bizim üçün iki cəhətdən ciddi aktuallıq kəsb etməkdədir.

Birincisi, Azərbaycan dövlət olaraq Cənubi Qafqazın lideridir. Bu da Bakının üzərinə öncəki mərhələlərdən daha geniş miqyasda vəzifələr və məsuliyyətlər qoyur. Onun fonunda azərbaycançılıq konsepsiya kimi hansı yeni keyfiyyətlərə və funksional xüsusiyyətlərə malik olmalıdır?

İkincisi, Azərbaycan Türk dünyası ailəsinin və Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvü kimi bundan sonra azərbaycançılığı bu istiqamətdə necə inkişaf etdirməlidir?

Deməli, artıq azərbaycançılıq məfkurə kimi ölkənin regional lider statusu ilə TDT-nin fəal üzvü statusunun ortaq semantik və funksional sahəsində yeni məzmun çalarlarına malik olmalıdır.

Məsələnin ən çətin tərəfi ondan ibarətdir ki, türk dövlətlərindən heç birinin bununla bağlı praktiki təcrübəsi mövcud deyildir. Yəni Azərbaycan dövlət, cəmiyyət və lider olaraq həmin təcrübəni eksklüziv yaratmalıdır. Digər tərəfdən, bir türk dövlətinin özünəməxsus məfkurəsi hansı anlamlarda ümumtürk məfkurəvi dəyərinə çevrilə bilər?

Bu suallara adekvat cavab axtarışı üçün öncə azərbaycançılığın Cənubi Qafqazda region miqyasında birləşdiricilik potensialının xüsusiyyətlərinə baxaq. İlk növbədə azərbaycançılıq etnosentrik olmayan nümunədir. Onun üçün əsas kriteriya Azərbaycan vətəndaşı olmaqdır. Etnik, dini və dil mənsubluğundan asılı olmayaraq insanlar vahid Vətən anlayışı ətrafında birləşə bilirlər. Qafqaz üçün bu model ən təhlükəsiz və real müsbət nəticəverici formuldur. Obrazlı desək, azərbaycançılıq “vətəndaşlıq milliyyətçiliyidir”.

Qafqaz üçün faydalı ola biləcək digər faktor ondan ibarətdir ki, Azərbaycanda əsrlərdir müxtəlif xalqlar bir dövlət ideyası ətrafında birləşmişlər. Bu xüsusiyyətinə görə, bir sıra tədqiqatçılar Azərbaycanı Qafqaz üçün “canlı təcrübə meydanı” kimi xarakterizə edirlər.

Nəhayət, Azərbaycan qafqazlılar üçün “qələbə mənəviyyatıdır”. İndi Qafqazda belə bir ümumi fikir mövcuddur: Azərbaycanın ideologiyası dövləti qoruyur və torpağı qaytarır. Bu fikrin rezonansı çox güclü və əhatəli ola bilər. Qafqaz xalqları regionda tamamilə fərqli geosiyasi və ideoloji mühit yarada bilərlər.

Bunlardan yuxarıda vurğuladığımız “məfkurəvi dəyər” anlayışını ala bilərik. Azərbaycançılığın region miqyasında məfkurəvi gücünün 3 komponenti olmalıdır:

– daxili güc (Azərbaycanda tam işləməlidir);

– modelin regional miqyasa çıxarılması “dili” – sadə, anlaşılan və təhlükəsiz hesab edilən mesajlar;

– alternativlik gücü: region ölkələrinə “mənə qoşul” mesajı onların hansı faydaları götürə biləcəyini aydın və dəqiq izah etməlidir.

Vurğulanan üç komponentin fonunda azərbaycançılığın region ölkələrinə mümkün təkliflərini müəyyən etmək olar. Bu da artıq növbəti silsilə məqalələrin təhlil predmeti olmalıdır. Onlar birgəyaşayış kodeksini (fərqli ol, ancaq Qafqaz üçün bir ol), ləyaqətli inkişafı (intellekt+mədəniyyət+texnologiya, yəni postneft modeli) və tarixi reabilitasiya imkanını (tarixi ədaləti bərpa etmək mümkündür) əhatə edirlər.

Füzuli QURBANOV,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: