II SİLSİLƏ
III MƏQALƏ
Azərbaycançılıq ümumfəlsəfi qeydlər işığında
Öncəki məqalədə azərbaycançılıq konsepsiyasının toplumun ətrafda baş verən dəyişmələrə idraki reaksiyasını ifadə edən və K.Lorensin “nəsillərin gecikməsi” adlandırdığı fenomenlə cəmiyyətin birləşdirici xarakterli özünütəşkili dinamikasının qarşılıqlı əlaqəsinə vurğu edilmişdi. Burada başlıca fəlsəfi məqsəd vahid yanaşma çərçivəsində azərbaycançılıq konsepsiyasının baxdığımız nümunədə cəmiyyət üçün koqnitiv və sosial-tarixi roluna aydınlıq gətirməkdən ibarətdir. Bunun üçün əvvəlcə, ümumi fəlsəfi idraki mövqeyimizi müəyyən edək.
Mövzuya fəlsəfi yanaşmanın məntiqi xüsusiyyətindən görünür ki, biz İbn Sina-Kant epistemoloji xəttinə üstünlük veririk (bu, ancaq baxdığımız mövzuya aiddir, bütövlükdə fəlsəfi mövqeyə deyil). İbn Sina insan şüurunun Universal Şüurun fərdlərdə təcəssümü nəticəsində idrak sahibi olduğu fikrini irəli sürmüşdü. Bu proses Əql əl-Fəalın dinamikliyi sayəsində baş verir. Yəni Əql əl-Fəal mənbəyi İlahidə olan Universal Şüur kimi idrak “Forması”nı insana “göndərir”. Bu anlamda Əql-əl Fəal insana “xam forma” verir (yəni maddiləşməmiş ideya). Ancaq bu dünyada insanın dərketmə xüsusiyyəti baxımından daha maraqlı proseslər bundan sonra başlayır. “Xam forma” insan beynində fərdin xüsusiyyətlərinə uyğun “maddi məzmun” alır. Deməli, İbn Sinaya görə, insan idrakının qaynağı Universal Şüurdur (Əql-əl-Fəal). Bu şüur passiv deyildir, əksinə, aktivliyi sayəsində müəyyən “forma” daxilində idrakı reallaşdırır.
İ.Kant da insan beynində təcrübədən öncə (a priori) hazır dərketmə formalarını – məkan-zaman “qəlibinin” olduğunu vurğulayır. Bu anlamda İ.Kanta görə məkan “xarici ölçüdür”, zaman isə “daxili ölçü”dür.
Deməli, İbn Sinadan Kanta koqnitiv keçid başlanğıc formanın ilahi qaynaqlı olmasından təcrübəni yaratmalı olan və fərdi şüurdaxili mahiyyətə malik qəlib “tökməyə” transformasiyadır. Bu xətt müasir fəlsəfi təfəkkür üçün də çox aktualdır, lakin yuxarıda vurğuladığımız kimi, yeganə deyildir.
Məsələn, azərbaycançılıq kontekstində İbn Rüşd-Hegel xəttinə də baxmaq olar. Ancaq biz İbn Sina-Kant yanaşmasının baxdığımız fəlsəfi və humanitar elmi təfəkkür üçün daha uyğun olduğu qənaətindəyik. Bunun başlıca səbəbi K.Lorensin “nəsillərin gecikməsi” adlandırdığı, əslində isə qövmün baş verən dəyişiklikləri yaddaşda formalaşdırma müddəti ilə sıx bağlı olan adaptasiya-yeniləşmə dinamikası ilə əlaqəlidir. Bizim üçün prinsipial əhəmiyyəti olan bu müddəanı bir qədər sadə dildə ifadə etməyə çalışaq.
Beləliklə, İbn Sina deyir ki, hər bir idraki prosesin xam formasını Universal Şüur göndərir (Əql-əl-Fəal “qiyafəsi”ndə), Kant isə iddia edir ki, bu, İlahidən deyil, “içəridəndir”, yəni “ağlın öz strukturu var”. İnsan “ağlın strukturunu təcrübədə məzmunlaşdırır”, lakin onu təcrübədən öncə ona verilmiş qəlib sayəsində edir. Hər ikisi üçün ortaq tezis: “Ağıl boş lövhə deyil – o, əvvəlcədən quruluşludur” (müqayisə üçün - Maykl Skot bunun əksini söyləyirdi: ağıl boş lövhədir, yəni o, forma kimi passivdir). İbn Sina bu quruluşun mənbəyinin “Göydə” olduğuna inanırdı (Platona yaxınlıq hiss olunur). Kant “quruluş beyindədir” deyirdi (Aristotelə yaxınlıq). Maykl Skot isə “formanı “boş lövhə” sandığı beyinə yerləşdirdi”. Deməli, “forma enir”, “forma yerləşdirilir” tezisləri sanki Kantda belə sintez olur: “forma elə əzəldən beyində idi, biz onu kənardan almadıq”. Bununla Kant müəyyən mənada İbn Sinanı “sekulyarlaşdırdı”, yəni Əql-əl-Fəalı fərdi ağlın özünə köçürdü. Deməli, İbn Sinanın “xam forması” Kantın “a priori”sinin metafizik obrazıdır.
Hər bir halda belə aydın olur ki, fəlsəfədə dərketməni koqnitiv aspektlə sosial-tarixi aspektin konkret mühit və situasiyada “xam formalar”ın məzmunlaşdırılması kimi təsəvvür etmək olar. Bu baxımdan azərbaycançılıq kontekstində “nəsillərin gecikməsi” sayəsində formalaşan sosial-mədəni, iqtisadi, siyasi, ideoloji, əxlaqi və digər dəyərlərin inteqrasiyasının izahının aktuallığı nəticəsini hasil etmək olar. Lakin bunun üçün “Azərbaycançılığın” özünün sistemli “humanitar obrazı” yaradılmalıdır. Bu tezisin izahını verək.
Azərbaycançılığın ümumi fəlsəfi, elmi və məfkurəvi hüdudlarını ulu öndər Heydər Əliyev müəyyən etmişdir. Bu artıq azərbaycanlıların fərd olaraq və cəmiyyətin kollektiv mövcudat kimi şüurunda mövcud olan, azərbaycançılığın obrazını yaradan “ümumi formadır”. Onun daim akivləşməsi və aktuallaşmasını Prezident İlham Əliyev müəyyən edir. Əsas məsələ alimlər üçün bu prosesin dinamik fəlsəfi və elmi obrazını hər bir tarixi məqamda konkret faktorlarla məzmunlaşdırmaqdan ibarətdir. Həmin vəzifə indiki dönəmdə yalnız Prezident İlham Əliyevin ölkənin strateji inkişaf kursu çərçivəsində mümkün ola bilər. Azərbaycançılıq konsepsiyası və onun prinsiplərinin sistemləşdirilməsi məhz bu xəttə uyğun olaraq AMEA-da tədqiqat predmetidir.
Əsas tezislərdən biri
Anlayırıq ki, azərbaycançılığın fəlsəfəsi ilə bağlı aparılan təhlil xeyli mürəkkəb və mücərəddir. Ancaq azərbaycançılığı tam olaraq fəlsəfi və elmi-tədqiqat müstəvisinə “yükləmək” üçün başqa yol yoxdur. Çünki azərbaycançılıq məfkurə kimi çox ciddi milli və dövləti anlamı olan məsələdir – ona səthi yanaşmaq qətiyyən olmaz.
Bundan başqa, AMEA-da təqdim olunan azərbaycançılıq və onun məhvərində yaradılan dövrləşdirmə konsepsiyası elə bir açıq və qeyri-xətti sistemdir ki, çox ciddi və əhatəli təhlilə ehtiyacı vardır. Məsələnin bu tərəfi AMEA ilə məhdudlaşa bilməz – bütün ölkə fəlsəfi və elmi camiəsi, medianın güclü təhlil apara bilən kəsimi bu prosesdə iştirak etməlidir.
Yeri gəlmişkən, müşahidələr göstərir ki, Azərbaycan elmi camiəsi nədənsə, azərbaycançılığın sistemli və dərin təhlilindən az bəhs edir, media isə çox səthi və dövlətçilik üçün faydası olmayan populist aspektlərə yönəlir. Doğrusu, bu cür yanaşmanın səbəbi mənə məlum deyildir.
Belə gedişatın strateji riskini anlamalıyıq. Çünki texnoloji, texniki, informasiya və iqtisadi aspektlər nə qədər əhəmiyyətli olsa da, dövlətçiliyin inkişafına xidmət edə bilən azərbaycançılığın nəzəri-konseptual və praktiki obrazının yaradılması çox vacibdir. Həmin prosesin Heydər Əliyev-İlham Əliyev dövlət quruculuğu xətti kontekstində reallaşması isə təməl şərtdir! Ulu öndər və Prezident İlham Əliyev dövlət quruculuğunun bütün aspektlərini dəqiq ifadə etmişlər. Onların müxtəlif elmi aspektlərdə təhlili azərbaycançılığın adekvat dərk edilməsində mühüm şərtdir.
İkinci vacib tezis
Növbəti fikir birinci tezisdə müəyyən edilən ümumi fəaliyyət forması çərçivəsində azərbaycançılığın Azərbaycan cəmiyyətinin yeniləşməsinin başlıca “ölçüsü” olması ilə bağlıdır. Qeyd edək ki, burada “Azərbaycançılıq ölçüdür” müddəası fəlsəfi, elmi, ideoloji və tətbiqi istiqamətlərin sintezini ehtiva edir. Konkret olaraq, qlobal və regional miqyasda baş verən dəyişikliklərə Azərbaycan cəmiyyətinin təcrübə toplayaraq reaksiya verə bilməsi məqamı tədqiq edilməlidir. İlkin araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyəti Avrasiyada bu mənada “nəsil gecikməsi” müddətini ən uğurla ləngidən toplumdur.
Çünki azərbaycanlılar 30 ilə cəmiyyət və dövlət olaraq “tarixi sıçrayış” etdilər. Onlar ciddi dəstəyi olan xarici işğala son qoymaq üçün daxili birliyi və siyasi həmrəyliyi təmin etdilər, yeni iqtisadi infrastruktur yaratdılar, ordunu regionun ən güclüsü etdilər və bütün bunların nəticəsi olaraq 200 ildən artıqdır ki, mövcud olan xarici təzyiqlərə son qoyaraq ərazi bütövlüyünü təmin etdilər. Bu prosesi hərb və informasiya meydanında cəmi 44 günə həyata keçirdilər. Bu tarixi qələbənin əldə olunmasının mənəvi, mədəni, ideoloji və əxlaqi tərəfi heç şübhəsiz azərbaycançılığa bağlıdır.
Bunlardan nəticə çıxararaq, deyə bilərik ki, E.Laslonun III makroşiftin insana, ölkəyə və cəmiyyətə faydalı olması üçün bir nəsil, yəni 30-40 il müddətində ciddi dəyişkilik edilməsi şərtinin qoyulması prizmasında Azərbaycanın faktiki olaraq onun siyasi, ideoloji və hərbi aspektlərdə öhdəsindən gəldiyi qənaətini ala bilərik. Makroşift “ölçüsü” baxımından çox qısa olan “bir nəsil ömrü” (təqribən 30-40 il) müddətində Azərbaycan bütövlükdə Avrasiyanın taleyini müxtəlif sferalarda yeniləşdirən işi bacarmışsa, bu, cəmiyyətin dinamikliyinin təsdiqidir.
Onun reallaşmasında isə azərbaycançılıq aparıcı rol oynamışdır. Bu mənada azərbaycançılıq cəmiyyətin yeniləşməsinin müxtəlif aspektlərdə “ölçüsüdür”.
Üçüncü mühüm tezis
Azərbaycançılıq konsepsiyası yuxarıda vurğulanan xüsusiyyətlərlə yanaşı, cəmiyyətin sinergetik özünütəşkilinin inteqrativ xarakterli dinamikası ilə sıx bağlıdır. Burada İsa Həbibbəyli yanaşmasının maraqlı bir özəlliyi üzərində düşünmək olar. Azərbaycançılığın 7 əsas prinsipi kompleks halında hər şeydən öncə cəmiyyətin birliyinin təmini baxımından diqqəti çəkir. Həmin prinsiplər cəmiyyətin bütün fəaliyyət sferalarında həmrəylik və birliyin Vətən, dövlət və bütöv cəmiyyət vəhdəti prizmasında davamlı inkişafı təmin etməyə istiqamətlənmişlər. Təbii ki, bu anlamda cəmiyyətdə “sinergetik inteqrasiyaya” nail olmaq asan deyildir. Lakin artıq azərbaycançılıq Ulu öndər sayəsində fərdi və kollektiv şüurun vətənə, dövlətə, milli mənəvi dəyərlərə və mədəniyyətə münasibətdə “əsas idraki forma”ya çevrilmişsə, onun praktiki yaşam mühitinə elmi əsaslı proyeksiyası müqəddəs işdir.
Bundan başqa, XXI əsrin çağırışları elə təbiətlidir ki, cəmiyyətlərin milli maraqlar üzərində bərqərar olan daxili həmrəyliyi və birliyi olmadan onun dinamik bütövlüyünü təmin etmək imkansızdır. Yəni daxili birlik açıq və qeyri-xətti mahiyyətli olmalıdır ki, ətraf aləmdən olan təsirləri “xaosun kənarında” özünün ehtiyaclarına uyğun “mənalandıra” bilsin. Buna nail olmağın bütün mümkün şərtləri azərbaycançılıqda mövcuddur və məsələnin bu tərəfinə İsa Həbibbəyli yanaşmasında çox ciddi yer verilmişdir. Həmin aspekt üzərində bir qədər geniş dayanaq.
Vurğuladığımız kontekstdə akademik İsa Həbbibəyli azərbaycançılığı üç ideya dayağı üzərində sistemləşdirir. Onlardan birincisi dil birliyidir. Yəni vahid ədəbi dildən vahid “düşüncə kodu” yaratmaq.
İkincisi, tarix birliyidir. Bu, ümumi toplumsal yaddaş əsasında dövlətçiliyin inklüziv legitim ənənə kimi elmi obrazını formalaşdırmağı nəzərdə tutur.
Üçüncüsü, mənəvi-əxlaqi və mədəniyyət birliyidir. Bu, milli mentalitetin saxlanması əsasında dəyərlər, milli şüur, adət-ənənəni dövrün tələblərinə uyğun inkişaf etdirməyi ehtiva edir.
Üç aspektin ortaq fəlsəfi dəyərləndirilməsi: “Azərbaycançılıq etnik mənsubluqdan, dindən, siyasi baxışlardan üstün olan “üstdəyərlər” sistemi kimi inkişaf etdirilməli və təşviq olunmalıdır.
Bunlar sinergetikanın mərkəzi tezislərindən olan “cəmiyyət aşağıdan özünütəşkil etməklə perspektivli birliyə nail ola bilər” prinsipinə tam uyğundur. Bu, cəmiyyətin bütün sferalarında dialoq və tolerantlığı zəruri edir.
Bu prosesdə üç dayaq - dil, tarix və dəyərlər özünəməxsus rol oynayırlar. Həmin aspekt xüsusi tədqiq edilməlidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru