II SİLSİLƏ
II məqalə
Fəlsəfi refleksiya
Bu mövzuda II silsilə çərçivəsində I məqalənin sonunda azərbaycançılığın ümumi 7 prinsipinin sistemləşdirilməsindən bəhs etmişdik. Həmin sistemləşdirmə iki aspektdən fəlsəfi refleksiyanın predmeti ola bilər.
Birincisi, azərbaycançılığın müasir dövlətçiliyin əsas məfkurə-prinsipi kimi qəbuledilmə zərurəti.
İkincisi, 7 prinsipin praktiki aspektdə feili mövcudluğunun fəlsəfi dərki.
Bu aspektlərin 3 mühüm faktor fonunda qarşılıqlı əlaqədə tədqiqini vacib hesab edirik.
Birinci faktor Azərbaycan humanitar elminin strateji fonu ilə bağlıdır. “7 əsas prinsip azərbaycançılığın müasir humanitar elmimizin “nizamlayıcı parametri” kimi qəbul edilməsinə yetərlidirmi?” sualına cavab axtarışları ilə əlaqəlidir. Bizcə, həmin 7 prinsip azərbaycançılığın müasir humanitar təfəkkürün istiqamətverici və elmlərarası münasibətlərin tənzimləyicisi rolunu oynamağa yetərlidir. Lakin bizim bu müddəamız alternativlərin olmadığı anlamına gəlməməlidir.
İkinci faktor yuxarıda vurğulanan yanaşma kontekstində azərbaycançılığın hansı anlamda “sivilizasiya körpüsü” rolunu oynaya biləcəyi ilə bağlıdır. Məsələnin bu tərəfi, akademik İsa Həbibbəyli tərəfindən fundamental səviyyədə Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsinə konseptual yanaşma çərçivəsində qoyulmuşdur. Orada göstərilən dörd əsas prinsipdən ikincisi “sivilizasiya faktoru” adlanır (bax: İ.Həbibbəyli, Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, “Elm”, 2019, s. 87).
Bu prinsipi ziddiyyətsiz ümumiləşdirərək bütövlükdə müasir Azərbaycan humanitar təfəkkürünün başlıca prinsiplərindən biri kimi qəbul edə bilərik. Səbəb ondan ibarətdir ki, ədəbiyyat həmişə hər bir qövm üçün humanitar aspektdə aparıcı rol oynamaqla yanaşı, insanın mənəvi fəaliyyətinin hər bir istiqaməti ilə sıx bağlı olmuşdur. Azərbaycan humanitar elminin təkamül formasında bu müddəanın tam özünü doğrultduğunu sübut edə bilən çoxlu sayda tədqiqatlar mövcuddur.
Məsələnin digər tərəfi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil dövlət quruculuğu konsepsiyasının mahiyyəti ilə əlaqəlidir. Belə ki, həmin konsepsiyada azərbaycançılıq məfkurə olaraq əsas faktorlardan biri statusunda ayrıca vurğulanır. Azərbaycançılığın ideoloji sistem kimi missiyasında azərbaycanlıların milli mədəni dəyərlərlə yanaşı, dünya mədəniyyətinin başlıca dəyərlərini daim əxz etmələri zərurətini Ulu öndər qəti şəkildə vurğulamışdır.
Belə alınır ki, azərbaycançılığın humanitar elmi təfəkkürdə “sivilizasiya körpüsü” rolu təqdim edilən konsepsiyada üç aspekti özündə ehtiva edir: qnoseoloji (Azərbaycançılığın prinsipləri bilik statusunda müasir tələblərə milli ilə beynəlmiləlin vəhdəti formasında tam cavab verir), ideoloji (Azərbaycançılıq məfkurə statusunda ölkələrarası əlaqələrin əməkdaşlıq müstəvisində inkişafına geniş ideya bazası yaradır) və elmi (Azərbaycançılıq humanitar elmin nüvə konsepsiyası statusunda milli miqyası aşaraq regional və qlobal səviyyədə inteqrasiyaedici rol oynaya bilər). Onu vurğulayaq ki, sonuncu tezis haqqında biz Türk Dövlətləri Təşkilatı kontekstində “Xalq qəzeti”ndə dərc olunan silsilə məqalələrdə konseptual izahlar verməyə çalışmışıq.
Üçüncü faktorun fəlsəfi anlamı da çox önəmlidir. İ.Həbibbəyli müasir Azərbaycan humanitar elmində ilk dəfə olaraq azərbaycançılığın prinsiplərini konkret bir humanitar istiqamət - ədəbiyyat üzrə sistemli “dövrləşdirmə prinsipi” səviyyəsində mümuiləşdirə bilmiş və bu mənada, şərti ifadə edirik, “yeni dövrləşdirmə konsepsiyası” yaratmışdır. Burada başlanğıc tezis qoyulan aşağıdakı təməl suala cavab axtarışları fonunda müəyyən edilmişdir. Sual belədir: “Azərbaycançılıq tarixin bütün dövrləri üçün Azərbaycan humanitar elmi təfəkkürünün aparıcı prinsipi ola bilərmi?” Bizcə, bütövlükdə dövrləşdirmə konsepsiyası bu suala müsbət elmi cavab axtarışıdır. Və müəllif ona tam nail olmuşdur!
İndi vurğuladığımız üç aspektin ümumi fəlsəfi qayəsini yaratmağa çalışaq.
3 aspektin fəlsəfi qayəsi
Beləliklə, vurğulanan konsepsiyada elmin strateji fonu, sivilizasiya körpüsü və dövrləşdirmə prinsipi vahid məntiqi bucaq altında ümumhumanitar elmi təfəkkür səviyyəsində təqdim edilmişdir. Onun konkret ifadə forması isə “Ədəbiyyatda dövrləşdirmə konsepsiyası”dır. Yəni məsələ ümumi humanitar səviyyədə gündəmə gətirilir və onun reallaşma formalarından biri kimi dövrləşdirmə konsepsiyası irəli sürülür. Bu ierarxik qnoseoloji və metodoloji yanaşma çərçivəsində dövrləşdirmənin həm konsepsiya, həm də prinsip kimi müəyyən edilməsi olduqca maraqlı koqnitiv hadisədir. Çünki dövrləşdirmə konsepsiya kimi “nə?” sualına cavabdır, prinsip kimi isə humanitar təfəkkürün feili və praktiki keyfiyyəti kimi “necə işləyir?” sualına cavab axtarışdır.
Bu cür ümumi yanaşma fonunda yuxarıda vurğulanan üç aspektin fəlsəfi qayəsini yaratmaq olar. Burada bir neçə başlıca faktor-prosesi vurğulayaq. Onlar konsepsiyada fundamental rol oynayırlar. Həmin aspektləri ümumfəlsəfi səviyyədə aşağıdakı kimi kompleks halında sintez edə bilərik. Onun əsasında fəlsəfi qayənin təməl tezisi alınır.
O, belədir: “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq üçün müəyyən etdiyi ümumi prinsiplər çərçivəsində azərbaycançılıq humanitar elmi təfəkkürü nizamlayan, tarixi zaman kontekstində dövrləri birləşdirən və həm də sivilizasiyalar arasında körpü (və ya “kommunikativ elmi-ideoloji, siyasi və mənəvi-mədəni kanal”) olan məfkurə-prinsipdir”. Onu da vurğulayaq ki, akademik İsa Həbibbəyli bu təqdimatını ciddi elmi əsaslandırır.
Bunlardan daha ümumi fəlsəfi məqama keçid edə bilərik. Yəni azərbaycançılıq “elmi əsaslandırma – elmi tətbiq – qlobal çağırışlara cavab” statusunda müasir Azərbaycan humanitar elmi təfəkküründə xüsusi yer tutmalıdır!
Nəhayət, müasir dövlətçilik və kreativ cəmiyyət quruculuğu üçün prinsipial rol oynayan bir fəlsəfi xüsusiyyəti nəzərə almalıyıq. Tarixi təcrübə və XXI əsrin çağırışları göstərir ki, hər bir məfkurə üçün substantiv, struktur və funksiyaca açıq olması əsas şərtdir. Yəni heç bir halda, hətta ən güclü məzmuna və məqsədə malik məfkurə-prinsip davamlı səmərəli ola bilmir. Digər tərfdən, məfkurə-prinsipin açıqlığı semantik və funksional aspektlərdə mütləq surətdə “qeyri-xəttilik”lə müşayiət olunmalıdır. Yəni məfkurə-prinsipin məzmunu, semantik sahəsi elə dinamik münasibətləri sistemli (və ya şəbəkə) formasında ehtiva etməlidir ki, kreativlik daim təmin olunsun. Onun sinergetik anlamı belədir: sistem daxilində əlaqələr yekunda yeni məna yaratmalıdır! Yeni məna isə xüsusi emercent semantik-funksional zonada meydana gəlir. Bu da məfkurə üçün tərkib hissələri arasında münasibətləri kerativlik müstəvisində qurmaq kimi mürəkkəb, ancaq vacib şərt qoymaq deməkdir.
İndi bu xeyli dərəcədə fəlsəfi və sinergetik terminoloji qəlizliyə malik tezislərdən sadə dildə izaha keçək.
“Açıqlıq” və “qeyri-xəttilik”
Məsələnin bu tərəfinə azərbaycançılığa məfkurə-prinsip statusunda qneseoloji və metodoloji funksiyalarını xüsusiyyətləri və onların vəhdəti prizmasında baxacağıq. “Açıqlığa” və “qeyri-xəttiliyə” müəyyən etdiyimiz üç səviyyənin qarışlıqlı əlaqəsində nəzər salacağıq.
Qneseoloji funksiya
Bu, ümumilikdə, biliyi və tanıma sahələlərini əhatə edir. 3 tərkib hissəsi mövcuddur:
– milli kimlik və mənsubiyyətin kökləri;
– bəşəri dəyərlər və radikalizmə qarşı duruş;
– xalqın dövlətə münasibəti və vətən sevgisi.
Bu təsnif bizim deyildir və ümumi ədəbiyyat bazasında mövcuddur. Biz onu tam olaraq qəbul edirik.
Birinci tərkib hissəsinə aid olan milli kimlik və mənsubiyyətin azərbaycançılığın ümumtürk mənşəli məfkurə kimi tərifindən aydın olur. Yəni Azərbaycan xalqı türk mənşəli qövmdür.
İkinci tərkib hissəsi kimi bəşəri dəyərlər və radikalizmə qarşı duruş onu ifadə edir ki, məfkurə kimi azərbaycançılıq milliliklə yanaşı, bəşəriliyə də tam açıqdır. Bu məqamda humanitar elmi təfəkkürdə fəlsəfi və etik tərəflərin vəhdəti məsələsinin yer tutduğu görünür.
Üçüncü tərkib hissəsi olan xalqın dövlətə münasibəti və Vətən sevgisi milli şüura aiddir və konkret iki istiqamət üzrə (sosial və mənəvi-ideoloji) insanların bilik və duyğularının formalaşmasını göstərir.
Metodoloji funksiya
Bu, azərbaycançılığa yanaşmanı və onu tədqiq metodlarını əhatə edir. Onun 3 tərkib hissəsini müəyyən etmək olar:
– ərazi bütövlüyü və milli birlik;
– güclü dövlətçilik və demokratik prinsiplər;
– milli-mənəvi birlik və ideologiya.
Birinci tərkib hissəsində sosial, siyasi, mənəvi, mədəni birlik və bütövlükdə cəmiyyətdə həmrəylik məsələlərini tədqiq etmək olur. Buradan dövlətçilik məsələsinə nəzəri və metodoloji çıxış əldə etmək mümkündür. Məhz bu məqam ikinci tərkib hissədə ifadəsini tapmışdır.
İkinci tərkib hissədə dövlət idarəetməsi, iqtisadi inkişaf və hərbi qüdrət məsələlərinin metodoloji çərçivələri müəyyən edilir.
Nəhayət, üçüncü tərkib hissədə müxtəlif etnik mənsubların birliyi və ideoloji inteqrasiyasının təmininə metodoloji yanaşma ifadə olunur. Onun humanitar elmlər üçün əhəmiyyəti böyükdür.
Vurğulanan xüsusiyyətlərdən azərbaycançılığın “açıqlığı” və “qeyri-xəttiliyi” kontekstində belə qənaətə gəlirik yeddi prinsip bilik qaynağı və tədqiqatın metodoloji bazası kimi nəzəri və praktiki-tətbiqi əhəmiyyətə malikdirlər. Bu keyfiyyətdə onlar müasir mərhələdə Azərbaycan humanitar təfəkkürünün əsas funksiyalarını yerinə yetirə bilərlər! Yəni həmin prinsiplər kompleks halında humanitar elmi təfəkkürün “nüvə qneseoloji və metodoloji sahəsi” ola bilərlər.
Vurğulanan çərçivədə milli kimlik, vətənsevərlik, dövlətçilik və bəşəri dəyərlər aspektlərində bilik sahələrinin qneseoloji hüdudlarını müəyyən etmək olar. Bununla yanaşı, həmin istiqamətlərlə yanaşı, sosial birlik, idarəetmə və ideologiya aspektlərində də tədqiqatın metodoloji bazasını hazırlamağa imkan yaranır.
Yekun olaraq, azərbaycançılığın “açıqlığı” və “qeyri-xəttiliyi”nin İsa Həbibbəyli anlamında yuxarıdakı özəlliklərindən geniş humanitar yanaşma prizmasında fəlsəfə və elmin klassiklərinin yaradıcılığı fonunda yeni ümumiləşdirmələr apara bilərik. Yuxarıdakı prinsiplərdə yeri olan “milli-mənəvi dəyərləri qorumaq zəruridir” prinsipi K.Lorensin cəmiyyətin “təbii kodunu qoru”, çünki o, toplumun mövcudluğunun fundamentidir müddəası ilə səsləşir.
K.Lorens belə qənaətə gəlmişdir ki, insan qövmü bir qayda olaraq “nəsillərin gecikməsi” mexanizmi əsasında ərtafda baş verən dəyişikliklərə müəyyən zamanda koqnitiv (idraki) cavab hazırlayır. Bunu toplum yaddaşı sayəsində edə bilir. “Nəsillərin gecikməsi” toplumun dəyişikliklərə reaksiya vermək üçün ehtiyacı olduğu zaman müddətidir. Deməli, azərbaycançılıq bizim üçün məcazi mənada həmin “nəsil gecikməsi”nin çox aspektlərdə “ölçüsüdür”.
İkinci ümumiləşdirmə toplumun sinergetik özünütəşkilinin inteqrativ xarakterli dinamikası ilə bağlıdır və azərbaycançılığın çox maraqlı istiqamətlərdə tədqiqi zəruriliyinə işıq salır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki
fəlsəfə elmləri doktoru