Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Heydər Əliyev və dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi
10.08.2026 22:54
  • A-
  • A
  • A+

Heydər Əliyev və dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü – 25

“Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə hər il avqust ayının 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Azərbaycan dili xalqımızın mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, milli kimliyini qoruyan ən böyük milli sərvətimizdir. Bu mənəvi sərvətin inkişafında, qorunmasında, dünya dilləri içərisində öz layiqli yerinı tutmasında ulu öndər Heydər Əliyevin dil quruculuğu siyasətinin mühüm rolu var. Dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də Ulu öndərin strateji xətti Azərbaycan dilinin dövlətçiliyin əsas atributlarından biri, milli dövlət quruculuğunun tərkib hissəsi kimi inkişaf etdirilməsi ilə bağlıdır.

Millətin inkişafında mühüm amil olan əlifbanın qəbul edilməsi və dövlət dilinin inkişafına rəsmi səviyyədə yanaşmanın nəticəsidir ki, ötən illərdə latın qrafikalı əlifbaya keçid təmin edildi və respublikada bütün kargüzarlıq işləri heç bir istisnaya yol verilmədən yeni əlifba ilə həyata keçirildi.

Ümummilli lider Heydər Əliyevin imzaladığı daha bir önəmli sənəd – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanda qoyulan problemlərin tətbiqi məsələlərinin həllinə yönəlmiş mühüm istiqamətdir. Fərmanda qeyd edilirdi: “Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir”.

Dövrün dil mənzərəsi sistemli təhlil edilir və dilin inkişafına təsir edən amillərin aradan qaldırılması yolları göstərilərək fərmanda yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”.

Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmiş, problem və nöqsanlar müəyyənləşdirilərək aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Xüsusən, Azərbaycan dilinin tarixi keçmişi, mənşəyi ilə bağlı yanlış olaraq irəli sürülən konsepsiyaya son qoyulmuş, tarixi faktlara əsaslanaraq ana dilinin qədim tarixə malik dövlət dili kimi inkişafı üçün həm inzibati, hüquqi-siyasi istiqamətlər, həm də orta və ali məktəblərdə Ana dilinin tədris işinin təkmilləşdirilməsi, rəsmi yazışmalarda, kargüzarlıq işlərində, reklamlarda dildən istifadə imkanlarının genişləndirilməsi, kino və televiziya ekranlarında müşahidə olunan dil qüsurlarının aradan qaldırılması yolları müəyyənləşdirilmişdi.

Azərbaycan dilinin bütün ölkə miqyasında - mədəniyyət, elm, iqtisadiyyat, hərb, səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunması zəruri və əməli cəhətdən əsaslandırılmış və Azərbaycan dilçiliyi ilə bağlı görüləcək işlərin əsas konturları verilmişdi. Azərbaycan dilinin dövlət dili olaraq inkişaf etdirilməsi və qorunması önə çəkilərək Azərbaycan dilinin tətbiqi məsələləri reallaşdırılmışdı.

Latın qrafikalı Azərbaycan əlifbasına keçid hələ 1991-ci ildən nəzərdə tutulsa da, bu prosesi başa çatdırmağın mümkünsüzlüyü açıq-aşkar görünürdü. Ölkədə nəşriyyat-poliqrafiya işinin paralel olaraq latın və kiril əlifbaları ilə aparılması əhalinin çaşqınlığı və haqlı olaraq narazılıq ilə qarşılanır, müəyyən ziddiyyətlər yaradırdı. Bu problem eynilə mətbuat sahəsində də özünü açıq şəkildə büruzə verir, qəzetlər yarı latın qrafikalı Azərbaycan əlifbası, yarı kiril əlifbası ilə nəşr olunurdu. Belə cəfəng iddialar da səslənirdi ki, Azərbaycan xalqı hələ əlifba dəyişməsinə hazır deyil, bu prosesi zamanın öhdəsinə buraxmaq lazımdır.

Yeni əlifbanın tətbiqi məsələlərinin həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycanda kiril əlifbası ilə çap olunmuş kitablar Azərbaycan millətinin böyük tarixi əhəmiyyətə malik dil, ədəbiyyat, elm, mədəniyyət xəzinəsidir. Biz bu xəzinəni heç vaxt itirə, ondan imtina edə bilmərik. Bununla belə, əgər biz tezliklə bütün sahələrdə latın əlifbasına keçməsək, gecikmiş olacağıq. Bu işlər məktəblərdə xüsusilə təşkil olunmalıdır. Təhsil Nazirliyindən, bütün məktəblərdən bunu tələb edirəm”. Fərmanda dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərlə yanaşı həlli yolları da göstərilir. Ümummilli lider Heydər Əliyev yazırdı: “Biz indi latın əlifbasına keçirik. Görürsünüz ki, keçmək də çətindir. Bu barədə qərar qəbul edilərkən nə qədər müzakirələr gedirdi. Kimi deyirdi keçək, kimi deyirdi keçməyək. Hətta bəziləri deyirdi gəlin ərəb əlifbasına qayıdaq. Xatirimdədir, 1990-1991-ci illərdə belə söhbətlər gedirdi. Qərar qəbul olunub, ancaq biz latın əlifbasına keçə bilmirik. Mən göstəriş vermişəm və bütün dövlət sənədləri latın əlifbası ilə yazılır”. Latın qrafikalı əlifbaya keçmək ideyası müstəqillik illərində Azərbaycan dilinin inkişafında yeni mərhələ oldu.

On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayının 1-dən, bütövlükdə, təmin edilməsi haqqında qərarla bu fikirlərə son qoyuldu. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman ölkəmizdə dövlət dilinin problemlərinin həlli üçün yeni mərhələnin başlanğıcını qoyan tarixi bir sənəd kimi Azərbaycan dilinin tətbiq olunması və latın qrafikasına keçid prosesi təmin edildi.

Fərmanın 9-cu maddəsinin birinci bəndində yazılır: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun birinə qədər bütünlükdə latın qrafikasına keçməsini təmin etsin”. Fərmanda nəzərdə tutulan tədbirlərin icrası üçün konkret vaxt qoyulması onun tətbiqini reallaşdırdı. Latın qrafikalı əlifbaya keçmək müddətinin konkret olaraq göstərilməsi yeganə düzgün yol idi. 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında ən zəruri şərtlərdəndir. Bu nəzərə alınaraq fərmanda qeyd edilirdi ki, “qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir”.

Əlifba yaradıldıqda dilin səs sistemində özünəməxsus fərqli və səciyyəvi xüsusiyyətlər əsas götürülərək həmin dilin təbiəti, xüsusiyyətləri nəzərə alınır. Müasir Azərbaycan əlifbası da qeyd etdiyimiz qaydada yaradılmışdır. Buna görə də Azərbaycan əlifbasının keçdiyi yol xarakterizə edilərək yazılır: “1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Azərbaycanda rus qrafikası əsasında yeni əlifba yaradılması məsələsi 1939-cu ilin əvvəllərindən qaldırılmışdı. Azərbaycan SSR Ali Sovetinin II sessiyasında 1940-cı il yanvarın 1-dən Azərbaycan yazısının rus əlifbası əsasında tərtib olunmuş yeni əlifbaya qəti və məcburi keçirilməsinə dair qərar verildi. Həmin əlifbadan Azərbaycan xalqı 1991-ci ilədək istifadə etmişdir”.

Göründüyü kimi, Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblərdən bir neçə dəfə dəyişdirilmisdir. Kiril qrafikalı Azərbaycan əlifbasını dəyişdirmək ideyası müstəqillik dövründə reallaşdırıldı. Azərbaycanda əldə edilmiş müstəqillik və azadlıq latın əlifbasını bərpa etmək zərurətini ortaya çıxardı. Zamanın tələbindən irəli gələrək uzun illərdən bəri bir-birindən elmi və mədəni, iqtisadi və siyasi cəhətdən ayrı düşmüş çoxsaylı türk xalqları arasında əlaqə yaratmaq üçün latın əlifbası əsas götürüldü. Latın əlifbası dünyanın ən geniş yayılmış sadə və müasir əlifbalarından biri kimi tarixi kökləri türk xalqları ilə bağlı olmuşdur.

Müstəqilliyin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bütün bunlar nəzərə alınaraq Heydər Əliyev tərəfindən “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” prezident fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir. Hazırda latın əlifbası əsasında tərtib edilən müasir Azərbaycan əlifbasının Azərbaycan dilinin yazı sistemini lazımi səviyyədə təmin etməsi milli müstəqilliyin nəticəsidir. Sonrakı proseslər Azərbaycan xalqının bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-nin respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi dilimizin tətbiqi işinə stimul verdi.

Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması ilə yanaşı, latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai funksiyalarının genişləndirilməsi istiqamətində mühüm işlər görüldü. Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ulu öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunun qəbulu dövlətin milli dil, milli kimlik siyasətinin uğurla və dolğun aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və ana dilinin dövlət dili kimi hüquqi statusunu möhkəmləndirir. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının etibarlı şəkildə müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri böyük dövləti əhəmiyyət öz təsdiqini tapır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində apardığı strateji əhəmiyyətli siyasəti Prezident İlham Əliyev ardıcıl şəkildə davam etdirir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər latın qrafikasının işləkliyini təmin etdi.

Müstəqillik illərində bütün sahələrdə olduğu kimi, dil sahəsində də məqsədyönlü siyasətin tarixi nəticələrindən biri kimi Azərbaycan dilinin dövlət dili olaraq geniş istifadə edilməsinə və latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə nail olunmuş, onun digər dillər arasında yaşaması və daha da təkmilləşməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Bu konseptual ideyaların həyata keçirilməsi sayəsində Azərbaycan dili beynəlxalq səviyyədə inkişaf edərək dünya dilləri ilə bir sırada yüksək diplomatik məclislərdə səslənir. Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin bu gün qorunmasına və inkişafına daha böyük ehtiyacı var. Kompüter sistemindən istifadə edilərək Azərbaycan dilində daha çox internet resurslarının və tərcümə sistemlərinin tətbiq edilməsi, linqvistik texnologiyaların yaradılması istiqamətində mühüm işlər aparılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dil, sadəcə, ünsiyyət vasitəsi deyil; o, bayraq, gerb və himn kimi dövlət rəmzləri ilə eyni səviyyədə dayanan, milli kimliyi və dövlətçilik düşüncəsini formalaşdıran mühüm dəyərdir”. Dövlət başçısı İlham Əliyevin istər Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyində çıxışında, istərsə də 2026-cı il yanvarın 5-də jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan dilinin inkişafı ilə bağlı mühüm aspektlər önə çəkilir. Dil siyasətində milli dilə yalnız mədəni fenomen deyil, həm də milli təhlükəsizliyin və dövlətçilik strategiyasının ayrılmaz tərkib hissəsi kimi yanaşılır. Prezident İlham Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və saflığının saxlanılması, dövlət dilindən düzgün istifadə və onun rəqəmsal mövqeyinin gücləndirilməsi ilə bağlı fikirləri strateji əhəmiyyət daşımaqla yanaşı, qurumlar qarşısında mühüm vəzifələr də gündəmə gətirir. Azərbaycan dilinin tətbiqi məsələlərinə, xüsusən elmdə, təhsildə, informasiya məkanında ədəbi dilin qorunması olduqca önəmlidir.

Qloballaşma dövründə dünyada baş verən ictimai-siyasi proseslər, elmi-texniki tərəqqi ilə bağlı Azərbaycan dilinə daxil olan həddən artıq alınmalar dilin inkişafına təsir edir. Azərbaycan dilinin xarici təsirlərdən qorunması üçün dilimizin zəngin söz ehtiyatından, yeni anlayışların ifadəsində, ilk növbədə, dilimizin daxili imkanlarından istifadə edilməklə, leksik və üslubi zənginlik qorunur. Azərbaycan dilinin dövlət dili kimi mövqeyi möhkəmləndirilir, bu sahədə qəbul edilən qanunlar, dövlət proqramları və hüquqi sənədlər dövlət dilinin inkişafı, onun tətbiq sahələrinin genişlənməsi, ədəbi dil normalarının qorunması və terminoloji bazanın zənginləşdirilməsi istiqamətində mühüm işlər görülür.

Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün siyasi qətiyyəti, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Dil millətin varlığının əsas göstəricilərindən biri hesab edən Azərbaycanın dahi rəhbəri öz praktik fəaliyyəti ilə elmi-pedaqoji mühitdə Azərbaycan dilinin tətbiqi məsələlərini strateji məqsədlərdən hesab edir. Torpağımız kimi xalqımızın dilini də yad təsirlərdən qorumalı və gələcək nəsillərə ərməğan etməliyik. Çünki dilimizin qorunması və inkişafı milli varlığımızın və milli kimliyimizin yaşaması deməkdir. Azərbaycan müstəqil dövlətdir və bu dövlətin rəsmi dilinin qorunması hər biri azərbaycanlının vəzifəsidir.

Sayalı SADIQOVA, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor

Xalq qəzeti”

  • Paylaş: