Qəbələdə arxeoloji tədqiqatlar zamanı şəhərin Qala ərazisində saray tipli ictimai binanın qalıqları aşkar edilib. Binanın bünövrə hissəsi iri blok və mədən daşlarından inşa olunub. Divarın təxminən 20 metrlik hissəsi tədqiq edilib və onun qazıntı sahəsindən kənara doğru davam etdiyi müəyyənləşib. Ərazidə orta əsrlər dövrünə aid digər möhtəşəm tikinti qalıqları da aşkar olunmaqdadır.
Bu barədə açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor, Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyev söyləyib.
Professor deyib: “Blok daşlardan inşa olunmuş divar qalıqları xronoloji baxımdan daha erkən dövrə aiddir. Oradan aşkar edilən bəzi nümunələrə əsasən, ilkin olaraq bu tikilinin VIII əsrdən əvvəlki dövrə aid ola biləcəyini söyləmək mümkündür. Lakin sonrakı mərhələlərdə də həmin ərazidə tikinti işləri davam etdirilib”.
Q.Cəbiyev bildirib ki, qazıntı sahəsindən aşkar edilən müxtəlif materiallar binanın xarakteri barədə ilkin təsəvvür yaradır. Ərazidə çoxlu sayda iri saxsı kərpic və kirəmit nümunələri aşkarlanıb. Bu da binanın dam örtüyünün saxsı kirəmitlərlə örtüldüyünü göstərir. Həmçinin rəngli, o cümlədən firuzəyi rəngli kaşı fraqmentləri tapılır. Bu fakt binanın daxili hissəsinin, ən azı müəyyən bölmələrinin nəfis şəkildə bəzədildiyini ehtimal etməyə əsas verir. Onun sözlərinə görə, qazıntı aparılan ərazidə geniş sahəni əhatə edən yanıq izləri də müəyyənləşdirilib: “Görünür, bina hansısa mərhələdə güclü yanğına məruz qalıb. Lakin bu, tədqiqatların hələ ilkin mərhələsidir. Ona görə də abidənin tarixini və funksiyasını dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var”.
Professor qeyd edib ki, iyun ayında ilkin tədqiqat mərhələsinin başa çatmasından sonra “SEBA” Assosiasiyasının rəhbərliyi qazıntıların davam etdirilməsi təşəbbüsü ilə çıxış edib və bu təklif AMEA və institut rəhbərliyi tərəfindən də dəstəklənib. Hazırda Qəbələdə yenidən tədqiqatlara başlamışıq. Aparılan müşahidələr, baxışlar və mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələr zamanı belə qənaətə gəlinib ki, yeni aşkar edilmiş saray tipli ictimai binanın tədqiqatı davam etdirilməlidir.
“Qəbələdə uzun illər ərzində aparılan tədqiqatlar zamanı çoxsaylı tikinti qalıqları aşkar edilib. Bunların arasında çay daşından və bişmiş kərpicdən inşa olunmuş divarlar da var. Lakin həmin tikililər əsasən yaşayış evlərinə və fərdi binalara aid olub. Bu dəfə aşkar olunan tikili isə fərdi yaşayış binası deyil. Buradakı iri platformalar və tikintidə istifadə olunan nəhəng blok daşlar onun ictimai xarakter daşıdığını göstərir. Belə ölçülü platformaların adi şəxsi yaşayış binasında olması mümkün deyil. Qəbələdə bu cür iri blok və mədən daşlarından inşa olunmuş tikinti nümunələrinə əsasən erkən qala divarlarının aşağı qatlarında rast gəlirik. Həmin qala divarları təxminən eramızdan əvvəl I əsrə və eramızın ilk əsrlərinə aid edilir. Şəhərin sonrakı inkişaf mərhələlərində isə bu tip tikinti nümunələrinə rast gəlinmir”, - deyə alim bildirib.
Q.Cəbiyev vurğulayıb ki, aşkar edilən tikilinin miqyası və memarlıq xüsusiyyətləri onun ictimai və ehtimal ki, inzibati xarakter daşıdığını düşünməyə əsas verir: “Şəhərdə belə möhtəşəm ictimai bina nə məqsədlə istifadə oluna bilərdi? İlkin ehtimallara görə, bu, idarəçiliklə bağlı inzibati bina ola bilər. Geniş platformaların mövcudluğu, divarların quruluşu və binanın memarlıq xüsusiyyətləri belə ehtimallar irəli sürməyə əsas verir. Lakin bunun dəqiq müəyyənləşdirilməsi üçün bütün ərazi açılmalı, tədqiqatlar başa çatdırılmalı və tapıntılar kompleks şəkildə araşdırılmalıdır. Aşkar olunan materialların bir hissəsinin laboratoriya şəraitində, o cümlədən radiokarbon analizləri vasitəsilə tədqiq edilməsi nəzərdə tutulur”.
Alim bildirib ki, sentyabrın 1-dən 29-dək Qəbələnin Qala ərazisində arxeoloji qazıntı işləri aparılır. Məqsəd aşkar edilmiş tikilinin daha geniş hissəsini üzə çıxarmaq, onun memarlıq xüsusiyyətlərini və funksiyasını müəyyənləşdirmək, həmçinin əldə olunan arxeoloji materiallar əsasında abidənin dəqiq xronologiyasını müəyyən etməkdir.