AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin və “Yeni əsrin müqaviləsi”nin ildönümünə həsr olunmuş “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq elmi konfrans işini panel iclasla davam etdirib.
Panel iclas Marmara Universitetinin Siyasi elmlər fakültəsi, Beynəlxalq münasibətlər kafedrasının müdiri, prof. Meral Balcı və s.e.ü.f.d. Samirə Həbibbəylinin moderatorluğu ilə keçirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti s.e.ü.f.d. Məhsəti Əliyevanın “Yaşıl keçid və enerji resursları ixrac edən ölkələrdə siyasi legitimləşdirmə mexanizmlərinin transformasiyası”, Fəlsəfə və Sosiologiya İnstitutu Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin dosenti f.ü.f.d. Vahid Ömərovun “ABŞ-nin Cənubi Qafqazda enerji strategiyası”, eləcə də Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, s.e.ü.f.d. Şəbnəm Zeynalovanın “Azərbaycanın enerji diplomatiyasının geosiyasi transformasiyası: regional təsirdən orta güc statusuna” mövzusunda məruzələri dinlənilib.
Həmçinin Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, s.e.ü.f.d. Nərgiz Nağıyeva “Cənubi Qafqazda regional əməkdaşlıq sistemində Azərbaycanın rolu”, Bakı Avrasiya Universitetinin Sosial və siyasi elmlər kafedrasınını əməkdaşı Abdulla Xanayev “Xəzər dənizinin yaşıl hidrogen potensialı: Azərbaycan – Avropa əlaqələrinin yeni siyasi iqtisadiyyatı”, Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Naziyə Məmmədova “Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin nəzəri və konseptual əsasları”, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktorantı Kəmalə Xudaverdiyeva “Xəzər-Cənubi Qafqaz xəttində enerji həlləri və geoiqtisadi təsir” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycanın enerji diplomatiyası və regional əməkdaşlıq siyasəti, Cənubi Qafqazda ABŞ-ın enerji strategiyası, yaşıl keçid və enerji resurslarının ixracının siyasi aspektləri, eləcə də Xəzərin yaşıl hidrogen potensialı, enerji təhlükəsizliyinin nəzəri əsasları və enerji layihələrinin geoiqtisadi təsirləri barədə məlumatlar təqdim olunub, geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.