Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycançılığın əsas prinsipləri fəlsəfi təhlildə
07.08.2026 10:22
  • A-
  • A
  • A+

Azərbaycançılığın əsas prinsipləri fəlsəfi təhlildə

II SİLSİLƏ

I MƏQALƏ

Çağdaş tələb

Dövlətçilik strategiyasının yeni mərhələsində başlıca mənəvi-ideoloji istiqamət kimi azərbaycançılığın götürülməsinin prinsipial əhəmiyyətini hər kəs anlayır. Ölkənin ziyalı kəsimi bu aspektdə elmi tədqiqatlar aparırlar. Əlbəttə, məsələnin elmi və məfkurəvi tərəfləri ideoloji yanaşmanın konseptuallaşması prosesinin davamlı olması gərəkdiyini çox gözəl anlayır. Bu baxımdan AMEA-nın yeniləşməsi kursu kontekstində azərbaycançılığın sistemli və konseptual tədqiqinin aktuallığı aydın görünür. Əlbəttə, AMEA ölkənin bütün elm və təhsil strukturları ilə birlikdə bu aspektdə çalışmağa həmişə hazır olmuşdur və indi də elədir.

Məsələnin bizim humanitar tədqiqatlarızımın gündəmində böyük aktuallığını nəzərə alaraq Azərbaycnaçılığın əsas prinsiplərinin fəlsəfi təhlilini davam etdirməyi lazımlı bilirik. Əgər azərbaycançılıq vurğulanan aspektdə dərindən araşdırılmasa, onda dövlətçiliyin mənəvi-ideoloji aspektini başqa ideoloji faktorlar və yad mənəvi ünsürlər tutmağa cəhdlər edər.

Şübhə yoxdur ki, müstəqil dövlətimizin dəyişməz ideologiyası azərbaycançılıqdır. Bunu ulu öndər Heydər Əliyev əbədi müəyyən etmişdir və Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Məhz bu səbəbə görə də, ölkə ziyalı kəsimi, o cümlədən AMEA əlindən gələn töhfəni verməlidir. Bu tezisin prizmasında 2022-ci ilin payızından AMEA-nın azərbaycançılıqla bağlı həyata keçirdiyi elmi tədqiqatlar çox maraqlı və əhəmiyyətlidir.

Biz bu məqalələr silsiləsində azərbaycançılığın prinsiplərinin fəlsəfi dərki ilə bağlı müəyyən təhlillər aparmağa çalışacağıq.

Azərbaycançılığın 3 dayağı

Akademik İsa Həbibbəyli azərbaycançılığa 3 təməl ideya işığında baxır.

Birinci, azərbaycançılıq məfkurəsi.

İkinci, Azərbaycan xalqı.

Üçüncü, Azərbaycan dövlətçiliyi.

İlk iki ideya Azərbaycan dövlətçiliyinin müasir mərhələdə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu daxilində uğurlu inkişafının nəzəri-konseptual tədqiqi üçün çox əhəmiyyətlidir. Azərbaycan dövlətçiliyi, hər şeydən öncə Azərbaycan xalqının maraqlarından qaynaqlanır. Bu anlamda dövlət xalqa xidmət edir. Xalqın dövlət qurmaq ideyasına keçidini məfkurə təmin edir. Yəni Azərbaycan xalqı tarixin bütün mərhələlərində ona uyğun adekvat ideoloji kurs tapa bilmişdir ki, dövlət quruculuğunda uğurlar gətirmişdir. Bunu bizim qədimlərdən dövlətlər qurmağımız və ayrıca, imperiya keçmişimiz sübut edir.

İndi məsələnin qoyuluşunda başlıca məqam ondan ibarətdir ki, azərbaycançılıq ideoloji sistem, məfkurə kimi xalqın dövlətçiliyə bağlılığının əsas mexanizmi olmasının strateji mahiyyəti qəbul edilməlidir. Konkret olaraq, azərbaycançılıq məfkurəsi həm xalqın birliyini XXI əsrin çağırışlarına uyğun yeni səviyyədə təmin etməyin mənəvi-ideoloji əsası olmalıdır, həm də toplum bu birləşdirici enerjisini sinerji formasında müstəqil dövlətçiliyin inkişafına yönəltməlidir.

Deməli, azərbaycançılığın 3 təməl faktorunda strateji məqsəd müstəqil dövlətçiliyin müasir tələblərə uyğun inkişafından ibarətdir. Onu reallaşdıra biləcək faktor xalqdır. Xalq öz daxili birliyi və hakimiyyət-cəmiyyət vəhdəti sayəsində buna nail ola biləcəkdir. Bunu reallaşdırma mexanizmi isə azərbaycançılıq məfkurəsidir.

Onda azərbaycançılığın təklif olunan üç təməl faktorunun semantik və funksional məntiqi bağlantısını qısa belə ifadə edə bilərik: xalq–məfkurə–dövlətçilik. Yəni xalq özünün adekvat ideoloji-mənəvi sistemi ilə dövlətçiliyin inkişafına nail olur.

Bizcə, məsələ çox doğru kontekstdə qoyulmuşdur. Onun prinsiplərinin məzmun, mahiyyət və ortaq məqsədləri fonunda vurğuladığımız tezis aydın görünür.

36 prinsip 7 blokda

Yuxarıda vurğulanan 3 təməl dayaq ideyanın fonunda 7 əsas “blok” formalaşdırılır:

1. Azərbaycançılıq məfkurəsi

2. Azərbaycan xalqı

3. Azərbaycan dövlətçiliyi

4. Azərbaycan dili

5. Milli-mənəvi dəyərlər

6. Azərbaycan ədəbiyyatı

7. Azərbaycanşünaslıq

Burada azərbaycançılığın məfkurə, xalq və dövlətçilik kimi əsas dayaq ideyaları olaraq statusu ilə “blok” kimi də təkrar təqdim olunmasının dərin ideoloji əsası mövcuddur. Məfkurəçilik, xalqçılıq və dövlətçilik geniş fundamental kontekstdə əsas “sütunlardır”. Ancaq onlar həm də fəaliyyət prinsipi kimi praktiki reallaşmalı olan məsələlərdir. Yəni azərbaycançılığın prinsip səviyyəsində məfkurə olaraq reallaşmasının 5 istiqaməti vardır. Xalq üçün 6 istiqamət əsasdır. Dövlətçilik isə daha əhatəlidir – 8 istiqaməti əhatə edir.

Dil, milli-mənəvi-dəyərlər, ədəbiyyat və azərbaycanşünaslıq isə dövlətçilikdə xüsusi rolu olan faktor-prinsiplər olaraq daxil edilmişdir. XXI əsrdə davamlı inkişaf edən dövlətin mövcud olmasının mənəvi-ideoloji və elmi aspektləri baxımından çox əhəmiyyətli vurğudur.

Belə alınır ki, azərbaycançılığın 36 prinsipini daha ümumi 7 prinsipdə yığcam ifadə etmək olar. Bu prinsiplərin praktiki reallaşma potensialının hüdudlarını azərbaycançılığın ideya və konsept səviyyəsindən konseptuallaşmaya təkamülü nəticəsində “məfkurə-prinsip” qarşılıqlı keçidi əsasında müəyyən etmək mümkündür.

Onu vurğulayaq ki, “blok”lar hələ prinsiplər demək deyildir. Məfkurədən prinsipə keçid ideyadan “təfəkkür aləti”nə keçiddir. Yəni azərbaycançılıq elmi təfəkkürün aparıcı funksional komponentlərindən biri olmalıdır. “Blok”lar isə bu keçidin semantik və funksional hüdudlarının mayaklarıdır.

Bununla müəyyən dərəcədə azərbaycançılığın struktur və funksional aspektlərdə ümumi konseptual quruluşunu almış oluruq. Əlbəttə, təqdim edilən məqamlar kifayət qədər mürəkkəb və çətin dərk edilən xarakterə malikdirlər. Həmin konseptual struktur-funksional quruluşu şərti olaraq azərbaycançılığın “konseptual semantik hüdudları” adlandıraq.

4 təməl dəyər

Bununla yanaşı, konseptual semantik hüdudun dörd təməl dəyəri özündə ehtiva etdiyini mütləq nəzərə almaq lazımdır. Onlar aşağıdakılardır:

– Azərbaycan dili;

– Azərbaycan xalqı;

– Azərbaycan dövlətçiliyi;

– Azərbaycan milli-mənəvi dəyərləri (akademik İsa Həbibbəyli)

Buradan semantik (məna) və funksional (kommunikasiya faktoru kimi) azərbaycançılığın “çoxölçülü” tərkib hissələrindən formalaşdığı nəticəsini çıxara bilərik. Məsələn, dil ideyadır, dəyərdir, həm də prinsipdir. Dilin ideyalılığı, dəyərliliyi və prinsipliliyi vəhdətdə dilin məfkurə kontekstində cəmiyyətin kommunikativ aspektdə ortaq fəaliyyətində, semantik sferada ortaq mənalar yaratmağında və dövlətçilik aspektində identikliyinin təsdiqində mühüm rol oynayır. Buradan dillə bağlı azərbaycançılıq kontekstində daha bir ümumiləşdirmə aparmaq olar: dil, ümumi kommunikasiyanın təmini – ortaq mənaların yaradılması – dövlətin identikliyinin təsdiqi üçün başlıca faktorlardan biridir.

Azərbaycan xalqı həm əsas dayaq ideya, həm də dəyər kimi konsepsiyada çox əhəmiyyətli rola malikdir. Belə ki, azərbaycançılıq dövlətin xalqın dəyəri kimi formalaşması üçün toplumun özünütəşkili fəlsəfəsinə geniş imkanlar yaradır. Azərbaycan xalqı özünü “yosun qanunu” əsasında, yəni öz kökü üzərində ailədən başlayaraq qəbilə, tayfa, tayfalar birliyi, xalq və millət kimi özünü təşkil edir. Bu məqam dövlətin qurulmasında aparıcı rol oynayır – Azərbaycan dövlətləri tarixin hər mərhələsində xalqın iradəsindən yaranmışdır. Xalqın dəyər kimi qiymətləndirilməsində məhz bu məqam ciddi yer tutur.

Azərbaycançılıq ideya, konsept və konsepsiya olaraq bu prosesin əsas təkamül mexanizmi kimi daxil edilirsə, o, tarixi gedişdir. Ulu öndər həmin yanaşmanı mükəmməl şəkildə həyata keçirdi, Prezident İlham Əliyev XXI əsrin bütün keşməkeşləri və riskli situasiyalarında inkişaf etdirməkdədir. Bu prosesin nəzəri-konseptual dərki, təbliği və təşviqi bütün bunlara görə, xüsusi aktuallıq kəsb etməkdədir

Nəhayət, milli-mənəvi dəyərlərin azərbaycançılıq konteksti vacib məqamdır. Onlar azərbaycançılığın bəşəri səviyyədə özünütəsdiqi baxımından əvəzsiz rol oynamalıdırlar. Sirr deyil ki, hazırda kənardan məhz ilk olaraq milli-mənəvi dəyərləri sarsıdan təsirlərə cəhdlər edirlər. Buna görə də milli-mənəvi dəyərlər azərbaycançılıq konsepsiyasında toplumdaxili sosial, siyasi, mədəni, əxlaqi, ideya, davranış və s. bağları təmin edən başlıca məna və ünsiyyət faktorudur.

Obrazlı olaraq, müasir elmi yanaşmalarda bu funksiyanı yerinə yetirən faktora milli birliyi təmin etmək əsasında beynəlxalq miqyasa çıxışı təmin edən “kanal” (və ya “dəhliz”) da deyirlər. Buradan azərbaycançılıq kontekstində elm, təhsil və medianın daxili birliyi təmin edərək, toplumun dünyaya inteqrasiyasını milli maraqlar üzərində bərqərar etməsində oynadığı strateji rolu asan dərk etmək olar. Bu mənada, azərbaycançılıq dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzidir.

Yəni azərbaycançılıq bizi həm “özümüz” edir, həm də dünya ilə “danışdırır”. Azərbaycançılıq konsepsiya kimi Azərbaycanı müasir sivilizasiyanın bir parçası edir. Bu ideologiya “özünəqapanma” deyil, “sosial-mədəni və mənəvi-əxlaqi əlaqə ideologiyasıdır”. Azərbaycançılıq Azərbaycan xalqı üçün elə bir böyük viziyondur ki, bu toplumun “millət miqyasında qlobal sivilizasiyaya çıxış yolu”nu özündə ehtiva edir!

7 ümumi prinsip

Azərbaycançılığın 36 prinsipin nəzəri-konseptual ümumiləşdirilməsi əsasında yeddi prinsipi müəyyənləşdirilmişdir. Onlar aşağıdakılardır:

1. Azərbaycançılıq ümumtürk mənşəli milli məfkurədir.

2. Ərazi bütövlüyü, Vahid Vətən, Vətəndaş həmrəyliyi, və Milli birlik

3. Milli iftixar və Vətənçilik

Bunlar ideya mənbələridir.

4. Bəşəri dəyərləri özündə əks etdirən milli məfkurədir.

Bu, radikal millətçilik, dini ayrı-seçkilik, separatçılığa zidd olmasının təminedici faktor-dəyəridir.

5. Azərbaycan xalqı – dövlətin yaradıcısı, sahibi və qoruyucusudur.

Yəni xalq sədaqət və Vətən sevgisi xarakterlidir.

6. Güclü dövlətçilik.

Demokratik prinsiplər, iqtisadi inkişaf, hərbi qüdrət, ərazi bütövlüyünü qoruyan idarəetmə anlamındadır.

7. Dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzidir.

Bu keyfiyyətdə ölkədə yaşayan bütün xalqları birləşdirən ideologiyadır (akademik İsa Həbibbəyli).

(ardı var)

Füzuli QURBANOV,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru

  • Paylaş: