Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.09.2026 17:45
  • A-
  • A
  • A+

AMEA-da “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA-da “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında Fəlsəfə və Sosiologiya İnstitutu və bu institutun Enerji təhlükəsizliyi siyasəti və Gürcüstanşünaslıq şöbəsinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin və “Yeni əsrin müqaviləsi”nin ildönümünə həsr olunmuş “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətinin bu gün Azərbaycan  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Akademik İsa Həbibbəyli Naxçıvanın elektrik şəbəkəsinin Türkiyə ilə əlaqələndirilməsinin muxtar respublikanın ən çətin dövrlərində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Türkiyə Cümhuriyyətinin həmin dövrdə Naxçıvana elektrik enerjisinin çatdırılması ilə bağlı bütün zəruri addımları operativ şəkildə atdığını qeyd edən alim sonrakı dövrdə həyata keçirilən mühüm tədbirlər nəticəsində Naxçıvanda enerji təminatı ilə bağlı məsələlərin öz həllini tapdığını və muxtar respublikanın qısa müddətdə elektrik enerjisi ixrac edən bölgəyə çevrildiyini vurğulayıb.

AMEA rəhbəri 1994-cü ildən etibarən Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması üçün strateji əsasların yaradıldığını və bunun sonrakı illərdə mühüm nəticələr verdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycanın enerji siyasətində ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilir. Müxtəlif bölgələrdə, o cümlədən Abşeronda külək və günəş enerjisi üzrə layihələr həyata keçirilir, müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində alternativ enerji mənbələri yaradılır.

AMEA prezidenti Azərbaycanın artıq yalnız ənənəvi enerji resurslarının deyil, həm də bərpa olunan enerji potensialının ixrac yönümlü inkişafına keçdiyini, ölkənin enerji, ərzaq və iqtisadi təhlükəsizliyinin dövlət müstəqilliyinin mühüm şərtlərindən olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli Qarabağda yaşıl iqtisadiyyatın tətbiqi və yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlərə də toxunub. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri, yeni yaşayış məntəqələrinin salınması və müasir infrastrukturun yaradılması həmin ərazilərin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edir.

O, həmçinin Azərbaycanın Türkiyə və Gürcüstanla enerji əməkdaşlığının regional əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı, eləcə də Gürcüstanla həyata keçirilən layihələr regionda enerji əlaqələrinin inkişafına mühüm töhfə verir.

Konfransın əhəmiyyətindən bəhs edən akademik İsa Həbibbəyli enerji siyasəti ilə yanaşı, enerji fəlsəfəsi və “yaşıl enerji fəlsəfəsi”nin də elmi müzakirələrə daxil edilməsini mühüm məqam kimi qiymətləndirib.

AMEA-nın müxtəlif elmi müəssisələrində enerji siyasəti, enerji təhlükəsizliyi və “yaşıl enerji” ilə bağlı araşdırmaların aparıldığını deyən alim bu tədqiqatların Azərbaycanın enerji siyasətinin elmi əsaslarının möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

AMEA prezidenti konfrans çərçivəsində akademiya alimlərinin enerji siyasətinə dair tədqiqatlarının təqdim olunduğu sərginin təşkil edildiyini də diqqətə çatdırıb. O, bu istiqamətdə yeni elmi nəşrlərin əhəmiyyətini vurğulayıb.

Sonra Azərbaycanın regional enerji siyasətini və enerji layihələrinin inkişafı istiqamətində görülən tədbirləri əks etdirən videoçarx nümayiş olunub. 

Daha sonra tədbir işini plenar iclasla davam etdirib. AMEA Rəyasət Heyətinin akademik katibi, “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru akademik Arif Həşimov “Böyük gücə və tutuma malik elektrik enerjisi saxlama sistemlərinin tətbiqi dövründə dövlətlərarası elektrik enerjisi mübadiləsinin fəlsəfəsi” adlı məruzə ilə çıxış edib.

Akademik Arif Həşimov bildirib ki, enerji Azərbaycanın yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də ölkənin geosiyasi mövqeyini möhkəmləndirən strateji resursdur. Enerji resurslarının əhəmiyyəti onların həcmi ilə yanaşı, milli maraqların qorunmasına, geosiyasi təsirin artırılmasına və beynəlxalq münasibətlərdə müstəqil mövqenin təmin olunmasına verdiyi imkanlarla müəyyənləşir.

Məruzəçi Azərbaycanın regional enerji siyasətində yeni mərhələnin enerji istehsalından enerjinin səmərəli idarə edilməsinə, enerji ixracından isə dayanıqlı enerji əlaqələrinin formalaşdırılmasına keçidlə xarakterizə olunduğunu vurğulayıb. Qeyd edib kii, böyük gücə və tutuma malik enerji saxlanc sistemləri bu keçidin mühüm texnoloji və strateji dayaqlarından biridir.

Akademik Arif Həşimov Azərbaycanın regional elektrik enerjisi siyasətində Naxçıvanın roluna da diqqət çəkib. Alim Naxçıvanı Azərbaycan-Türkiyə və daha geniş regional enerji əlaqələrinin mühüm həlqəsi, Cənubi Qafqaz enerji dəhlizlərinin kəsişmə məkanı kimi səciyyələndirib. Əlavə edib ki, Naxçıvan gələcəkdə Mərkəzi Asiya ilə elektrik enerjisi mübadiləsinin genişləndirilməsi baxımından daha böyük regional enerji məkanının tərkib hissəsi kimi nəzərdən keçirilə bilər.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, profssor Elman Nəsirov “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” mövzusunda məruzəsini təqdim edib. 

Professor Elman Nəsirov Azərbaycanın enerji siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin isə bu strategiyanın mühüm mərhələsi olduğunu bildirib. Qeyd edib ki, bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin beynəlxalq enerji sistemində rolunu da gücləndirir.

Professor Elman Nəsirov Azərbaycanın coğrafi mövqeyi və enerji potensialının ölkəyə həm ənənəvi, həm də yaşıl enerji sahəsində regional və beynəlxalq əməkdaşlığı genişləndirmək üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

Konfransda, həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, prof. İlham Məmmədzadə “Qələbədən sonrakı Cənubi Qafqazın geosiyasi mənzərəsi və reallıqları”, Marmara Universitetinin Siyasi elmlər fakültəsi, Beynəlxalq münasibətlər kafedrasının müdiri, prof. Meral Balcı “Azərbaycanda enerji dönüşümü: tranzit və mərkəz ölkə olma siyasətləri”, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru, f.e.d. Cavid Abdullayev “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin nəzəri və praktik aspektləri” adlı məruzələrlə çıxış ediblər.

Eyni zamanda, Sumqayıt Dövlət Universitetinin prorektoru, t.ü.f.d., dos. Elmar Xəlilovun “Tarixi-siyasi proseslər kontekstində Azərbaycanın Cənubi Qafqazın enerji təhlükəsizliyində rolu”, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətlinin “İsrail-İran, ABŞ-İran qarşıdurmalarının Cənubi Qafqazda yaratdığı çağırışlar və Azərbaycanın mövqeyi”, həmin institutun şöbə müdiri, prof. Rəna Mirzəzadənin “Azərbaycanın postmüharibə dövrü hərbi təhlükəsizlik və geostrateji xəttinə siyasi-fəlsəfi baxış (H. Kissincer nəzəri aspektində)” mövzularında məruzələri dinlənilib.

Plenar iclasda Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, prof. Revaz Kavtaradze, Qazi Universitetinin professoru Cengiz Taplamacıoğlu və Çin, CPEC, BRI, dünya siyasəti və Cənubi Qafqaz üzrə regional ekspert  Mehmood Ul Hassan Khan da onlayn olaraq çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: