AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “İnformasiya bülleteni”nin yeni sayı çapdan çıxıb.
Nəşrin yeni sayında 2026-cı ilin ikinci rübündə kitabxananın fondlarına daxil olan Azərbaycan və xarici dillərdə kitablar, dövri nəşrlər və avtobioqrafik mənbələr haqqında məlumatlar əks olunub.
“İnformasiya bülleteni” “2026-cı ilin II rübündə MEK-in fondlarına daxil olan sənədlər”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Ümumi”, “Fəlsəfə. Psixologiya”, “Din”, “İctimai və humanitar elmlər”, “Riyaziyyat və təbiət elmləri”, “Səhiyyə. Texnika. Kənd təsərrüfatı”, “İncəsənət”, “Dilçilik. Linqvistika. Filologiya”, “Tarix. Coğrafiya”, “Ardı davam edən nəşrlər”, “Jurnallar” və “MEK-də keçirilən tədbirlər” bölmələrindən ibarətdir.
Bülletendə təqdim olunan nəşrlər elm sahələri üzrə qruplaşdırılıb və hər bir sahə əlifba sırası ilə yerləşdirilib. Oxucuların axtardıqları nəşrləri kataloqa müraciət etmədən operativ şəkildə sifariş edə bilmələri üçün kitabların biblioqrafik təsvirlərinin qarşısında fond şifrələri də qeyd olunub.
Bülletenin sonunda MEK-də aprel–iyun aylarında keçirilən tədbirlərin xronikası ayrıca bölmə şəklində təqdim edilib. Bölmədə yerləşdirilən QR-kod vasitəsilə tədbirlər haqqında ətraflı məlumatlara birbaşa keçid imkanı yaradılıb.
Nəşrin bu sayında MEK-in Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin baş mütəxəssisi, gənc əməkdaş Zərxanım Məmmədovanın “Rəqəmsal kitabxana mühitində e-layihələr və e-sərgilər (AMEA Mərkəzi Elmi Kitabxanasının nümunəsi əsasında)” adlı məqaləsi də yer alıb.
“Elm” Nəşriyyatında çapdan çıxan “İnformasiya bülleteni”nin bütün nömrələri ilə MEK-in saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.