Təqvimdə elə tarixlər var ki, sadəcə rəqəm kimi qalmır. Onlar xalqın yaddaşında dönüş nöqtəsinə, taleyin iki mərhələsi arasındakı sərhədə çevrilir. Azərbaycan üçün 20 sentyabr məhz belə bir gündür. Bu tarix bir hərbi əməliyyatın başa çatdığı gün olmaqdan daha çox, uzun illərdən sonra dövlətin öz torpağının bütün qarışında tam sahibi olduğu gündür.
Xalqların tarixində böyük günlər olur: müstəqillik günləri, azadlıq günləri, qələbə günləri... Amma bəzi günlər var ki, bütün bu mənaları bir arada daşıyır. 20 sentyabr Azərbaycan təqvimində məhz belə bir gündür. Bu tarixdə uzun illərin həsrəti sona çatdı, ədalət təntənə etdi, suverenlik tamamlandı. Bu gün Ulu Öndər Heydər Əliyevin əkdiyi toxumun məhsuludur, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir, şəhidlərimizin qanı ilə yazılmış, qazilərimizin əzmi ilə möhürlənmiş şərəf səhifəsidir. Ona görə də 20 sentyabr təqvimin ən şərəfli günü, qəhrəmanlığın və milli iradənin ən uca zirvəsi kimi əbədiləşməyə layiqdir.
Siyasi düşüncə tarixində suverenlik anlayışı XVI əsrdə Jan Bodenin əsərlərində dövlət hakimiyyətinin ali və bölünməz olması kimi formalaşdırılmışdı. 1648-ci il Vestfaliya sülhündən sonra isə dövlətlərin öz ərazisi üzərində müstəsna hakimiyyəti beynəlxalq münasibətlərin təməl prinsipinə çevrildi. Müasir beynəlxalq hüquq bu prinsipi BMT Nizamnaməsində, Helsinki Yekun Aktında və dövlətlərin ərazi bütövlüyünə hörmət tələbində təsbit edib.
Bu nəzəri çərçivədən Azərbaycanın yaxın tarixinə baxdıqda vacib bir həqiqət üzə çıxır. Suverenlik yalnız bəyannamə ilə yaradılmır, onu təmin etmək lazımdır. 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR-in Suverenliyi haqqında Konstitusiya Qanunu qəbul olundu. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə xalqımız müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdən etibarən dövlətin ərazisinin təxminən 20 faizi işğal altına düşdü. Bayrağı, gerbi, himni və beynəlxalq tanınması olan bir dövlət öz ərazisinin bir hissəsində hakimiyyətini həyata keçirə bilmirdi. Bu vəziyyət suverenliyin formal mövcudluğu ilə real tamlığı arasındakı uçurumu göstərirdi.
İşğal təkcə torpaq itkisi demək deyildi. Xocalı faciəsi, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün düşməsi, şəhərlərin və kəndlərin dağıdılması, tarixi və dini abidələrin təhqir olunması milli yaddaşımızda silinməz izlər buraxdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu qətnamələr otuz ilə yaxın müddətdə kağız üzərində qaldı. Danışıqlar prosesi nəticə vermədi, beynəlxalq hüququn tələbləri icra olunmadı.
Bu illər ərzində Azərbaycan xalqı iki hissi bir arada yaşadı: ədalətsizliyin ağrısını və ədalətin bərpasına dərin inamı. Müzəffər Ali Baş Komandan İlham Əliyev özü də sonralar vurğulayırdı ki, otuz il ərzində ədalətə inam cəmiyyətdə müəyyən qədər sarsılmışdı və bu, istənilən cəmiyyət üçün sağlam hal deyil. Lakin dövlət başçısı bu inamı heç vaxt itirmədi, həyatın özü də onu təsdiqlədi. III Şuşa Qlobal Forumunda o, bu fikri belə ifadə etdi: “Ədalət var, sadəcə, ona nail olmaq lazımdır”. Yəni ədalət mövcuddur, amma özü-özünə gəlmir. 2024-cü ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Azərbaycan Prezidenti bunu daha da aydın söylədi: “Ədaləti sən gərək təmin edəsən”. Dövlət başçısının fikrincə, bu yolda səbir, dözüm, ədalətə inam, hədəfə doğru məqsədyönlü hərəkət və fədakarlıq lazımdır. Otuz il boyu davam edən gözləmə, əslində, ədalətin təmin olunmasına hazırlığın illəri idi. Ən çətin dövrlərdə belə xalqın yaddaşında Qarabağın Azərbaycan olduğu həqiqəti bir an belə sönmədi.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş qarşıdurmasının, parçalanmanın və dövlətçilik itkisinin astanasından geri qaytardı. Onun siyasi dühası yalnız böhranı dayandırmaqda deyil, uzunmüddətli strategiya qurmaqda idi. Bu strategiyanın sütunları bunlar idi: sabit və güclü dövlət institutları, milli ordunun təşkili, iqtisadi müstəqilliyin təmin olunması və beynəlxalq arenada Azərbaycanın etibarlı tərəfdaş kimi tanıdılması.
Burada təqvimin özünün yazdığı bir simvolik təsadüfü qeyd etməmək mümkün deyil. 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalandı. Həmin gün Azərbaycanın iqtisadi müstəqilliyinin, enerji siyasətinin və beynəlxalq nüfuzunun təməli qoyuldu. Düz 29 il sonra, 2023-cü il sentyabrın 20-də Ulu Öndərin qoyduğu bu təməl ərazi suverenliyinin bərpası ilə tamamlandı. İki 20 sentyabr eyni strategiyanın iki mərhələsi, biri iqtisadi, o biri ərazi suverenliyinin təntənəsidir.
Ulu Öndər dövlətin gücünü hazırlayırdı, gələcək nəsillərə isə bu gücü məqsədə çatdırmaq vəzifəsini əmanət edirdi. O əmanət layiqli əllərə tapşırıldı.
Müzəfər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı müasir şəraitə uyğunlaşdıraraq davam etdirdi və nəticəyə çatdırdı. Enerji layihələrindən əldə olunan gəlirlər ölkənin iqtisadi qüdrətinə, ordunun müasirləşməsinə, diplomatik təsir imkanlarının genişlənməsinə çevrildi. Azərbaycan Ordusu peşəkar, texnoloji cəhətdən təchiz olunmuş və yüksək döyüş ruhlu bir qüvvəyə çevrildi. Diplomatiya sahəsində isə beynəlxalq hüquqa istinad edən, ardıcıl və prinsipial mövqe formalaşdırıldı.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bu uzunmüddətli hazırlığın nəticəsi oldu. Şuşanın azad olunması, Kəlbəcərin, Ağdamın və Laçının geri qaytarılması ilə işğalın ən ağır mərhələsi başa çatdı. 2020-ci il noyabrın 10-da imzalanan Bəyanat Ermənistanın kapitulyasiya aktına çevrildi. Lakin sözün tam mənasında suverenlik hələ bərpa olunmamışdı. Ərazimizin müəyyən hissəsində qanunsuz hərbi-siyasi struktur qalmaqda davam edirdi.
Bu mərhələdə Azərbaycan dövləti ardıcıl və hesablanmış addımlar atdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu, suverenliyin təsdiqinə yönəlmiş mühüm hüquqi və siyasi addım idi. Sonra sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi iradəsi ilə rəşadətli Azərbaycan ordusu yerli xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edildi, qanunsuz rejim ləğv olundu. Ali Baş Komandan xalqa müraciətində Azərbaycanın suverenliyinin bərpa olunduğunu bəyan etdi. Həmin andan etibarən Azərbaycan Respublikasının Konstitusiya quruluşu dövlətin bütün ərazisində təmin edilmiş oldu.
Bu əməliyyatın strateji peşəkarlığı təkcə sürətində deyil, dəqiqliyində, məqsədyönlülüyündə və siyasi iradənin qətiyyətində idi. Bir dövlət başçısının tarixi məsuliyyəti ondan ibarətdir ki, yaşadığı dövrün ən ağır suallarına cavab verməyi bacarsın. İlham Əliyev bu cavabı verdi.
Zəfərin əsl müəllifi, şübhəsiz, xalqdır. Torpaq uğrunda canından keçən şəhidlərimiz, ömür boyu yarasını daşıyan qazilərimiz, övladını Vətənə qurban verən analarımız bu təntənənin qurucularıdır. Şəhid ailələrinin sarsılmaz iradəsi, qazilərin dönməz əzmi, cəbhə və arxa cəbhənin vəhdəti Ali Baş Komandanın “Dəmir yumruq” birliyinin əsasını təşkil etdi.
Bu birlik təsadüfən yaranmadı. Xalq dövlətinə, Prezidentinə, Ali Baş Komandanına inandı. Belə qarşılıqlı etimad tarixin ən mürəkkəb sınaqlarında zəfərin təməl şərtidir. Azərbaycan xalqı ölkə və dünya qarşısında göstərdi ki, mənəvi birlik olan yerdə heç bir güc qarşısıalınmaz deyil. Nəticədə dünya qalib xalqı, qalib dövləti və qalib Prezidenti gördü. Bu üçlük Azərbaycanın müasir siyasi tarixinin ən dolğun ifadəsidir.
Bu gün Azərbaycanın Dövlət Bayrağı dövlətimizin bütün ərazisində dalğalanır, Konstitusiya hər qarışda qüvvədədir, qanunun aliliyi ərazinin hər yerini əhatə edir. Beynəlxalq hüququn əsas prinsipləri, yəni ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı bərpa olunmuş halda gerçəkliyə çevrilib.
Bu gerçəkliyin təsdiqi kimi, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı və hər il sentyabrın 20-si bu gün kimi qeyd olunur. Bir il sonra, 2025-ci ilin Prezident Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması Konstitusiya ilə suverenlik arasındakı ayrılmaz bağı bir daha vurğuladı.
Suverenliyin bərpası ilə birlikdə Azərbaycan yeni mərhələyə keçdi. Bu mərhələdə azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı həyata keçirilir, şəhərlər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Azərbaycan güclü mövqedən sülh gündəliyini irəli sürür, regionda uzunmüddətli sabitliyə yönəlmiş siyasət yürüdür. Bu, qələbə qazanmış dövlətin böyüklüyünün göstəricisidir.
Gələcək nəsillərə həmişə xatırladılmalıdır ki, Azərbaycan xalqı bir vaxt öz torpağının bir hissəsindən məhrum olsa da, ümidini, iradəsini və birliyini heç vaxt itirmədi. O, ədaləti bərpa etdi və bunu bütün dünyaya sübut etdi.
Suverenlik təntənəsi əbədi olsun! Şəhidlərimizin xatirəsi əziz, qazilərimizin ömrü uzun olsun! Azərbaycan əbədi yaşasın!
Əlimuxtar MUXTAROV, AMEA-nın Gəncə Bölməsinin elmi işlər, süni intellekt və rəqəmsal inkişaf üzrə sədr müavni, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.