Prezident İlham Əliyevin siyasi və hərbi liderlik kontekstində Dövlət Suverenliyi Gününün rəmzi mənası və əhəmiyyəti aşağıdakı fundamental aspektlərlə bağlıdır:
Prezident İlham Əliyevin illər öncə bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” fəlsəfəsi məhz 20 sentyabr tarixi ilə özünün son hüquqi və praktiki nöqtəsinə çatdı. 2023-cü il sentyabrın 19-20-də onun Ali Baş Komandanlığı altında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmin kökü kəsildi, Ermənistan hərbi birləşmələrinin qalıqları tərksilah edildi. Bununla da dövlət başçısının uzunmüddətli strateji hədəfi tam qələbə ilə başa çatdı.
44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilsə də, bəzi ərazilərdə (Xankəndi, Xocalı, Ağdərə, Xocavənd) qanunsuz xuntanın mövcudluğu suverenliyin tam bərqərar olmasına mane olurdu. Prezident İlham Əliyevin qətiyyətli addımları ilə 20 sentyabrda ölkənin bütün coğrafi ərazilərində Azərbaycan Respublikasının Konstitusiya quruluşu və qanunun aliliyi təmin olundu. Bu gün dövlət başçısının Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımızı ucaltmasının rəsmi rəmzidir.
Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu günün ideoloji əhəmiyyətini daha da artırdı. Dövlət başçısının kontekstində suverenlik sadəcə hərbi uğur deyil, həm də iqtisadi müstəqillik, effektiv daxili idarəetmə, xarici siyasətdə sərbəstlik və xalqın legitim dəstəyidir. Bu anlayış geniş mənada aşağıdakı fundamental istiqamətləri əhatə edir: “Siyasi və hüquqi müstəqillik, iqtisadi təhlükəsizlik, xalqın etibarı, diplomatik nüfuz, mədəni və ideoloji suverenlik, eləcə də tarixi ədalətin bərpası”.
Beləliklə son iki əsrlik tarixdə parçalanmış, işğala məruz qalmış torpaqlarımızda ilk dəfə tam mütləq hakimiyyətimiz quruldu. Bu gün ölkəmiz beynəlxalq arenada bərabərhüquqlu tərəfdaş kimi tanınır.
Prezident İlham Əliyevin siyasətində Dövlət Suverenliyi Günü bir mərhələnin sonu, daha böyük bir dövrün - Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının başlanğıcıdır. Bu fəlsəfə və formula, ilk növbədə, Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri (Qarabağ qələbəsini) və onun məntiqi davamı olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsini rəmzləşdirir.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.