Ədilə Namazova – 100
Azərbaycan tibb elminin görkəmli simalarından biri, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Ədilə Əvəz qızı Namazovanın anadan olmasının 100 illiyi ölkəmizdə unudulmaz soydaşımızın xatirəsinə dərin hörmət və ehtiramla qeyd edilir.
Azərbaycan elminin XX əsrdə qazandığı mühüm nailiyyətlərdə qadın alimlərin də özünəməxsus payı vardır. Bu sırada Ədilə Namazovanın fəaliyyəti xüsusi miqyas və məna kəsb edir. Ədilə xanımın Yaxın Şərqdə pediatriya üzrə ilk qadın elmlər doktoru və ilk professor olması da xüsusi əhəmiyyət daşıyır.
Akademik Ədilə Namazova həkim, alim və pedaqoq fəaliyyətlərini bir-birindən ayırmırdı. Həkim kimi xəstəliyin müalicəsinə, alim kimi onun etiologiyasının və patogenezinin öyrənilməsinə, pedaqoq kimi isə əldə olunan elmi biliklərin yeni nəsil mütəxəssislərə ötürülməsinə xidmət edirdi. Bu baxımdan, Ədilə xanım Azərbaycan pediatriyasının elmi əsaslarının möhkəmləndirilməsinə və milli pediatriya məktəbinin formalaşmasına yönəlmiş uzunmüddətli bir missiyanın daşıyıcısı idi.
Görkəmli alimin şəxsiyyətinin böyüklüyü onun elmi nüfuzu ilə insani keyfiyyətlərinin vəhdətində idi. Həkimlik peşəsinin mahiyyətində dayanan mərhəmət, xəstəyə münasibətdə məsuliyyət, elmə sədaqət, müəllimlikdə tələbkarlıq və insanlara münasibətdə səmimiyyət onun şəxsiyyətində bir bütöv halında təcəssüm edirdi.
Ədilə Namazova 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirdikdən sonra SSRİ Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun (Moskva) pediatriya elminin dünya şöhrətli patriarxı, akademik G.N.Speranskinin rəhbərlik etdiyi Uşaq xəstəlikləri kafedrasının aspirantı olmuşdur. Ədilə xanım 1959-cu ildə həmin institutda tibb elmləri namizədi, 1965-ci ildə isə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
Pediatr alim və istedadlı pedaqoq 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə isə Rusiya Tibb Elmləri Akademiyasının (2003-cü ildən Rusiya Elmlər Akademiyasının) həqiqi üzvü seçilmişdir.
Akademik Ədilə Namazovanın elmi fəaliyyətinin əsas istiqamətlərini uşaqlarda kəskin revmatizm zamanı ürək-damar sisteminin funksional vəziyyətinin öyrənilməsi, anadangəlmə ürək qüsurlarının diaqnostikası və diferensial diaqnostikası, bu qüsurlar zamanı cərrahi əməliyyatlara göstəriş və əks-göstərişlərin müəyyənləşdirilməsi, uşaqlarda hipertoniya və hipotoniya xəstəliklərinin epidemiologiyasının, klinik əlamətlərinin və təzahür formalarının öyrənilməsi, habelə onların profilaktikası və müalicəsi üsullarının işlənib hazırlanaraq səhiyyə praktikasına tətbiqi təşkil etmişdir.
Dünya şöhrətli alim bu istiqamətlərin hər biri üzrə mühüm elmi-nəzəri və klinik-praktik nəticələr əldə etmiş, tədqiqatlarının əsas nəticələrini 500-ə yaxın elmi əsərdə, o cümlədən 32 monoqrafiyada əks etdirmişdir. O, 5 ixtiranın müəllifi idi. Ədilə xanım Azərbaycan tibb elmini dünyanın müxtəlif ölkələrində keçirilən onlarla konqres, qurultay və simpoziumlarda uğurla və layiqincə təmsil etmişdir.
Ədilə xanım həyatının son illərində biotibbi etika problemləri sahəsində də səmərəli fəaliyyət göstərmiş, bu istiqamətdə ölkəmizdə ilk dəfə Azərbaycan və ingilis dillərində sanballı əsər və bir neçə kitab nəşr etdirmiş, həmçinin müvafiq tədris vəsaitləri, universitet və kollec tələbələri üçün təhsil proqramları hazırlamışdır.
Akademik Ədilə Namazovanın Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) üzvü kimi fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, AMEA-nın və BTEB-in iclaslarında, elmi tədbirlərində fəal iştirak edir, müzakirə olunan məsələlərlə bağlı daim öz fikirlərini bildirir, dəyərli təklif və təşəbbüslərlə çıxış edir, həmkarlarından məsləhət və tövsiyələrini əsirgəmirdi.
Ədilə xanımın çoxşaxəli fəaliyyətində pedaqoji irsinin xüsusi yeri vardır. O, 1965–2020-ci illərdə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasına rəhbərlik etmiş, yüksək tələbkarlığı, dərin biliyi və təşkilatçılıq bacarığı ilə seçilən müəllim kimi həmkarlarının və tələbələrinin dərin hörmətini qazanmışdır. Ədilə Namazova pedaqoji fəaliyyəti dövründə 12 tibb elmləri doktoru və 72 fəlsəfə doktoru yetişdirmiş, bununla da pediatriya sahəsində öz elmi məktəbini formalaşdırmışdır. Onun yetirmələri bu gün Azərbaycanın hüdudlarından kənarda, uşaqların sağlamlığının qorunması və pediatriyanın inkişafı istiqamətində uğurla çalışırlar.
Ədilə xanımın ictimai-siyasi fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. 1980-ci illərin sonlarında o, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan və Orta Asiya Qadınlar Komitəsinin sədri seçilmişdir. Ali Sovetin iclaslarında erməni deputatların Azərbaycana qarşı mövqeyinə verdiyi əsaslandırılmış və tutarlı cavablar onun həm həmin deputatların, həm də onları dəstəkləyən qüvvələrin təhdidləri ilə üzləşməsinə səbəb olmuşdur. 20 Yanvar faciəsindən sonra Moskvada keçirilən SSRİ Ali Sovetinin növbəti sessiyasında və SSRİ-nin rəhbəri Mixail Qorbaçovla görüşü zamanı Ədilə Namazova Azərbaycan həqiqətlərini açıq və cəsarətlə səsləndirmiş, ittifaq rəhbərliyinin ölkəmizə qarşı siyasətini kəskin şəkildə tənqid etməkdən çəkinməmişdir.
Ümummilli lider Heydər Əliyev Ədilə Namazovanın xidmətlərini daim yüksək qiymətləndirir, onu Azərbaycanda elmi pediatriyanın banisi kimi dəyərləndirmişdir. Kadr hazırlığı istiqamətində apardığı işlərdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva pediatr alimə daim dəstək göstərmişdir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva da Ədilə Namazovanın şəxsiyyətinə, həkimlik və elmi fəaliyyətinə, eləcə də yüksək insani keyfiyyətlərinə daim böyük hörmət və ehtiramla yanaşmışlar.
Akademik Ədilə Namazovanın çoxsaylı dövlət mükafatları sırasında Azərbaycan SSR-in Dövlət Mükafatı (1981), “Əməkdar elm xadimi” fəxri adı (1982), Azərbaycan Respublikasının “Şöhrət” (1996) və “Şərəf” (2011) ordenləri, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” (2016) layiqli yer tutur.
Azərbaycan pediatriya elminin görkəmli nümayəndəsi, akademik Ədilə Namazova 2021-ci ilin dekabrında, ömrünün 94-cü ilində vəfat etmişdir. Taleyin xoş bir qisməti idi ki, Ədilə xanım ömrünün sonunda da olsa, doğma Qarabağın, o cümlədən əziz Ağdamının işğaldan azad olunmasının sevincini yaşadı.
Ədilə Namazovanın mənalı həyat yolu bir daha sübut edir ki, əsl alim əldə etdiyi bilik və zəngin təcrübəni insanın, cəmiyyətin və gələcək nəsillərin rifahına yönəldə bildiyi zaman öz missiyasını layiqincə yerinə yetirmiş olur. Onun yaratdığı elmi məktəb, yetişdirdiyi mütəxəssislər və zəngin elmi irs alim ömrünün işığını gələcək nəsillərə daşıyaraq daim yaşayacaqdır.
İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti,
Akademik