Torpağın təkində gizlənən minillik tariximizi üzə çıxarmaq, keçmişin səsini günümüzə çatdırmaq böyük səbir və fədakarlıq tələb edir. Bugünkü həmsöhbətimiz Naxçıvanın zəngin arxeoloji irsini, Son Tunc-Erkən Dəmir dövrü mədəniyyətini, Tunc dövrünün dulusçuluq sənətini, Xaraba Gilanın sirlərini və Gəmiqaya təsvirlərini illərdir böyük həvəslə tədqiq edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovdur.
— Toğrul müəllim, arxeologiya böyük səbir, zəhmət və fədakarlıq tələb edən bir sahədir. Sizin bu elmə gəlişiniz necə baş verdi və niyə məhz Naxçıvanın qədim dövrlərini, onun zəngin arxeoloji irsini araşdırmağı seçdiniz?
— Arxeologiyaya olan marağım hələ uşaqlıq və tələbəlik illərimdən formalaşmağa başlayıb. Qədim yaşayış məskənləri, torpaq altında qalmış şəhərlər, insanların minilliklər əvvəl necə yaşadıqları, hansı mənəvi və maddi mədəniyyət yaratdıqları mənə hər zaman maraqlı gəlirdi. Universitetdə tarix təhsili aldığım illərdə bu maraq daha dərin elmi mahiyyət kəsb etdi. Başa düşdüm ki, keçmişi, xalqımızın köklərini öyrənməyin ən etibarlı və obyektiv yolu onun maddi izlərini — arxeoloji artefaktları araşdırmaqdır. Beləliklə, arxeologiya mənim üçün sadəcə bir peşə deyil, bütün ömrümü həsr etdiyim həyat yoluna çevrildi.
Naxçıvanı tədqiqat istiqaməti kimi seçməyim isə heç də təsadüfi deyildir. Naxçıvan dünyanın ən qədim yaşayış və sivilizasiya məkanlarından biridir. Bu torpaq Paleolit dövründən başlayaraq Eneolit, Tunc, Dəmir və Orta əsrlərə qədər fasiləsiz mədəni inkişaf yolu keçmiş nadir bölgələrdəndir. Burada yerləşən Gəmiqaya qayaüstü təsvirləri, I və II Kültəpə, Ovçulartəpəsi, Oğlanqala, Xaraba Gilan, Qızılburun, Şahtaxtı və yüzlərlə digər arxeoloji abidə sübut edir ki, Naxçıvan təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın və Yaxın Şərqin ən mühüm mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hesab edirəm ki, Naxçıvanın arxeoloji irsi hələ də tükənməz bir xəzinədir. Hər yeni ekspedisiya, hər yeni qazıntı mövsümü tariximizin indiyədək qaranlıq qalan səhifələrini üzə çıxarır. Bu baxımdan arxeoloqun işi yalnız qədim əşyaları torpaq altından tapmaqdan ibarət deyil. Əsas məqsəd həmin tapıntıları elmi şəkildə tədqiq etmək, onların dövrünü, funksiyasını, sosial-iqtisadi baxımdan əhəmiyyətini müəyyənləşdirmək və əldə olunan nəticələri Azərbaycan və dünya elminə təqdim etməkdir. Uzun illər ərzində iştirak etdiyim və rəhbərlik etdiyim arxeoloji ekspedisiyalar mənə bir daha göstərdi ki, Naxçıvan qədim dövrlərdən başlayaraq müxtəlif mədəniyyətlərin, ticarət yollarının və sivilizasiyaların qovuşduğu strateji bir mərkəz olmuşdur.
—Bu günə qədər keçdiyiniz zəngin elmi yola baxanda, bir arxeoloq kimi fəaliyyətinizin ən unudulmaz “kəşf anı” hansı olmuşdur?
— Tələbəlik illərimdən bu günə qədər arxeologiya sahəsində keçdiyim yol mənə çox dəyərli təcrübələr və unudulmaz anlar qazandırıb. Fəaliyyətim dövründə I, II, III Plovdağ nekropollarında, Plovdağ, Sumbatandizə, Aza, Xaraba Gilan, Ərəbyengicə, Naxçıvantəpə yaşayış yerlərində aparılmış arxeoloji qazıntılarda yaxından iştirak etmişəm. Gəmiqaya ətrafında apardığım arxeoloji tədqiqatlar nəticəsində bir çox yeni qayaüstü təsvirlər və arxeoloji abidələr aşkar edərək onları qeydiyyata almışam, elmi dövriyyəyə daxil etmişəm. Bir arxeoloq kimi fəaliyyətimdə ən yaddaqalan və qürurverici kəşf anlarından biri 2025-ci ildə Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan şəhər yerində apardığım arxeoloji qazıntı zamanı yaşandı. Həmin qazıntılar zamanı şəhərin müdafiə sistemi ilə əlaqəli monumental tikililər, qala qapısı, ərzaq anbarları və şəhərin Narınqalasına, eyni zamanda əsas hissəsinə (Şəhristana) gedən giriş yolu aşkar olundu. Ən mühüm tapıntılardan biri isə Naxçıvanın Orta əsrlər tarixi, maddi və mənəvi mədəniyyəti ilə bağlı daş kitabənin, xeyli sayda numizmatik materialların (mis və gümüş sikkələr), nəfis keramika məmulatlarının və digər artefaktların üzə çıxarılması idi. Həmin an hiss etdim ki, əsrlər boyu torpaq altında qalmış tarixi yenidən üzə çıxarmaq təkcə elmi nailiyyət deyil, həm də xalqımızın keçmişinə işıq salmaq kimi böyük bir milli məsuliyyətdir. Arxeologiyada hər bir tapıntı dəyərlidir, hər bir detal tarixə yeni bir baxış formalaşdırır. Mənim üçün ən böyük sevinc yalnız qədim əşyanı tapmaq deyil, onun elmi izahını vermək, dövrünü dəqiq müəyyənləşdirmək və Azərbaycan tarixinin öyrənilməsinə yeni, təkzibedilməz faktlar əlavə etməkdir.
— Son dövrlərdə rəhbərlik etdiyiniz arxeoloji ekspedisiyaların əsas diqqət mərkəzində olan Xaraba Gilan şəhər yeri var. Bu qədim şəhər yerində aparılan son qazıntılar Naxçıvanın şəhərsalma mədəniyyəti və ticarət əlaqələri haqqında hansı yeni elmi faktları ortaya qoyur?
— Xaraba Gilan şəhər yerində son illərdə apardığımız arxeoloji qazıntılar Naxçıvanın orta əsr şəhərsalma mədəniyyəti, müdafiə memarlığı və beynəlxalq ticarət əlaqələri haqqında olduqça mühüm elmi nəticələr ortaya qoymuşdur. Tədqiqatlar zamanı Narınqalaya və içəri şəhərə aparan əsas qala qapısı, şəhərdaxili küçə və yol sistemi, yaşayış otaqları, inzibati binalar və müdafiə tikililərinin qalıqları aşkar edilmişdir. Bu tapıntılar göstərir ki, Xaraba Gilan təsadüfi şəkildə formalaşmış yaşayış məntəqəsi deyil, mürəkkəb plan quruluşuna malik, mühəndislik hesablamaları ilə inşa edilmiş, yaxşı təşkil olunmuş böyük bir orta əsr şəhəri olmuşdur. Qazıntılar zamanı əldə edilən şirəli və şirəsiz keramika nümunələri, metal işləmə sənəti nümunələri, mis sikkələr, epiqrafik abidələr və digər maddi-mədəniyyət qalıqları şəhərin yalnız inzibati və hərbi mərkəz olmadığını, eyni zamanda yüksək inkişaf etmiş sənətkarlıq və ticarət qovşağı kimi fəaliyyət göstərdiyini sübut edir. Bu materiallar Xaraba Gilanın Azərbaycanın digər şəhərləri ilə yanaşı, Yaxın Şərq, Böyük İpək Yolu şəbəkəsi və Cənubi Qafqazın müxtəlif ticarət mərkəzləri ilə sıx iqtisadi-mədəni əlaqələr saxladığını nümayiş etdirir. Burada aparılan tədqiqatlar Naxçıvanın şəhərsalma ənənələrinin yüksək inkişaf səviyyəsini, müdafiə memarlığının özünəməxsus xüsusiyyətlərini elmi faktlarla əsaslandırmağa imkan verir. Xaraba Gilanın gələcək tədqiqatları Azərbaycanın orta əsr şəhər mədəniyyətinin öyrənilməsinə yeni, dəyərli töhfələr verməyə davam edəcəkdir.
— Tədqiqatlarınızda xüsusi yer tutan mövzulardan biri Gəmiqaya abidələri və “Boyalı qablar mədəniyyəti”dir. Bu abidələrin qədim Yaxın Şərq və regionun etno-mədəni tarixi ilə bağlılığı haqqında nələri aşkar etmisiniz?
— Gəmiqaya abidələri və qayaüstü təsvirləri uzun illərdir elmi araşdırmalarımın əsas istiqamətlərindən birini təşkil edir. Bu mövzu üzrə “Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” adlı monoqrafiyam nəşr olunmuş, xaricdə nüfuzlu impakt faktorlu jurnallarda məqalələrim dərc edilmişdir. Gəmiqayadakı dağ keçisi, öküz, maral, ov səhnələri, insan fiqurları və müxtəlif astroloji-simvolik işarələr qədim insanların dünyagörüşünü, dini inanclarını əks etdirir. Müqayisəli təhlillər göstərir ki, Gəmiqaya təsvirləri Anadolu, İran yaylası və Mesopotamiya qayaüstü incəsənəti ilə böyük oxşarlıqlar təşkil edir. Bu isə Naxçıvanın Yaxın Şərqin mühüm mədəniyyət mərkəzləri ilə qarşılıqlı əlaqədə olduğunu, eyni zamanda Gəmiqayanın qədim insanların mövsümi yaşayış və ibadət mərkəzi kimi fəaliyyət göstərdiyini sübut edir.
Digər fundamental tədqiqat sahəmiz olan Son Tunc və Erkən Dəmir dövrü “Boyalı qablar mədəniyyəti”dir. II Kültəpə, Şahtaxtı, Qızılburun və Culfa abidələrindən aşkar edilən monoxrom və polixrom boyalı keramika nümunələri göstərir ki, Naxçıvan bu mədəniyyətin əsas inkişaf mərkəzlərindən biridir. Qablardakı həndəsi naxışlar, stilizə edilmiş fiqurlar yerli əhalinin yüksək estetik zövqünü və fasiləsiz etno-mədəni varisliyini təsdiqləyir. Boyalı qablar mədəniyyəti regionun qədim etnik-mədəni kimliyini və Naxçıvanın qədim Yaxın Şərq sivilizasiyasında tutduğu mövqeyi elmi əsaslarla izah etməyə imkan verir.
— Siz beynəlxalq miqyasda Naxçıvanın arxeoloji irsini layiqincə təmsil edirsiniz. Xarici elmi ictimaiyyətin bu irsə marağı nə dərəcədədir və hansı uğurlarınızı xüsusi vurğulamaq istərdiniz?
— Apardığım elmi araşdırmaların nəticəsi olaraq tarix elmləri doktoru elmi dərəcəsini və dosent elmi adını almışam. Səmərəli elmi fəaliyyətimə görə AMEA Naxçıvan Bölməsi tərəfindən 2013 və 2023-cü illərdə “İlin Alimi” adına layiq görülmüşəm, 2024-cü ildə isə AMEA Rəyasət Heyətinin Təşəkkürnaməsi ilə təltif olunmuşam. Azərbaycan Maarifçilər Assosiasiyası, TURKCESS, Türk Dünyası Maarifçiləri Birliyi və bir çox beynəlxalq indeksli jurnalların redaksiya heyətlərinin, eləcə də Dissertasiya Şurasının üzvüyəm. Türkiyə başda olmaqla ABŞ, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan, İran və Gürcüstanda dahi daxil olmaqla 60-dan çox beynəlxalq konqresdə məruzələrlə çıxış etmişəm, 100-dən çox elmi məqaləm xaricdə nəşr olunmuşdur. Xarici tədqiqatçılar II Kültəpə, Ovçulartəpəsi, Gəmiqaya, Xaraba Gilan, Kür-Araz mədəniyyəti və qədim duz çıxarma texnologiyalarına böyük maraq göstərirlər. Bu beynəlxalq çıxışlar və birgə proyekti müzakirələri Naxçıvan arxeologiyasının dünya elmi dövriyyəsinə inteqrasiya olunmasında müstəsna rol oynayır.
— Gənc kadrların arxeologiyaya gəlişini necə qiymətləndirirsiniz və rəhbərlik etdiyiniz Antik və Orta əsrlər arxeologiyası şöbəsinin yaxın gələcək planları nələrdən ibarətdir?
— Müasir gəncliyimiz rəqəmsal texnologiyalara, GIS xəritəçəkməyə, 3D modelləşdirməyə və dron çəkilişlərinə çox açıqdır. Lakin arxeologiya həm də çöl şəraitində böyük dözüm tələb edən sahədir. Gəncləri bu sahəyə cəlb etmək üçün nəzəriyyə ilə praktikanı birləşdirməli, tələbələri erkən yaşlardan ekspedisiyalara cəlb etməliyik. Onların elmi fəaliyyəti grantlar və beynəlxalq təcrübə proqramları ilə stimullaşdırılmalıdır.
Şöbəmizin əsas prioritetinə gəldikdə isə, hazırda Naxçıvanın antik və orta əsr şəhərlərinin rəqəmsal sənədləşdirilməsi, tapıntıların laborator analizləri və nəticələrin Scopus, Web of Science kimi bazalarda yayımlanması üzərində çalışırıq. Yaxın gələcəkdə ictimaiyyətə Naxçıvanın antik və orta əsr arxeoloji irsini hərtərəfli əks etdirən böyük həcmli yeni monoqrafiya və Xaraba Gilan qazıntılarına həsr olunmuş xüsusi nəşr təqdim olunacaqdır. Əsas məqsədimiz Naxçıvanın zəngin irsini dünya elminə tam dolğunluğu ilə çatdırmaqdır.
– Maraqlı müsahibə üçün çox sağolun!
Güntac ŞAHMƏMMƏDLİ, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.