Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Quraqlığa davamlı bitki genotiplərinin müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır
04.08.2026 19:15
  • A-
  • A
  • A+

Quraqlığa davamlı bitki genotiplərinin müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda təbii və quraqlıq şəraitində yarpaq qocalmasının molekulyar mexanizmlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Araşdırmaların əsas məqsədi bitkilərdə qocalma prosesini tənzimləyən genlərin fəaliyyətini öyrənmək, quraqlığın bu prosesə təsirini müəyyənləşdirmək və stres şəraitinə daha davamlı genotipləri aşkar etməkdir.

Alimlər buğda bitkisində qocalma və quraqlığın genlərin fəaliyyətinə təsirini araşdıraraq mühüm elmi nəticələr əldə ediblər. Tədqiqatlar göstərir ki, gen ekspressiyasının təhlili bitkinin stres amillərinə reaksiyasını qiymətləndirməyə imkan verir. Əldə olunan nəticələr gələcəkdə quraqlığa daha davamlı buğda sortlarının yaradılması və seleksiya işlərinin elmi əsaslarla aparılması baxımından əhəmiyyət daşıyır.

Bu barədə müsahibəsində tədqiqatçı Molekulyar Biologiya İnstitutunun böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Turanə İskəndərova bildirib.

Tədqiqatçının sözlərinə görə, araşdırmalar çərçivəsində təbii və quraqlıqla induksiya olunan yarpaq qocalması zamanı antioksidant sistemlər, hüceyrələrin ultrastruktur dəyişiklikləri və bəzi genlərin ekspressiyası analiz edilir.

Gen ekspressiyasının təhlili bir neçə mərhələdə həyata keçirilir. Əvvəlcə bitki nümunələrindən RNT ayrılır, daha sonra NanoDrop cihazı vasitəsilə onun təmizliyi və qatılığı qiymətləndirilir. Növbəti mərhələdə xüsusi reaktivlərdən istifadə edilməklə analiz üçün qarışıq hazırlanır və nümunələr MIC qPCR cihazında tədqiq olunur. Analiz zamanı hər bir bitki nümunəsi proqram təminatına daxil edilir, nümunələrin identifikasiya nömrələri qeyd olunur və cihaz işə salınır. Təxminən bir saatdan sonra əldə olunan nəticələr xüsusi proqram vasitəsilə qiymətləndirilir, genlərin ekspressiya səviyyələri hesablanır və müqayisəli analiz aparılır.

Tədqiqatın nəticələri əsasında buğda bitkisində qocalma prosesi zamanı hansı genlərin aktivləşdiyi, hansılarının isə fəaliyyətinin zəiflədiyi müəyyən edilir. Alınan məlumatlar quraqlıq şəraitinə daha davamlı genotiplərin seçilməsi və gələcək seleksiya işlərinin elmi əsaslarla aparılması üçün mühüm əhəmiyyət daşıyır.

Müxbir - Tünzalə Zeyvəliyeva

Fotoqraf - Orxan Kərimov

Videooperatorlar - Mir Rəsul Cəfərov, Ələkbər Baxşıyev

AzərTac

  • Paylaş: