Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

24.09.2026 14:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bağır Bağırov: “Böyük verilənlərin süni intellektlə analizi mürəkkəb geoloji strukturları daha dəqiq aşkar etməyə imkan verir”

AMEA-nın müxbir üzvü Bağır Bağırov: “Böyük verilənlərin süni intellektlə analizi mürəkkəb geoloji strukturları daha dəqiq aşkar etməyə imkan verir”

Geologiya və neft-qaz sahəsində görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Bağır Bağırovun 90 yaşı tamam olmuşdur. Çoxillik elmi və pedaqoji fəaliyyəti Azərbaycan geologiya elminin inkişafı, neft və qaz yataqlarının öyrənilməsi və işlənməsi, elmi nəticələrin istehsalata tətbiqi ilə sıx bağlı olan alim yubileyi ərəfəsində elmi fəaliyyətinin əsas istiqamətləri, Azərbaycanda  neft-qaz geologiyasının inkişafı və qarşıda duran yeni çağırışlar, geologiya elminin müasir texnologiyalarla inteqrasiyası, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması barədə suallarımızı cavablandırıb.

– Bağır müəllim, Siz uzun illər Azərbaycan neft-qaz geologiyasının inkişafında iştirak etmiş, yataqların geoloji əsaslarının öyrənilməsi istiqamətində mühüm tədqiqatlar aparmısınız. Azərbaycan neft-qaz geologiyasına verdiyiniz ən mühüm elmi töhfələrin nəticələri haqqında məlumat verə bilərsinizmi?

– Təşəkkür edirəm. Bu, mənim üçün xüsusi əhəmiyyət daşıyan bir sualdır. Çünki uzun illər ərzində Azərbaycan neft-qaz geologiyasının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədqiqatlar aparmışam. Mənim elmi fəaliyyətimin əsas qayəsini Azərbaycanın neft və qaz yataqlarının geoloji quruluşunun dəqiq öyrənilməsi, eləcə də onların səmərəli işlənilməsinin elmi-metodik əsaslarının hazırlanması təşkil etmişdir. Bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində bir sıra elmi və praktiki əhəmiyyət daşıyan nəticələr əldə edilmişdir.

Ən mühüm elmi töhfələrimdən biri geologiya sahəsində riyazi üsulların, müasir EHM-lərin (elektron hesablama maşınlarının) və kompüter texnologiyalarının geniş tətbiqi, eləcə də yataqların üçölçülü (3D) geoloji modelləşdirilməsi metodologiyasının formalaşdırılmasıdır. AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda fəaliyyət göstərdiyim illərdə neft-qaz yataqlarının geoloji modellərinin qurulması, lay parametrlərinin geostatistik qiymətləndirilməsi və karbohidrogen ehtiyatlarının daha dəqiq hesablanması istiqamətində fundamental tədqiqatlara rəhbərlik etmişəm.

Eyni zamanda, neft mədənlərində, o cümlədən “Balaxanıneft”də topladığım zəngin praktiki təcrübə elmi fəaliyyətimdə mühüm rol oynamış, tədqiqatlarımı birbaşa istehsalatın real tələblərinə istiqamətləndirməyə imkan vermişdir. Məhz bu təcrübə elmi araşdırmaların praktiki məsələlərlə əlaqələndirilməsinə şərait yaratmışdır. İşlənilmədə olan yataqların geoloji mürəkkəbliyinin qiymətləndirilməsi və layların neftveriminin artırılması məqsədilə təklif etdiyimiz elmi-metodik yanaşmalar respublikamızın bir çox neft və qaz yataqlarında uğurla tətbiq olunmuşdur.

– Sizin elmi fəaliyyətinizin mühüm xüsusiyyətlərindən biri də tədqiqat nəticələrinin istehsalatda tətbiqi, elmin kommersiyalaşdırılması ilə bağlıdır. Bu gün elm ilə neft-qaz sənayesi arasındakı əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Bu istiqamətdə hansı problemlər mövcuddur?

– Mən hər zaman belə düşünmüşəm ki, fundamental tətbiqi elmlərdən biri olan geologiya istehsalatdan, mədən sahəsindən kənarda inkişaf edə bilməz. Öz əmək fəaliyyətimə operator kimi başlayıb, baş geoloq vəzifəsinədək yüksəlmişəm və məhz bu yol məni istehsalatı dərindən anlamağa, orada gedən prosesləri hiss etməyə vadar edib. Bu praktiki təcrübə, sözün əsl mənasında, elmi fəaliyyətimin də əsas istiqamətlərini müəyyənləşdirib. Ona görə də mən daim nəzəriyyə ilə təcrübənin vəhdətini qorumağa, elmi tədqiqatları istehsalatın real tələbləri ilə uzlaşdırmağa çalışmışam.

Bu gün elmlə neft-qaz sənayesi arasındakı əməkdaşlıq, deyə bilərəm ki, müasir tələblərə uyğun şəkildə davam edir. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq, həmçinin rəqəmsal texnologiyaların sənayeyə inteqrasiyası bu əlaqələrə yeni imkanlar və əlavə dinamika qatıb. Bununla belə, etiraf etməliyəm ki, elm və istehsalat arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından hələ də öz həllini gözləyən bəzi ciddi problemlər vardır.

Diqqətə çatdırmaq istərdim ki, təəssüf ki, bu gün elmi nailiyyətlərin kommersiyalaşdırılması sahəsində mövcud mexanizmlər müasir tələblərə cavab vermir. Universitetlərdə, elmi mərkəzlərdə yaranan yeni ideyaların, xüsusən də geologiya sahəsindəki innovativ metodların istehsala inteqrasiyası üçün daha çevik və operativ alətlərin formalaşdırılmasına ciddi ehtiyac vardır.

Digər vacib məqam isə sifarişli tədqiqatların xüsusi çəkisinin artırılmasıdır. Sənaye müəssisələri konkret, praktiki problemlərin həllində daha fəal şəkildə yerli elmi mərkəzlərə və ali təhsil müəssisələrinə üz tutmalıdır. Bu qurumlarla birgə innovativ tədqiqat layihələrinin reallaşdırılması və maliyyələşdirilməsi üçün daha geniş imkanlar yaradılmalıdır.

Bununla yanaşı, məlumat mübadiləsinin genişləndirilməsi də diqqətdən kənarda qalmamalıdır. İstehsalat göstəriciləri ilə geoloji məlumat bazaları arasında, eləcə də elmi-tədqiqat müəssisələri ilə inteqrasiyalı informasiya axınının daha da gücləndirilməsinə ehtiyac var. Bu kimi əməkdaşlıq, əslində, elmi nəticələrin istehsalatın real ehtiyaclarına daha çevik şəkildə uyğunlaşdırılmasına yol açır.

– Bağır müəllim, bu gün böyük həcmli məlumatların emalı, süni intellekt, rəqəmsal geoloji modelləşdirmə və digər müasir texnologiyalar sürətlə inkişaf edir. Sizcə, bu texnologiyaların tətbiqi neft-qaz geologiyası qarşısında hansı yeni perspektivlər açır?

– Əvvəla qeyd etmək istərdim ki, elm və texnologiyanın sürətli inkişafı bütün sahələrdə olduğu kimi, geologiyada da yeni imkanlar və yeni yanaşmalar formalaşdırır. Bu gün müasir texnologiyalar geoloji məlumatların toplanması, emalı və təhlili proseslərini köklü şəkildə dəyişir, tədqiqatların daha dəqiq və operativ aparılmasına şərait yaradır. Bu baxımdan, neft-qaz geologiyasında da rəqəmsal texnologiyaların, süni intellektin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Xatırlayıram ki, vaxtilə biz geoloji məlumatların EHM-lər vasitəsilə ilk riyazi emalı üsullarını və üçölçülü modelləşdirməni tətbiq etməyə başlayanda bu, geologiya elmi üçün böyük bir yenilik, demək olar ki, əsl inqilab idi. Bu gün isə texnologiyalar qat-qat sürətlə inkişaf edir. Xüsusilə süni intellekt və maşın təliminin tətbiqi geologiya elmini tamamilə yeni bir mərhələyə qaldırır.

Müasir texnologiyaların bu sahədə açdığı perspektivlər mahiyyət etibarilə yeni bir dövrün başlamasından xəbər verir. İlk növbədə, böyük həcmli verilənlərin süni intellekt vasitəsilə təhlili geoloji proqnozların dəqiqləşdirilməsinə, mürəkkəb geoloji strukturların və tələlərin daha dəqiq aşkarlanmasına imkan verir.

Digər mühüm istiqamət isə risklərin və xərclərin azaldılmasıdır. 3D və 4D rəqəmsal modellər qazma zamanı mövcud qeyri-müəyyənliyi minimuma endirməyə şərait yaradır. Eyni zamanda, bu modellər yataqların işlənilməsinin optimallaşdırılmasında da mühüm rol oynayır – çətin çıxarılan ehtiyatların və böyük dərinliklərin mənimsənilməsi üçün ən səmərəli ssenarilərin seçilməsinə imkan verir.

Gənc geoloqlar dərk etməlidirlər ki, müasir geologiya artıq təkcə çəkic və xəritə ilə məhdudlaşmır. Bu gün geoloq eyni zamanda həm klassik geoloji biliklərə, həm də yüksək dəqiqlikli rəqəmsal texnologiyalara, böyük verilənlərin təhlilinə və müasir modelləşdirmə üsullarına bələd olmalıdır. Mənim fikrimcə, geologiyanın gələcəyi məhz ənənəvi elmi yanaşmalarla müasir texnologiyaların vəhdətindədir.

– Bağır müəllim, 90 illik ömrünüzün böyük hissəsi Azərbaycan geologiya elminin və neft sənayesinin inkişafının müxtəlif mərhələləri ilə bağlıdır. Keçmiş təcrübəyə və bu gün qarşıya çıxan yeni çağırışlara əsaslanaraq, Siz Azərbaycan geologiya elminin gələcəyini necə görürsünüz? Gələcək nəsil alimlərə və gənc geoloqlara ən mühüm tövsiyələrinizi eşitmək istərdik.

– Ömrümün 90 illik zirvəsindən geriyə baxanda qürurla deyə bilərəm ki, Azərbaycan geologiya elmi böyük, mürəkkəb və şərəfli bir yol keçib. Bizim nəsil zəngin ənənələrə söykənən böyük bir elmi məktəb formalaşdırıb. Azərbaycan geologiyasının gələcəyini isə mən çox parlaq görürəm – çünki bu gün ölkəmizdə beynəlxalq səviyyədə rəqabət apara biləcək, müasir texnologiyalara yiyələnmiş savadlı və istedadlı bir gənclik yetişir, yüksəkixtisaslı kadrlar hazırlanır.

İlk növbədə, gələcək nəsil alimlərə və gənc geoloqlara tövsiyə edirəm ki, öz sənətini və elmlə məşğul olmağı sevinlər. Geologiya fədakar əmək, səbir və böyük həvəs tələb edən bir sahədir. Bu sahədə praktika ilə nəzəriyyə daim vəhdətdə olmalıdır. Təkcə auditoriya və laboratoriya ilə kifayətlənmək səmərəli nəticələr verə bilməz. Mədəndə, çöl şəraitində olmaq, layların və süxurların “dilini” bilavasitə, canlı şəkildə öyrənmək son dərəcə vacibdir.

Eyni zamanda, gənclərə daim öz üzərində işləməyi, yeni biliklər əldə etməyi tövsiyə edirəm, çünki dünya elmi çox sürətlə irəliləyir. İstərdim ki, onlar beynəlxalq təcrübəni, xarici dilləri, müasir proqram təminatlarını və rəqəmsal metodları mükəmməl mənimsəsinlər. Həm ölkəmizdə, həm də xaricdə keçirilən müxtəlif elmi tədbirlərdə, konfranslarda, birgə tədqiqat layihələrində iştirak etmək, aparıcı elmi mərkəzlərlə əlaqə saxlamaq onların elm sahəsində inkişafına, daha mühüm nailiyyətlər əldə etmələrinə xidmət edəcək. 

Bununla yanaşı, gəncləri özlərindən əvvəlki ustad geoloqların təməlini qoyduğu elmi məktəbə söykənməyə, zəngin elm ənənələrini yaşatmağa inkişaf etdirməyə və gələcək nəsillərə ötürməyə çağırıram. Qoy Azərbaycan elminin adı onların simasında hər zaman uca olsun. İnanıram ki, bu gün yetişən istedadlı, parlaq gənclik həm ustadlarının yolunu davam etdirəcək, həm də Azərbaycan geologiyasını dünya elmi məkanında daha da tanınması üçün öz töhfələrini verəcək. 

– Maraqlı müsahibəyə görə təşəkkür edirik, Bağır müəllim, çox sağ olun!

Müsahibəni apardı: AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: