Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

13.10.2026 16:23
  • A-
  • A
  • A+

Professor Bədirxan Əhmədli Bişkekdə keçirilən konfransla bağlı təəssüratlarını bölüşüb

Professor Bədirxan Əhmədli Bişkekdə keçirilən konfransla bağlı təəssüratlarını bölüşüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, Xəzər Universitetinin professoru Bədirxan Əhmədli bu günlərdə Bişkekdə keçirilən konfransda iştirak edib. B.Əhmədli konfransla bağlı deyib:

- Xəzər Universiteti çoxdandır bu konfransa hazırlıq görürdü. Oktyabrın 8-9-da gerçəkləşən simpozium “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatının araşdırılması” adlanırdı. Xəzər Universitetinin bu adda keçirdiyi 3-cü konfransdır. Maraqlıdır ki, bu istiqamətdə baş tutan hər bir konfrans Türk dünyasının hər hansı bir ölkəsində keçirilir. Bu format həm Türk dünyasını yaxından tanımağa kömək edir, həm də bütün türk xalqları coğrafiyasında Azərbaycan dili və ədəbiyyatının araşdırılmasını təmin edir. Budəfəki simpoziumun Qırğızıstanın Yusif Balasaqun adına Milli Universitetində keçirilməsi də məhz bu məqsədə xidmət edirdi. Konfransın Bakı Türkoloji Qurultayının 100 illiyi kontekstində keçirilməsinin də ayrı bir mənası vardır. Çünki türk xalqlarının gələcək inteqrasiyasında tarixə müraciət etmək, ortaq dəyərlərdən çıxış etmək lazım gəlir. Konfransın ikinci bir özəlliyi isə Yusif Balasaqun adına Milli Universitetinin 100 yaşını yenicə qeyd etməsidir. Bu mənada, “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatının araşdırılması” adlı 3-cü konfransının Türk Dövlətləri Təşkilatının gələcək strategiyasında mühüm rol oynadığını aydın görmək olar. Bu kimi elmi toplantıların keçirilməsi Türk dünyasını yaxınlaşdıran ən mühüm faktorlardan biridir. Konfransın  əsas məqsədi Türk dünyasının elm adamlarını, tədqiqatçılarını Azərbaycan dili və ədəbiyyatının araşdırılması kontekstində bir yerə toplamaq və ortaq akademik çalışmaları dəstəkləməkdən ibarət idi.

- Konfransın işində kimlər iştirak edib?

- Konfrans Xəzər Universiteti ilə Yusif Balasaqun adına Qırğız Milli Universitetinin birgə işi olaraq Qırğızıstanın paytaxtı Bişkekdə keçirildi. Yusif Balasaqun adına Qırğız Milli Universitetinin ev sahibliyində Azərbaycanın Qırğızıstandakı səfirliyi və Qırğızıstan azərbaycanlılarının “Birlik” qurumu da dəstəkləyirdi. Qatılımçı qurumların coğrafiyası və adları da türk dünyasını kifayət qədər ifadə edirdi. Qırğızıstan-Türkiyə Manas Universiteti, Qırğız Respublikası Milli Elmlər Akademiyası, L.Qumilyov Avrasiya Milli Universiteti (Astana), Özbəkistan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Egey Universiteti, Kars Kafkas Universiteti (Türkiyə) və s. qurumların bu simpoziuma dəstək verməsi Türk dünyasının gələcəyini inşa etməsi yönündə ümidləri bir qədər də artırır. Rəsmi açılış törənində Yusif Balasaqun Universitetinin rektoru prof. Doğdurbek Çantoyev, Qırğız Respublikası Dövlət katibi Arslan Koyçiyev, TÜRKSOY Baş katibi Sultan Rayevin nümayəndəsinin, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının açılış nitqindəki mesajlar Türk dünyasının gələcək inteqrasiyasının zəruriliyini bir daha təsdiq etdi.

Konfransa Türk dünyasının müxtəlif yerlərindən dil və ədəbiyyatı əhatə edən çoxlu qatılımçılar qatılıb. Bu qatılımçılar arasında Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Türkiyə və başqa türk respublikalarından alimlər iştirak edirdi. Canlı və onlayn şəkildə keçirilən konfransa Azərbaycandan ondan çox dəyərli elm adamları qatılıb. Təkcə bunu demək kifayətdir ki, Türkiyə heyəti rəhbəri  hörmətli professor Yavuz Akpınar, Özbəkistan heyəti rəhbəri professor Maarifcan Yoldaşev, Qazaxıstan heyəti rəhbəri  professor Urzada Musabəyovanın konfransda iştirakı onun əhəmiyyətini artırmış oldu. Professor Hamlet İsaxanlının açılış nitqində Türk dünyasında Azərbaycan dili və ədəbiyyatının araşdırılması yönündə strateji istiqamətlər verildi və bu istiqamətdə konfransların davam edəcəyini bildirdi. Ümumiyyətlə, simpoziumda Türk dünyasında Azərbaycan dilinin və ədəbiyyatının araşdırılmasının problemləri, müqayisəli dilçilik sahəsindəki gəlişmələr, türk dilləri və ədəbiyyatlarının öyrənilməsində çağdaş metodlar, yenilikçi texnologiyanın rolu ilə bağlı əhatəli məruzələr dinlənildi. Deyim ki, simpoziumdakı məruzələr özünün problematikası, elmiliyi, əhatə dairəsi ilə diqqəti cəlb edirdi. Xəzər Universiteti Dillər və Ədəbiyyatlar Departamentinin müdiri dosent Dilbər Zeynalova, filologiya üzrə fəlsəfə doktorları Ülvi Babasoy, Millana Abbasova və başqalarının məruzələri yeni metodoloji meyilləri özündə əks etdirirdi.

- Maraqlıdır, sizin məruzəniz nəyə həsr olunub?

- Mənim məruzəm Məhəmməd Əsəd bəyin “Şərqdə neft və qan” əsərinə həsr olunub. Bu mövzu tamamilə yeni idi; elə onun yeniliyi də məruzəyə ilgini artırdı. Həm M.Əsəd bəyin şəxsiyyəti, həm də “Şərqdə neft və qan” əsərinin özünün təhlili olduqca böyük maraq doğurdu. Müəllif və əsərlə bağlı çoxsaylı suallar da bunu göstərdi. Universitetin müəllimi prof. Venera xanım və filologiya üzrə fəlsəfə doktoru Farizat Nurjigit müəllifə və əsərə böyük maraq göstərdilər. Vaxtilə mənimlə Türkiyədə Kars Kafkas Universitetində işləyən Farizat Nurjigit xanımla əsəri qırğız dilinə çevirmək və çap etdirmək barədə razılığa gəldik.

- Səfər barədə təəssüratlarınızı bilmək istərdik.

- Əslində, bu səfəri mən çoxdan gözləyirdim. Qırğızıstan Türk dünyasının gələnəkləri qoruduğu və yeniliyə açıq olan toplumlarından biridir. Türk dünyasının müqəddəs coğrafi-mədəni mərkəzlərindən biri hesab olunan Tanrı dağlarını yaxından görmək, onun mehini, ruzgarını hiss etmək hər bir türkün müqəddəs vəzifəsidir. Çinlilər buna Tyan-Şan deyirlər. Başqa bir adı isə Səma dağlarıdır. Bu dağın ətəyində dəniz səviyyəsindən təxminən 1700 metr hündürlükdə yerləşən İssık göl (qırğızca İsti göl) isə bir ayrı möcüzədir. Düşünürəm ki, Manas yurdunda olmaq türk ruhunu bütün varlığınla ciyərlərinə çəkmək, böyük yazıçı Çingiz Aytmatovun vətənində olmaq bir ayrı xoşbəxtlikdir. Bu mənada, Simpoziumdan sonra bu yerləri gəzmək, görmək və Qırğız xalqının vətənini, muzeylərini gəzmək imkanımız oldu. Bu səfərin bir kədərli notu da var idi. Mənim mərhum dostum Vurğun Əyyubdan xəstə olarkən nə istədiyini soruşmuş, gözləmədiyim cavabı almışdım. O, Tanrı dağlarını, İssık gölü görmək istədiyini bildirmişdi. Mən həm də bu yerləri ziyarət etməklə onun vəsiyyətini yerinə yetirmiş oldum.

Müsahibəni hazırladı:  

Gülnar Səma,

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

  • Paylaş: