Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

25.11.2026 11:28
  • A-
  • A
  • A+

Milli tariximizin yeraltı kökləri

Milli tariximizin yeraltı kökləri

Çöl tədqiqat ekspedisiyalarının mövsümi fəaliyyəti

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu fəaliyyət göstərdiyi onilliklər ərzində ölkəmizdə arxeoloji və antropoloji araşdırmalar sahəsində mühüm nailiyyətlər qazanıb. Hazırda institutun elmi-tədqiqat işlərinin müasir gündəmin tələbinə daha dolğun cavab verən səviyyədədir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunandan sonra Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılır, rəqəmsal texnologiyalar tətbiq edilir, institutun beynəlxalq əlaqələri daha da genişləndirilir. Arxeoloji tədqiqatlar, eyni zamanda, ölkəmizin turizm imkanlarının genişlənməsinə töhfə olmaq baxımından önəmlidir.

İnstitutun direktoru – tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevdən cari ekspedisiya mövsümünün əsas uğurları barədə aldığımız müsahibəni təqdim edirik.

– Fərhad müəllim, ilin əsasən əlverişli hava şəraitinə təsadüf edən son arxeoloji və antropoloji tədqiqatlarını necə səciy­yələndirərdiniz?

– Bəri başdan deyim ki, 2026-cı ilin çöl tədqiqatları mövsümi Azərbaycanın qədim tarixinin bir neçə mühüm səhifəsini yenidən oxumağa imkan verdi. Xocavənddə Azıx və Tağlar mağaralarında qədim insanların həyatına dair araşdırmalar davam etdirildi. Qəbələdə Qafqaz Albaniyasının maddi mə­dəni irsi və orta əsr şəhərinin necə müdafiə olunduğunu göstərən yeni məlumatlar əldə edildi. Bu il ilk dəfə Kəlbəcərdə Xudavəng monastırında tədqiqatlara başlanıldı.

Keşikçidağ qoruğu ərazisində Sarıyoxuş 4 saylı kurqanın tədqiqi də mövsümün diqqətçəkən işlərindəndir. Kurqandan tapılan diorit toppuz başlığı, tunc xəncər, obsidian və çaxmaqdaşı ox ucluqları qədim dəfn adətləri və həmin dövrün maddi mədəniyyəti haqqında təsəvvürümüzü zənginləşdirir. Qazıntının nəticələrinə bir sıra xarici arxeologiya və tarix platformalarının ayrıca material həsr etməsi Azərbaycan arxeoloqlarının işini daha geniş oxucu auditoriyasına çatdırdı. Həmçinin Füzulidə və İmişlidə dəmir dövrünə aid kurqan tipli qəbir abidələri, öyrənildi.

Mövsümün digər mühüm istiqaməti so­sial antropoloji çöl tədqiqatları idi. İnstitutun əməkdaşları Oğuz şəhərində və rayonun 10 kəndində, həmçinin İsmayıllı rayonu ərazisində sakinlərlə görüşüb, müsahibələr aparıb, müşahidələrini qeydə alıblar. Bu söhbətlərdə kənd həyatının son onilliklərdə necə dəyişdiyi, ailə münasibətlərinin və adətlərin necə yeniləndiyi, miqrasiyanın yerli icmaların gündəlik həyatına necə təsir etdiyi araşdırılıb. Bu materialların dəyəri ondadır ki, dəyişiklikləri həmin prosesləri yaşamış insanların öz dilindən öyrənirik. Tədqiqatlar həm də Azərbaycanın etnik rəngarəngliyini və tarixən formalaşmış tolerantlığını elmi çevrələrdə tanıdır.

Arxeologiyanın rəqəmsallaşdırılması sahəsində, xüsusilə arxeoloji irsin rəqəmsal sənədləşdirilməsində də irəliləyiş oldu. Bu il aprelin sonu və mayın əvvəllərində türkiyəli mütəxəssislərlə nəzəri təlimlər keçirildi. Avqust ayında isə türk hamkarlarla Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında keçirilən praktiki təlimlərdə əməkdaşlarımız qazıntı sahələrinin üçölçülü təsvirlərinin emalı və LİDAR vasitəsilə tapıntıların, qazıntı ərazilərinin və abidələrin 3D modellərinin hazırlanması üzərində çalışıblar. Azərbaycanda bu texnologiyala­rın məimsənilməsi üzrə təlimlər ilk dəfə keçirilib.

Qeyd edim ki, qazıntı irəlilədikcə sahənin görünüşü dəyişir. Buna görə onun ayrı-ayrı mərhələlərinin üçölçülü təsvirini saxlamaq gələcək tədqiqatçıya həmin sahəni yenidən nəzərdən keçirmək və ölçüləri yoxlamaq imkanı verir.

Yeri gəlmişkən, arxeologiya və antropologiya üzrə gənc milli kadrların yetişdirilməsi fəaliyyətimizin prioritet istiqamətlərindəndir. Bunun üçün institutun muzey-sərgi zalında 2 ildən bəri fəaliyyət göstərən muzey bələdçiliyi üzrə könüllülük proqramının gənc iştirakçılarından ibarət arxeoloji dərnək yaradılıb. Arxeoloji tədqiqatlara həm dərnək üzvləri, həm də müxtəlif universitetlərin tələbələri cəlb edilməkdədir. Həmçinin bu il Gürcüstanda müxtəlif ölkələrin gənc alim və tələbələrini bir araya gətirən beynəlxalq yay məktəbində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanı gənc arxeoloqlardan ibarət komanda təmsil edib. Türkiyədə təşkil olunan digər bir arxeoloji yay məktəbinə də institutun gənc əməkdaşları və doktorantlarından ibarət qrupumuz qatılıb.

– İnstitut beynəlxalq və yerli elmi tədbirlərdə necə təmsil olunub?

– Bu il Azərbaycan arxeoloqlarının bölgələrdə apardığı tədqiqatlar bir sıra beynəlxalq elmi müzakirələrin mövzusu oldu. Qaziantepdə keçirilən Türk Dünyası Arxeoloji Qazıntılarının Nəticələrinə dair I Beynəlxalq Toplantıda əməkdaşlarımız Qarabağın Neolit yaşayış yerlərindən, Goranboyun Tunc və İlk Dəmir dövrlərinə aid dəfn abidələrindən, Naxçıvanın orta əsr irsindən, Şamaxının Gülüstan qalasından və Səlcuq dövrü Şəmkirindən bəhs ediblər. Bu məruzələr müxtəlif ölkələrin mütəxəssislərinə Azərbaycan materialları ilə tanış olmaq və onları öz tədqiqatlarının nəticələri ilə müqayisə etmək imkanı verdi. Toplantının Azərbaycan üçün əhəmiyyətli nəticələrindən biri isə növbəti görüşün 2027-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı qərar oldu.

Cari ildə institutun apardığı tədqiqatlar bir çox ölkələrdə təşkil olunmuş nüfuzlu elmi konfrans və simpoziumlarda təqdim olundu. Bu yaxınlarda qədim Qəbələnin Səlbir yaşayış yeri ilə bağlı tədqiqatlar isə Beynəlxalq İslam Arxeoloji Konfransında sərgiləndi. Avqustda Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Arxeoloqları Assosiasiyasının 32-ci illik toplantısında Azərbaycan təmsilçilərinin iştirakı ölkənin arxeoloji irsinin və aparılan elmi-tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından böyük önəm daşıyıb.

İnstitut əməkdaşları, həmçinin Türkiyə, Qazaxıstan, Almaniya, Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak ediblər. Mən xüsusilə Macarıstanın Bugaç şəhərində düzənlənən Türk dünyasının Arxeologiya Elmi-Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) 3-cü iclasını qeyd edərdim. Belə ki, iclas türk dövlətləri arasında arxeologiya və tarixi irsin qorunması sahəsində əməkdaşlığın praktiki mərhələsinə keçilməsinə və birgə beynəlxalq layihələrin hazırlanmasına həsr olunub.

Azərbaycanda keçirilən tədbirlər arasında professor Hidayət Cəfərovun 80 illiyinə həsr olunmuş “Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” beynəlxalq konfransı xüsusi yer tutdu. Konfrans Qarabağda müxtəlif nəsil arxeoloqların apardıqları tədqiqatları bir araya gətirdi və bölgədə yeni araşdırmaların hansı istiqamətlərdə davam etdirilə biləcəyini müzakirə etmək imkanı yaratdı. Bakı Dövlət Universitetinin tarix fakültəsi ilə birgə keçirilən “Arxeologiya, etnologiya və antropologiyanın aktual məsələləri” respublika konfransı da bu sahələrin mütəxəssislərini bir araya topladı. Naxçıvanda keçirilən NASCO29 konfransında isə Azıx mağarasında aparılan beynəlxalq tədqiqatların nəticələri və tətbiq olunan üsullar gənc tədqiqatçılara təqdim olundu.

Sözsüz ki, institut əməkdaşlarının beynəlxalq elmi tədbirlərdə onlayn iştirakı daha çoxdur.

– Azərbaycanda aparılan arxeoloji tədqiqatlarda hansı ölkələrin mütəxəssisləri iştirak edirlər?

– Yadınızdadırsa, 2021-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilərimizi ziyarət edərkən Azıx mağarası önündə bu sözləri demişdi: “Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”. Onun bu arzu və tövsiyəsi artıq gerçəkləşmişdir.

2025-ci ildən etibarən Azıx mağara­sında, eləcə də Tağlar mağarasında geniş tərkibli Azərbaycan–Almaniya, Azərbaycan–Danimarka, Azərbaycan–Yaponiya beynəlxalq arxeoloji ekspedisiyaları fəaliyyət göstərməkdədirlər. Bu ekspedisiyaların tərkibində Türkiyə, Pakistan, ABŞ, Sloveniya, Norveç, Danimarka, Portuqaliya, Polşa və Yaponiyadan olan mütəxəssislər çalışırlar. Sevindirici hal budur ki, Qarabag Universiteti də Azıxda aparılan tədqiqatlarda iştirak edir. Həmin universitetin Azıxda aparılan arxeoloji tədqiqat işlərinə inteqrasiyası iki təşkilat arasında imzalanmış memoranduma əsasən təmin edilmişdir.

Gələcəkdə Qarabag Universitetindən daha çox tələbənin qazıntılarda iştirakını gözləyirik. Həmçinin eyni əməkdaşlıq Bakı Dövlət Universiteti ilə təşkil olunmuşdur. Cari ildə orta əsrlər tariximizin parlaq şəhərlərindən olan qədim Şəmkir qalanın arxeoloji qazıntılarında BDU tarix fakültəsinin tələbələri iştirak etmişdilər. Ümumiyyətlə, ali təhsil ocaqlarının ölkəmizdə aparılan arxeoloji tədqiqat işlərində iştirakı və birgə layihələr üzərində əməkdaşlığın təşkili bizim institutun əsas prioritetlərinə daxildir.

Bu il Qəbələdə Azərbaycan–Koreya, Yardımlıda Azərbaycan–ABŞ, Ağcabədidə və Ağstafada Azərbaycan–Almaniya, Füzu­lidə Azərbaycan–Koreya–İsveçrə, İmişlidə Azərbaycan–Qazaxıstan–Türkiyə–Koreya birgə ekspedisiyaları fəaliyyət göstərib. Artıq 3 ildir ki, Türkiyənin İğdır bölgəsində Türkiyə–Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır.

– Bu il hansı arxeoloji abidələr ilk dəfə qeydə alınıb və nə kimi mühüm tapıntılar üzə çıxıb?

– Bölgələrimizdə fəaliyyət göstərən ekspedisiyalarımız, demək olar ki, hər il yeni-yeni arxeoloji abidələr aşkar edib qeydə alır. Bu il əsasən yeni abidələrin qeydə alınması işğaldan azad olunmuş ərazilərlə bağlıdır. Belə ki, həmin ərazilərdə ölkəmizin tarixi keçmişinə aid müxtəlif abidələrə rast gəlinir və onların tədqiqi bu günədək bizə məlum olmayan bir çox sualların cavabının tapılmasına şərait yaradacaq. Bu baxımdan cari ildə Şuşa və ətrafında yeni arxeoloji abidələrin aşkar edilməsi və Kəlbəcərdə Qafqaz Albaniyası dövrünə aid Zar nekropolunda tədqiqatlar aparılması buna misal ola bilər.

– Arxeoloji tədqiqatlar turizmin inki­şafına necə töhfə verə bilər?

– Arxeoturizm bir sıra ölkələrdə, məsələn, Türkiyədə, Gürcüstanda, Yunanıstanda turizmin əsas istiqamətlərindən biridir. Əcnəbi ziyarətçilər nəinki arxeoloji qazıntıları birbaşa izləyə bilirlər, hətta, bu qazıntılarda iştirak da edirlər. Digər tərəfdən qədim yaşayış məskəninin və ya möhtəşəm bir abidənin ətrafında yaradılmış arxeopark və ya qədim məskənin bərpa edilmiş modeli müasir turizmin ən çox ziyarət olunan məkanlarından biridir.

Azərbaycanda hələ ki, bu sahə inkişaf etməyib. Lakin bu istiqamətlərdə ilkin layihələndirmələr var. Məsələn, Azıx mağarasında bu məsələ xüsusilə əhəmiyyətlidir. Mart ayında mağaranın infrastrukturunun inkişaf konsepsiyası hazırlanıb. Belə bir abidədə ziyarət marşrutu elə qurulmalıdır ki, insanlar mağaranın tarixini öyrənə bilsin, arxeoloji təbəqələr qorunsun və elmi iş davam etsin. Həssas sahələri muzey ekspozisiyası və üçölçülü modellər vasitəsilə də göstərmək mümkündür.

Beləliklə, Azıxı ziyarət edənlər mağaranı görməklə yanaşı, arxeoloqların orada qədim insanın izlərini necə müəyyənləşdirdiyini də anlaya bilərlər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə bu istiqamətdə çox ciddi işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin bu il oktyabr ayının 21-də “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında imzaladığı sərəncam isə gələcəkdə arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğinə geniş şərait yaradacaq.

“Xalq qəzeti”

  • Paylaş: