Faydalı mikroorqanizmlər insan sağlamlığından kənd təsərrüfatına, qida sənayesindən biotexnologiyaya qədər bir çox sahədə böyük əhəmiyyət daşıyır. Bu sahədə aparılan tədqiqatlar yeni bioloji məhsulların hazırlanmasına, ekoloji təhlükəsiz texnologiyaların inkişafına və təbii resursların qorunmasına imkan yaradır. Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Mikrobioloji Biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Könül Baxşəliyeva AZƏRTAC-a müsahibəsində yeni bakteriya və göbələk ştamlarının əldə edilməsi, onların xüsusiyyətlərinin öyrənilməsi və tətbiq imkanlarının araşdırılması istiqamətində aparılan tədqiqatlardan danışıb. Müsahibəni təqdim edirik.
- Faydalı mikroorqanizmlər insan həyatında hansı rolu oynayır?
- Faydalı mikroorqanizmlər insan sağlamlığı, qidalanması və gündəlik həyatında mühüm rol oynayır. Onlara bakteriyalar, göbələklər, mayalar və digər mikroorqanizmlər daxildir. Onlar bağırsaq mikrobiotasının əsas tərkib hissəsi olmaqla qida maddələrinin həzmində, müxtəlif vitaminlərin sintezində və immun sisteminin normal fəaliyyətinin dəstəklənməsində iştirak edirlər. Eyni zamanda, qida, tibb və heyvandarlıq sahələrində istifadə olunan müxtəlif məhsulların – bioəlavələrin, dərman preparatlarının, turş süd məhsullarının, antibiotiklərin, qida əlavələrinin, polisaxaridlərin, bioherbisidlərin və biogübrələrin hazırlanmasında mühüm mənbə hesab olunurlar. Müasir biotexnologiyanın inkişafı ilə faydalı mikroorqanizmlər əsasında istehsal olunan məhsulların çeşidi və tətbiq sahələri həm kəmiyyət, həm də keyfiyyət baxımından davamlı olaraq genişlənir. Bir sözlə, həyatımızın elə bir sahəsi yoxdur ki, orada faydalı və ya zərərli mikroorqanizmlərin fəaliyyətinin təsirinə rast gəlinməsin.
- Laboratoriyada yeni bakteriya və göbələk ştamları necə əldə edilir və öyrənilir?
- İnstitutun və laboratoriyanın tematik planına uyğun olaraq su, torpaq, bitki və digər təbii mənbələrdən nümunələr götürülür. Bu nümunələr müxtəlif iqtisadi zonaları, eləcə də ekoloji cəhətdən təmiz və ya çirklənməyə məruz qalmış biotopları əhatə edir. Toplanmış nümunələr müəyyən edilmiş qaydalara uyğun şəkildə və qısa müddətdə laboratoriyaya çatdırılır. Daha sonra müvafiq metodlardan istifadə etməklə nümunələr qidalı mühitlərə əkilir, inkubasiya mərhələsindən keçirilir və təmiz kulturalar əldə olunur. Əldə edilən mikroorqanizmlər əvvəlcə klassik, sonra isə molekulyar metodlarla identifikasiya edilir, pasportlaşdırılır və laboratoriyanın kolleksiyasına daxil edilir.
Növbəti mərhələdə laboratoriyanın elmi istiqamətlərinə uyğun olaraq həmin bakteriya və göbələk ştamlarının fizioloji-biokimyəvi, ekoloji, biotexnoloji və digər xüsusiyyətləri əməkdaşlar və doktorantlar tərəfindən ətraflı şəkildə tədqiq olunur.
- Kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar üzərində tədqiqatlar aparılırmı?
- Bəli, laboratoriyamızda bu istiqamətdə tədqiqatlar aparılır. Bu sahədə əldə etdiyimiz elmi nəticələr əsasında hazırlanmış bioloji məhsul Azərbaycanda və Estoniyada patentləşdirilib. Laboratoriya və sahə sınaqları göstərib ki, həmin məhsul kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, xəstəliklərə davamlılığının yüksəldilməsi və ekoloji cəhətdən təmiz məhsul əldə olunması baxımından perspektivlidir. Bu məhsulların bir qismi artıq istehsal səviyyəsində sınaqdan keçirilir. Hazırda laboratoriyada bioloji aktivliyə malik yeni məhsulların hazırlanması istiqamətində tədqiqatlar davam etdirilir. Araşdırmalar əsasən mikroorqanizmlər, xüsusilə göbələklər əsasında bioloji və farmakoloji aktivliyə malik müxtəlif təyinatlı – yem, qida, tibb və texniki sahələrdə istifadə oluna biləcək məhsulların əldə edilməsinə imkan verən perspektivli produsentlərin müəyyənləşdirilməsinə yönəlib.
- Laboratoriyanızda hazırda üzərində işlədiyiniz aktual layihə hansıdır?
- Laboratoriyamızda hazırda aparılan işlər yerli şəraitdə müxtəlif mənbələrdən əldə edilən, yüksək aktivliyə malik, insan və digər canlılar üçün faydalı ola biləcək, iqtisadi baxımdan səmərəli olan yeni bakteriya və göbələk ştamlarının əldə edilməsi, onların metabolitlərinin tədqiq edilməsi və tətbiq sahələrinin dəqiqləşdirilməsidir. Ən vacib iş isə bizim Mikrobioloji biotexnologiya laboratoriyasının Torpaq və su laboratoriyası ilə birgə ölkəmizin təbii ehtiyatlarının, ilk növbədə, sularının biotəhlükəsizlik prinsiplərinin hazırlanması istiqamətində aparılan tədqiqatlardır ki, bu da hər birimizi maraqlandıran məsələlərdəndir. Buraya şərti-patogen mikroorqanizmlərin yayılma səbəblərinin müəyyən edilməsi və qarşının alınması, insanları, heyvanları və ətraf mühiti qorumaq üçün tətbiq edilən qaydalar, tullantıların idarə edilməsi, nəzarət mexanizmləri və s. daxildir.
Müxbir - Tünzalə Zeyvəliyeva