Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

04.09.2026 14:32
  • A-
  • A
  • A+

Nəsimi irsinin leksik və semantik zənginliyini əks etdirən fundamental lüğətin III cildi nəşr olunub

Nəsimi irsinin leksik və semantik zənginliyini əks etdirən fundamental lüğətin III cildi nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın müəllifi olduğu “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti”nin III cildi çapdan çıxıb.

Nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktoru akademik Möhsün Nağısoylu, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Elnur Heydərovdur. Əsərin rəyçiləri filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Quliyevdir.

608 səhifədən ibarət III cild Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi şurasının 23 oktyabr 2025-ci il tarixli iclasının qərarı ilə nəşr olunub.

“Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti” İmadəddin Nəsiminin Azərbaycan türkcəsində qələmə aldığı əsərlərin leksik, semantik, terminoloji və mədəni-tarixi bazasının sistemli şəkildə öyrənilməsinə xidmət edən fundamental leksikoqrafik tədqiqatdır. Lüğətdə şairin dilində işlənmiş söz və ifadələr yalnız lüğəvi mənaları baxımından deyil, onların klassik mətn daxilində qazandığı məna çalarları, məcazi və simvolik xüsusiyyətləri, terminoloji funksiyaları nəzərə alınmaqla izah edilir.

Əsərin mühüm elmi xüsusiyyətlərindən biri Nəsimi dilinin geniş leksik-semantik sistemini üzə çıxarmasıdır. Lüğət klassik Azərbaycan ədəbi dilinin ümumişlək söz ehtiyatı ilə yanaşı, dini-fəlsəfi, təsəvvüfi, hürufi, Quran mənşəli, ədəbi-poetik və müxtəlif elm sahələrinə aid termin və anlayışların semantikasını müəyyənləşdirməyə imkan verir. Bununla yanaşı, çoxmənalılıq, məna genişlənməsi və daralması, metaforikləşmə, simvollaşma və terminləşmə kimi semantik proseslərin Nəsimi yaradıcılığındakı təzahürləri də lüğət materialında əksini tapır.

Bu baxımdan nəşr təkcə Nəsiminin dilinin öyrənilməsi üçün deyil, bütövlükdə Azərbaycan dilinin tarixi leksikologiyası, tarixi semantikası, leksikoqrafiyası, terminologiyası və klassik mətnlərin elmi şərhi üçün mühüm mənbədir. Lüğətdə təqdim olunan materiallar Azərbaycan ədəbi dilinin tarixi inkişafını, sözlərin əsrlər ərzində keçirdiyi semantik dəyişmələri və klassik Azərbaycan türkcəsinin ifadə imkanlarını izləmək üçün zəngin faktoloji baza yaradır.

Çoxcildli nəşrin I cildi 2025-ci ildə, II cildi 2026-cı ilin əvvəlində, III cildi isə 2026-cı ilin avqust ayında işıq üzü görüb. III cildin nəşri ilə Nəsiminin anadilli irsinin leksik-semantik sisteminin elmi şəkildə sənədləşdirilməsi istiqamətində aparılan genişmiqyaslı tədqiqatın növbəti mühüm mərhələsi tamamlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: